Asiya.az xəbər verir ki, mövzu ilə bağlı Moderator.az-a danışan Xalq artisti Əli Nur bu məsələyə daha həssas yanaşmaq lazım olduğunu bildirib:
“Ermənilər əslində qara millət olub, onların bir tarixi olmayıb. Amma onlar mədəniyyətə qiymət verirlər. Elə birinci dünya müharibəsində film çəkib, Amerikaya göndərmişdilər ki, türklər bizi torpaqlarımızdan didərgin ediblər. Sovetlər dövründə türklərin əleyhinə nə qədər filmlər çəkdilər. İndi II Qarabağ müharibəsində Azərbaycan ildırım surəti ilə torpaqlarını ermənilərdən xilas etdi, amma filmi ermənilər çəkdi. Əslində Azərbaycanda bu mövzu haqqında film çəkilməli idi.
Bir il keçib e, bir il. Bu bir ildə bədii, sənədli filmlər çəkilməli, tamaşalar səhnəyə qoyulmalı, əsərlər yazılamlı idi. Yaltaq, sözün əsl mənasında “dılğır” yazıçılarımız susurlar. Yerdə qalan yazıçılarımız da yazmırlar. Mən kollektivimizin yanında mədəniyyət naziri Anar Kərimova da demişəm ki, yığın bütün dramaturqları, şairləri bir yerə, II Qarabağ müharibəsinin zəfəri, tarixdə görünməyən qələbə haqqında filmlər çəkilsin, ssenarilər yazılsın, tamaşalar qoyulsun.
Amma mənim dediklərimi saya salan yoxdur. Pul yığmaq, korrupsiya ilə, xaricdə qəsr, villa tikməklə məşğuldurlar. Milyardları yığıb xaricə daşıyırlar. Amma bir film çəkmirlər, tamaşa qoymurlar. Bunları kim etməlidir? Mədəniyyətə baxan məmular nə ilə məşğuldur? Nə qədər pul yığmaq olar? Niyə bu teatrların birində zəfərdən bəhs edən bir tamaşa qoyulmur? Erməni Qarabağdan film çəkib “Oskar”-a göndərir ey. Belə olmaz e, biz çəkməliyik o filmi. Axı biz qələbə qazanmışıq. Bəyəm Azərbaycanda yazıçı, rejissor yoxdur? Müharibəni kim udub? Dünya şokdadır ki, 44 gündə 30 ildə işğal olunan torpaqlar azad olunub.
Mədəniyyətimizin sahibi yoxdur. Keçmiş mədəniyyət naziri Əbülfəz Qarayevin vaxtında korrupsiya, bu sahədə rüşvətxorluq baş alıb gedirdi. Akademik Milli Dram Teatrının təmirinə 44 milyon dollar pul ayrılmışdı, teatra heç bir milyon da xərcləmədilər. Biz teatrda çalışanda yağış yağdıqda zalı su basdı. Hanı o 44 milyon? Hansından danışasan?”