Tribuna.Az-a danışan AĞ Partiyanın başqan müşaviri, dini mövzular üzrə araşdırmaçı- ekspert Azər Hüseynov vəziyyətin ciddiliyini çatdırıb. Onun sözlərinə görə, ümumiyyətlə, istər mərc oyunları, istər tərkibində qumar mahiyyəti daşıyan bütün oyunlar İslam dini nöqteyi-nəzərdən qadağandır. Mütəxəssis qeyd edir ki, Allah-Təala kitabında bildirir – insanlar yaxşı işlərdə yardımlaşsınlar, pis işlərdə, ictimai nifrətə səbəb olan qarşılıqlı anlaşmanı ortadan qaldıran bu cür yardımlaşmada iştirak etməsinlər. A. Hüseynov hesab edir ki, ona görə bu lotereya oyunlarının geniş yayılması, qumarın geniş vüsət alması ictimai aşınmaya gətirib çıxarır: “Hətta bu oyunlarda əvvəllər gənclər təsadüf edirdisə, artıq yaş həddi və cins kateqoriyası belə qalmayıb. Bu da Azərbaycan xalqına səciyyəvi olan mental xüsusiyyətlərin aradan qalxmasına səbəb olur. Eyni zamanda, yeni problemlər meydana çıxarır – qumar və lotereya alüdəçiliyi özü ilə birlikdə ictimai təhlükəli cinayətlərin, oğurluqların, narkomaniyanın artmasına gətirib çıxarır”.
Ekspertin fikrincə, çünki nəzarətsiz böyük kütlələrin bir yerə toplaşması onların içərisində digər qadağan edilmiş fəaliyyətlərin başlamasına səbəb olur: “Bizim dövlət dini yox, dünyəvi qaydalarla idarə olunur. Lakin həmçinin, dövlət vətəndaşın sağlamlığını, ictimai təhlükəsizliyini üzərinə götürüb. Və milli-mənəvi dəyərlərə sahib çıxılması ən üst siyasi iradə tərəfindən bəyan edilib. Ona görə bu cür oyunların genişlənməsi və yayılması hesab edirəm ki, ciddi şəkildə ictimai təhlükədir. Ölkənin ziyalıları, ictimai-siyasi, o cümlədən din xadimləri, ruhanilər bu məsələyə diqqət yetirməlidirlər. Bu cür mərc oyunları kütləviləşib insanların həyatına nüfuz etməməlidir. Üstəlik, elm və təhsilin zəifləməsinə gətirib çıxarır. Asan qazanc yolu axtarılması gənclər arasında intellektual səviyyəni ortadan qaldırır. Dinimiz və Rəbbimiz yaxşılıq etməyi, kasıblara əl tutmağı əmr edir, pis şeyləri qadağan edir, çəkinməyə çağırır”.