Ömrünü xalqına həsr edən Ulu Öndər dövləti üçün misilsiz xidmətlər göstərdi

Ömrünü xalqına həsr edən Ulu Öndər dövləti üçün misilsiz xidmətlər göstərdi
  • Siyasət / Manşet

  • Məşhur Məmmədov,
    Millət vəkili


    10 may tarixi müasir dövlətçiliyimizin banisi, ümummilli liderimiz Heydər Əliyevin dünyaya gəldiyi gündür. Onun fiziki yoxluğundan neçə illər ötməsinə baxmayaraq, Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur, daim onu ehtiramla yad edir. Tək 10 may günü deyil, adi vaxtlarda da insanlar Fəxri xiyabana gedərək Ulu Öndərin məzarını ziyarət edir, ruhu qarşısında baş əyirlər. Ulu Öndərin hamıya örnək ömür kitabını vərəqləyəndə belə qənaətə gəlirik ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz.


    Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən söhbət açanda ilk öncə 1969-1982-ci illərə, onun Sovetlər birliyi dövründə respublikamıza rəhbərlik etdiyi vaxtlara nəzər yetirmək vacibdir. Həmin illərdə yaşamış dövlət və sənət xadimləri, təsərrüfat adamları, ziyalılar, ictimaiyyət nümayəndələri daim Ulu Öndərimizlə bağlı xatirələrində belə görkəmli şəxsiyyətlə eyni dövrdə yaşayıb fəaliyyət göstərmələrindən qürurlandıqlarını bildirir və qeyd edirlər ki, onun Azərbaycana rəhbərliyi ölkəmizin tarixində əsaslı dönüş nöqtəsi olub. O vaxta kimi Azərbaycan adlı respublika nəinki dünya, hətta ittifaq miqyasında o qədər də tanınmırdı. Halbuki respublikamız ittifaqda zəngin yerüstü, yeraltı sərvətləri ilə seçilib. Təəssüf ki, respublikamızın adı ucqar milli əyalətlərdən biri kimi çəkilirdi. Məhz 1969-cu ilin tarixi iyul plenumunda Heydər Əliyevin respublika rəhbəri təyin edilməsi ilə Azərbaycanın tarixində sürətli inkişaf dövrü başlayıb. Qısa vaxt ərzində onun təşəbbüsü ilə mühüm sənaye müəssisələri Azərbaycanın şəhərlərində inşa edilib, təsərrüfat, elm və təhsil sahələrində qətiyyətli islahatlar həyata keçirilib.


    Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevin ikinci hakimiyyət dövrü isə müstəqillik qazandığımız çox çətin və mürəkkəb illərə təsadüf edir. 1990-cı illər Azərbaycanın tarixinə ağır faciələrin yaşandığı bir dövr kimi daxil olub. Həmin vaxt Sovetlər birliyi süqut edəndə 15 ittifaq dövləti sırasında Azərbaycan yeganə ölkə oldu ki, ərazisinin 20 faizi işğal edildi, 20 mindən çox şəhid verdik, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Sovet rejiminin qəddarlığı sayəsində Azərbaycanda baş verən 20 Yanvar qırğınlarından sonra Heydər Əliyev doğulduğu Naxçıvana qayıtdı və burada xalqın iradəsi ilə Ali Məclisə rəhbərlik etməyə başladı. Məhz onun qətiyyəti və fədakarlığı sayəsində bu diyarda ölüm-itki olmadı, insanlar müdrik rəhbərin ətrafında sıx birləşərək onun timsalında xilas yolunu tapdılar.


    Ulu Öndərin dünyaya gəlişindən 99 il ötür. Təəssüf ki, ömür vəfa etmədi, qurub-yaratdığı ölkənin bugün dünya ölkələri ilə müqayisə olunduğunu, xalqa əmanət qoyduğu idarəçilik məktəbinin layiqli davamçısı cənab Prezident İlham Əliyevin diplomatik bacarığı sayəsində ölkəmizin regionda söz sahibinə çevrildiyi günləri görmədi...


    Bu gün öz Prezidentinə etimad göstərən, onun ətrafında sıx birlik nümayiş etdirən xalqımız əmindir ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir. Nə qədər ki, Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Ümummilli Lider Heydər Əliyev həmişə hörmətlə anılacaq, onun dövlətçilik məktəbi uğurla fəaliyyətini davam etdirəcək!
    PAYLAŞ:

    Oxşar xəbərlər