Asiya.az xəbər verir ki, bu fikirləri millət vəkili Məşhur Məmmədov Tia.az-a bildirib. Deputat Ermənistan hökumətinin başçısının son çıxışlarını şərh edərkən deyib ki, sülh müqaviləsinə qədər sərhədlərin dəqiqləşdirilməsi prosesi gedəcək. M.Məmmədov hesab edir ki, Paşinyan Qarabağın Azərbaycana aid olduğunu etiraf edib və erməni xalqını da bu tarixi həqiqəti qəbul etməyə çağırıb: “Onun KTMT əleyhinə ittihamları, qondarma rejim haqda söylədikləri belə qənaət formalaşdırır ki, Paşinyan reallığı artıq qəbul edir və qarşıdakı mərhələ erməni ictimai rəyini sülhə hazırlamaqdır. Əgər bunu bacararsa, bölgədə yeni bir era başlanacaq və erməni xalqı da sülh içində yaşayacaq. Azərbaycan 5 bəndlik sülh təkliflərini təqdim edib, Ermənistan müsbət yanaşıb, cənab Prezident də qeyd etdi ki, artıq bizim ərazi bütövlüyümüzü tanımağa razıdırlar.
Hesab edirəm ki, Ermənistan nə Qərb platformasından, nə Rusiyadan dəstək ala bilmədiyi üçün şərtləri qəbul etməyə məcburdur. Həmçinin Avropaya inteqrasiya istəyirlərsə, Türkiyə ilə əlaqələri yaxşılaşmalıdır. Bütün bunlar 44 günlük Vətən müharibəsindən sonra diplomatiya masasında da cənab İlham Əliyevin növbəti uğurudur və “Dəmir yumruq” diplomatiyada da öz sözünü deməkdədir”.