Masallıda "Nizami dünyası" musiqili ədəbi-bədii kompozisiyası təqdim edilib - FOTOLAR

Masallıda "Nizami dünyası" musiqili ədəbi-bədii kompozisiyası təqdim edilib - FOTOLAR
  • Mədəniyyət

  • Azərbaycan Respublikasında 2021-ci ilin "Nizami Gəncəvi İli" elan olunması ilə əlaqədar Masallı Regional Mədəniyyət İdarəsi tərəfindən keçirilən silsilə mədəniyyət tədbirlərinə yekun vurulub.

    Asiya.az
    xəbər verir ki, dekabrın 21-də Masallı Xalq teatrının səhnəsində sözügedən əlamətdar il çərçivəsindəki sonuncu - "Nizami dünyası" musiqili ədəbi-bədii kompozisiyası təqdim edilib. Rejissor Cəmaləddin Əliyevin quruluş verdiyi bədii kompozisiya teatrın və Masallı Dövlət Regional Kollecinin birgə əməyi ilə səhnəyə qoyulub. Dahi şair və mütəfəkkir Nizami Gəncəvinin adını daşıyan sənət ocağı - rayon Mədəniyyət Mərkəzində reallaşan təqdimatda rəsmi şəxslər, media mənsubları, mədəniyyət işçiləri, tələbələr və digər ictimaiyyət nümayəndələri iştirak edib.
    Səhnə ifalarından əvvəl Vətən naminə həyatından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.

    Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov qonaqları salamladıqdan sonra giriş nitqi ilə çıxış edib. İdarə rəisi çıxışında cari ildə dünya ədəbiyyatının görkəmli nümayəndələrindən biri, Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin yubileyi ilə əlaqədar müəssisələr tərəfindən müxtəlif mədəniyyət tədbirlərinin keçirildiyini qeyd edib. Rəis tədbirlərin şairin yubileyi münasibətilə imzalanmış müvafiq Sərəncama uyğun təşkil edildiyini bildirib, həmçinin şair-mütəfəkkirin həyat və ədəbi yaradıcılığına həsr olunmuş bədii kompozisiyaların mənəvi-tərbiyəvi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

    Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova il ərzində rayonun mədəniyyət müəssisələri tərəfindən "Nizami Gəncəvi İli" çərçivəsində həyata keçirilmiş tədbirləri yüksək qiymətləndirib. O, ümumilikdə, mədəniyyət müəssisələrinin fəaliyyətini uğurlu hesab edib, keçirilən tədbirlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb. 
    Giriş nitqlərindən sonra musiqili ədəbi-bədii kompozisiya göstərilib.

    Əvvəlcə, tələbələr dahi şairin "Söz" şeirini səsləndiriblər. Sonra teatrın aktyorlarının ifasında sənətkarın eyniadlı əsərinin motivlərinə əsasən hazırlanmış "Kərpickəsən kişinin dastanı" kompozisiyası səhnələşdirilib. Tanınmış incəsənət ustası Miriş Hüseynov "Sənsiz" romansını ifa edib. Daha sonra söz ustadının "Yenə tövbə evimi eşq xərab etmədədir" qəzəlinə bəstələnmiş musiqi əsəri sevilən sənətçilər Miriş Hüseynov, Şamo İbayevRuslan Zahidov tərəfindən duet şəklində ifa olunub. Musiqili ədəbi-bədii kompozisiya Ruslan Zahidovun ifasında "Sevgili canan" romansının səslənməsi ilə yekunlaşıb.

    Səhnə çıxışlarından sonra "Nizami Gəncəvi İli" çərçivəsində keçirilmiş mədəniyyət tədbirlərində fəal iştirak edən tələbələrə İdarənin "Təşəkkürnamə"si təqdim edilib.

    Xatırladaq ki, bədii kompozisiya Cəmaləddin Əliyev, Elsevər Əliyev, Ruslan Zahidov, Qardaşəli Bədəlov, Cavid Quliyev, prodüser Mərhəmət Lələyev və başqalarının yaxından iştirakı ilə səhnə həllini tapıb.















    PAYLAŞ:

    Oxşar xəbərlər