Gənc rəssam Ruslan Qəhrəmanovun fərdi sərgisi keçirilib - FOTOLAR

Gənc rəssam Ruslan Qəhrəmanovun fərdi sərgisi keçirilib - FOTOLAR
  • Mədəniyyət

  • Milli Məclisin Mədəniyyət Komitəsinin dəstəyi ilə istedadlı gənc rəssam Ruslan Qəhrəmanovun ilk fərdi sərgisi keçirilib.

    Asiay.az
    xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Biləsuvar Regional Mədəniyyət İdarəsinin könüllüsü, istedadlı gənc rəssam Ruslan Qəhrəmanovun "RƏNGLƏRİN NƏFƏSİ" adlı ilk fərdi sərgisinin açılış mərasimində çıxış edib. 

    Q.Paşayeva Ruslanın Biləsuvarda yaşadığını, bölgədə incəsənət mühitinin daha da canlandırılması, gənclərin sənətə marağının artması və sənət zövqünün yüksəlməsi işinə töhfələr verdiyini deyib. 

    Ruslanın müxtəlif janrlarda işlədiyini bildirən Komitə sədri, onun kömürlə qeyri-adi sənət örnəkləri yaratdığını da məmnunluqla vurğulayıb: “Ruslanın daha çox ağ-qara rənlərlə işləməsinə baxmayaraq, onun dünyası çox rəngarəngdir. Ruslan içindəki işığı ağ-qara rənglərinin gücü ilə də canlandıra bilir. Bu gün burada sərgilənən əsərlər onun könül dünyasının üfüqlərini aydın göstərir. Mən Ruslanı ilk fərdi sərgisi münasibəti ilə ürəkdən təbrik edirəm. Ruslanın ilk sərgisi satış sərgi tərzində təşkil olunub. Gənc rəssamımızı ilk fərdi sərgisində yalnız qoymayan, onun əsərlərinə tamaşa etməyə gələn və o əsərləri öz evləri, iş yerləri, habelə ölkəmizin mədəniyyət ocaqları üçün alan könül dostlarımıza, sizlərin hər birinizə təşəkkür edirəm”!

    Gənc rəssamın ilk sərgisində millət vəkili Bəhruz Məhərrəmov, ictimai fəal Vəsilə Abulova, tanınmış xeyriyyəçi Hacı Nuran Hüseynov, Xalq artisti Məleykə Əsədova, tanınmış müğənni Roza Zərgərli, Əməkdar artist Xəyyam Nisanov, qəhrəman şəhidimiz Mirağa Əliyevin ailəsi və b. çıxış edərək istedadlı gənc rəssam Ruslan Qəhrəmanovu təbrik edib, öz ürək sözlərini bölüşüblər.

    MM Mədəniyyət Komitəsinin dəstəyi ilə keçirilən sərgidə Ruslanın 50-dən çox əsəri nümayiş olunub və tam əksəriyyəti sərgi iştirakçıları tərəfindən alınıb. Q.Paşayeva sonda bir daha çıxış edərək, Ruslana dəstək duran könül dostlarına təşəkkür edib, onun uğurlarına sevindiyini, daha böyük uğurlar qazanacağına inandığını söyləyib. 

    Sonda Ruslan Qəhrəmanov təşkilatçılara, çıxışçılara, bütün iştirakçılara dərin minnətdarlığını bildirib, ilk fərdi sərgisinin sevincinin onu yeni yaradıcılqı uğurlarına həvəsləndirdiyini bildirib.
























    PAYLAŞ:

    Oxşar xəbərlər