"ARİF ƏZİZ BƏYAZ SƏNƏT EVİ"ndən ömrümüzə yazılan gözəl bir gün...

"ARİF ƏZİZ BƏYAZ SƏNƏT EVİ"ndən ömrümüzə yazılan gözəl bir gün...
  • Mədəniyyət

  • Dünyalarca məşhur xalq  rəssamımız, respublikamızın Əməkdar incəsənət xadimi, YUNESKO-nun xoş məramlı səfiri, Dünya Rəssamlıq Akademiyasının "Sülhsevər" mükafatı laureatı, Avropa Təbii Elmlər Akademiyasının "Qızıl Tac"ordeni, Azərbaycanımızın "Şöhrət" ordeni mükafatçısı və s. beynəlxalq və yerli təltiflər sahibi, professor, xalq rəssamı Arif Əziz Bəyazın dəvəti ilə onun evinin qonağı olduq, yaradıcılıgını yaxından izlədik. Arif müəllimin ata ocağında yaratdığı, sənət dünyamıza təmənnasız xidmət edən, "YUNESKO" yanında "Yeni Era" Beynəlxalq Rəssamlıq Akademiyasının Bakı bölməsi, "Arif Əziz Bəyaz Sənət Evi"nın nəinki Azərbaycandan, hətta dünyanın çox yerindən qonağı olub. 

    Arif müəllim haqqında istedadlı televiziya rejissorumuz Elnurə Kazımova tərəfindən çəkilən "Arif Əziz Bəyaz" sənədli televiziya filmindən də onun yaradıcılığı müəyyən anları ilə daha geniş tanış olmuşduq. 
    Onun çox şaxəli yaradıcılığı həmişə diqqətimizdə olub. Xüsusilə ağ rəngin və onun sintezili harmoniyasının öz əsərlərində, ruhunda ehtiva edən rəssama "Bəyaz" adını Türk sənət dünyasında veriblər. 

    Rəssamımızın əvvəlki yaradıcılığını və əsasən də yeni düşüncələri sayilan pandemiya dövründən sonra işlədiyi əvəzsiz sənət əsərləri xüsusilə "Xarı Bülbül", "Dəmir Yumruq" və s. kompozisiyalarını, zövqlə seyr etdik.
    Arif müəllimlə olan yaradıcı söhbələr bizə çox xoş oldu. Dəyərli sənətkar, yaradıcı ruhunuza işıq, qələm-rənglərinizə güc və parlaqliq, canınıza sağlıq diləyirik və, yorulmayasınız deyirik. 

    Biz müdriklik yaşında olan Sənətkarımızın sənət düşüncələrini, orta əsrlər ədəbiyyatımızın əvəzsiz tədqiqatçısı - həyat, əqidə, məslək yoldaşınız, professor Fəridə xanımın söhbətləri ilə də ədəbi dünyamıza da səyahət etdik, zövq aldıq.

    Yeni yeni yaradıcılıq uğurları arzusu ilə yeni və gözəl əsərlərinizlə möhtəşəm sərgilərdə görüşək dəyərli  Arif Əziz Bəyaz...
    Qənirə Paşayeva, 
    Milli Məclisin Mədəniyyət Komitəsinin sədri 




    PAYLAŞ:

    Oxşar xəbərlər