“Sözümüz imzamız qədər qiymətli və dəyərlidir” - İlham Əliyev

“Sözümüz imzamız qədər qiymətli və dəyərlidir” - İlham Əliyev
  • Siyasət

  • 13 yanvar 2022-ci il tarixdə  Gülüstan sarayında  Səudiyyə Ərəbistan I Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Ölkə başçımız bunu ölkəmiz üçün əlamətdar hadisə kimi qiymətləndirmişdir: “Bu stansiya Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcəkdir. Bu stansiyanın yaradılması bir daha onu göstərir ki, bərpaolunan enerji növlərinin istehsalına Azərbaycan dövləti çox böyük önəm verir “. Prezident İlham Əliyev vurğulamışdır ki,  bu stansiya Azərbaycanda bərpaolunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaqdır. Onun istehsal gücü 240 meqavatdır və təbii ki, dediyim kimi, həm ölkəmizin enerji təhlükəsizliyinə töhfə verəcək, eyni zamanda, çoxlu iş yerlərinin yaradılmasına səbəb olacaq. Həmçinin bizim təbii qaza qənaətimiz ilə bağlı planlarımızda olan məsələlər də öz həllini tapacaq. Təbii ki, ətraf mühitə mənfi təsirin azaldılması istiqamətində bu stansiyanın çox böyük əhəmiyyəti olacaqdır. Prezident demişdir: “ Bizim bərpaolunan bu böyük enerji layihəsinin icraçısı və investoru qardaş Səudiyyə Ərəbistanının şirkətidir“.  


    Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında çox sıx dostluq və qardaşlıq münasibətləri haqqında danışan Prezident İlham Əliyev demişdir:” Biz müstəqillik dövründə bu əlaqələrin inkişaf etdirilməsində fəal çalışmışıq. Mən Səudiyyə Ərəbistanı Krallığına səfərlərimi böyük məmnuniyyətlə xatırlayıram. Kral həzrətləri, Vəliəhd həzrətləri ilə keçirdiyim görüşlər bir daha bizim aramızdakı dostluq və qardaşlığın təzahürüdür. Biz bir çox sahələrdə uğurla əməkdaşlıq edirik. Təbii ki, bütün Azərbaycan xalqı Səudiyyə Ərəbistanının Azərbaycana işğal dövründə göstərdiyi siyasi dəstəkdən xəbərdardır. Səudiyyə Ərəbistanı o nadir ölkələrdəndir ki, erməni işğalına görə Ermənistanla ümumiyyətlə diplomatik əlaqələr qurmamışdır və bu, Azərbaycan xalqına, Azərbaycan dövlətinə göstərilmiş böyük mənəvi dəstəkdir və qardaşlığın əlamətidir. Azərbaycan xalqı bunu yüksək qiymətləndirir.Bizim siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Eyni zamanda, iqtisadiyyatın müxtəlif sahələrində fəal əməkdaşlıq edirik. Pandemiyaya qədər Səudiyyə Ərəbistanından gələn turistlərin sayı ildən-ilə artırdı. Ümid edirəm ki, pandemiya başa çatandan sonra biz yenə də Səudiyyə Ərəbistanının vətəndaşlarını, öz qardaşlarımızı Azərbaycanda görəcəyik “.

                

    Azərbaycanda xarici investisiyaların qorunması da ən yüksək səviyyədədir.  Azərbaycana 10 milyardlarla dollar həcmində xarici sərmayə qoyulub. dünyada hökm sürən maliyyə böhranı, eyni zamanda, pandemiya ilə bağlı iqtisadi fəallığın təbii olaraq azalması - bütün bunlar mənfi amillərdir. Amma buna baxmayaraq, qardaş ölkənin şirkəti Azərbaycana böyük həcmdə investisiya qoyuluşuna qərar verib, bu qərarı qəbul edib və bu gün biz Xızı rayonunda inşa ediləcək 240 meqavat gücündə külək elektrik stansiyasının təməlini qoyuruq. Azərbaycan müstəqillik dövründə uzun illər ərzində öz enerji təhlükəsizliyinin təmin edilməsi üçün fəal çalışıb. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, həm xam neft, həm təbii qaz, neft məhsulları və elektrik enerjisini daxili tələbatı ödəmək üçün tam istehsal edir və eyni zamanda, bu dörd məhsulu dünya bazarlarına ixrac edir.  Bu külək elektrik stansiyasının yaradılması bir çox mənalarda olduqca önəmli və əhəmiyyətli layihədir. Azərbaycanın 2030-cu ilə qədər bərpaolunan enerji mənbələri sayəsində 30 faiz elektrik enerjisinin əldə olunması məqsədinə əhəmiyyətli dərəcədə töhfə vermiş olacağıq. Digər potensial investorlar üçün də bir siqnaldır ki, onlar da vaxt itirmədən müəyyən addımlar atsınlar. Hazırda ölkəmizdə inşa ediləcək bu ən böyük bərpaolunan enerji stansiyasının açılışından sonra və bəlkə də açılışına qədər biz digər investisiya layihələrini icra etməyə başlayacağıq. O ki qaldı bu stansiyanın açılışına, ümid edirəm, çox vaxt keçmədən biz bu böyük enerji layihəsinin açılışını birlikdə qeyd edəcəyik- Prezident bu gözəl gün münasibətilə xalqımızı təbrik etmişdir.Xalqının rifahının yaxşılaşdırılması naminə böyük işlər görən ölkə başçımıza böyük uğurlar arzu edirik.

     

    Tofiq Əsgərov - Masallı RTŞ-nin əməkdaşı

    PAYLAŞ:

    Oxşar xəbərlər