
Masallı rayonunda, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli mayor Anar Novruzovun xatirəsinə həsr olunmuş şahmat üzrə kişilər arasında rayon turniri keçirilir.
Asiya.az xəbər verir ki, Masallı Rayon Gənclər və İdman İdarəsinin və rayon Uşaq-Gənlər İdman-Şahmat Məktəbinin təşkilatçılığı ilə düzənlənən xatirə turniri 2020-ci il iyulun 13-dən 14-ə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olmuş mayor Anar Gülverdi oğlu Novruzovun anadan olmasının 46-cı ildönümü ərəfəsində gerçəkləşib.
Mayın 4-də Ərkivan qəsəbəsinin “Türkan” istirahət mərkəzində start götürən yarışlar 3 gün davam edəcək. İsveçrə sistemi üzrə 7 turdan ibarət turnirə 18 yaşdan yuxarı 30-a yaxın həvəskar idmançı qatılıb. Yarışların baş hakimi, idman ustalığına namizəd İsmayıl Əzizovdur.
Artıq ikinci ildir keçirilən xatirə turnirinin təşkilində məqsəd şəhidlərimizin tanıdılması və vətənpərvərlik hisslərinin gücləndirilməsidir.
Qaliblər mayın 12-də, şəhid mayorun doğum günündə Masallı Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılacaq.