"YAP Azərbaycan xalqına ən yaxın siyasi təşkilatdır" - Məşhur Məmmədov

"YAP Azərbaycan xalqına ən yaxın siyasi təşkilatdır" - Məşhur Məmmədov
  • Siyasət / Araşdırma

  • 1990-cı illər Azərbaycan üçün çox gərgin dövr idi. Siyasi gərginlik, çaxnaşma, pərakəndəlik hökm sürürdü. Belə gərgin zamanda hansısa siyasi partiyanın yaradılması və xalqı öz ətrafında birləşdirə bilməsi real görünmürdü. Bunun üçün öncə müdrik və uzaqgörən siyasətçi meydana çıxmalı idi. 
     
    Tarixi zaman yetişdi. 1992-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası yaradıldı. Bununla da Yeni Azərbaycan Partiyasının fəaliyyəti ölkədə siyasi sabitliyin təmin olunmasına xidmət etdi. 
    Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycan üçün olduqca çətin və mürəkkəb tarixi-siyasi dövrə təsadüf edir. Belə ki, 90-cı illərin əvvəllərində Azərbaycanın müstəqil və suveren bir ölkə kimi gələcəyi sual altında idi. Ermənistan Azərbaycan torpaqlarına hərbi təcavüz etmiş, ərazi bütövlüyümüz pozulmuş, torpaqlarımız işğal altına düşmüşdü. 
     
    Digər tərəfdən, ölkə daxilində gedən xoşagəlməz proseslər – siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə, iqtisadiyyatın tənəzzülü Azərbaycanın gələcəyi üçün yeni təhdidlər yaratmış, daxili böhranı dərinləşdirmişdi. Cəmiyyətdə ümidsizlik hökm sürürdü və idarəetmədə olan heç bir siyasi qüvvəyə inam qalmamışdı. 
    Amma biz müdrik liderin yürütdüyü uzaqgörən siyasət nəticəsində bütün çətinlikləri geridə qoyduq. 
    2005-ci ildən etibarən Yeni Azərbaycan Partiyası cənab Prezident İlham Əliyevin rəhbərliyi altında daha da çiçəklənir, böyük uğur və nailiyyətlərə imza atır. 
     
    Bu gün Yeni Azərbaycan Partiyası böyük bir xalq kütləsini – 760 min nəfərdən artıq vətəndaşı öz ətrafında bir yumruq kimi birləşdirib. YAP həm də gənc nəslin nümayəndələrini ətrafında birləşdirən bir siyasi partiyadır. Bu mənada, qeyd etmək lazımdır ki, bu gün cəmiyyətin inkişafında, ölkənin siyasi-ictimai həyatında gənc nəslin rolu olduqca əhəmiyyətlidir. Təsadüfi deyil ki, məhz Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişən gənc nəsil torpaqlarımızı işğalçılardan azad etdi. Əlbəttə ki, torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib, amma onların mütləq əksəriyyətini İlham Əliyevin ilk dəfə Prezident seçildiyi dövrdə – 2003-cü ildə uşaq və yeniyetmə olan vətəndaşlar təşkil edir. Onlar yetişdilər, ərazi bütövlüyümüz uğrunda canlarından keçdilər, şəhid oldular, qazi oldular, vətənpərvərlik,fədakarlıq və qəhrəmanlıq göstərərək tarixi ədaləti bərpa etdilər.
     
    Hazırda Yeni Azərbaycan Partiyası Azərbaycanda və Cənubi Qafqaz regionunda ən nüfuzlu və ən mütəşəkkil siyasi təşkilatdır. Bu partiya cəmiyyətdə aparıcı mövqe tutmasına, üzvlərinin sayına, siyasi ideya xəttinə görə hər zaman öndə getmişdir. 
     
    Ümummilli Lider Heydər Əliyevin söylədiyi kimi: “Yeni Azərbaycan Partiyası Azərbaycanın bu gününün partiyasıdır, Azərbaycanın sabahının partiyasıdır, XXI əsrin partiyasıdır, üçüncü minilliyin partiyasıdır”.
    30 ilə yaxın müddətdə zamanın çətin sınaqlarından uğurla çıxmış Yeni Azərbaycan Partiyası Azərbaycanı yeni zirvələrə aparır, ümummilli lider Heydər Əliyev siyasi irsinə sadiq qalaraq ölkəmizin dinamik  inkişafına və  cəmiyyətin  tərəqqisinə şərəflə, ləyaqətlə xidmət göstərir. Cənab Prezident İlham Əliyevin apardığı uğurlu xarici və daxili siyasət nəticəsində dövlətimiz və xalqımız regionda daha da inkişaf edir. 
     
    Hazırda YAP Azərbaycanın ən böyük siyasi təşkilatı olmaqla yanaşı, həm də öz xalqına ən yaxın siyasi təşkilatdır. 

    Məşhur Məmmədov,
    Milli Məclisin deputatı
    PAYLAŞ:

    Oxşar xəbərlər