Ömrünün 50 ilini Azərbaycan mədəniyyətinə həsr etmiş rəssamın sərgisi keçirildi - FOTOLAR

Ömrünün 50 ilini Azərbaycan mədəniyyətinə həsr etmiş rəssamın sərgisi keçirildi - FOTOLAR
  • Mədəniyyət

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva 50 ilə yaxın Şirvanşahlar Sarayı, Qız Qalası, Atəşgah və b. dövlət qoruqlarının rəssamı olmuş Böyükxanım Dadaşovanın fərdi sərgisində çıxış edib. 

    Q.Paşayeva tanınmış rəssam və ictimai xadimə ürək sözlərini bildirib: “Siz milli mədəni irsə həssas münasibətinizlə, Azərbaycanın, Türk dünyasının məşhur tarixi simalarına, türk paşalarına həsr etdiyiniz əsərlər, bütövlükdə yaradıcı və ictimai fəaliyyətinizlə tanınır, sevilirsiz. Əsərlərinizə Tahir Salahov, Sakit Məmmədov kimi görkəmli sənətkarların dəyər verməsi də sizin yaradıcılığınıza bəslənən münasibətin ifadəsidir.  

    İki oğlunuzun Sizin sənət yolunuzu davam etdirməsi təsadüfi deyil. Övladlarınız Sizin sənətə ürəkdən bağlılığınızın, sənət sevinclərinizin ilk şahidləri olub.
    Siz qarşılaşdığınız sosial-məişət problemlərinə baxmayaraq, sənət kredonuza sadiq qalmış, bir qadın və sənətçi olaraq öz ləyaqətinizlə seçilmisiz.

    Bir daha Sizə ən xoş diləklərimizi yetirir, sənətə, milli irsin təbliği və tərənnümü işinə uzunmüddətli səmərəli xidmətlərinizə görə təşəkkür edir, möhkəm can sağlığı və yaradıcılıq sevincləri diləyirəm”!

    Sərgidə Böyükxanım Dadaşovanın yetirməsi Sahib Dadaşovun da əsərləri nümayiş olunub. 
    Sərgidə Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev,
    "UNİTY Company" təsisçisi Fikrət Əliyev, tanınmış xeyriyyəçi Hacı Nuran, Aprel şəhidi Sənan Axundovun xanımı, Bakının Nərimanov rayonundakı 45 saylı tam orta məktəbin direktoru Nəcibə Axundova, o cümlədən Bakı şəhərində fəaliyyət göstərən bir sıra digər təhsil ocaqlarının direktorları, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB sədri Arzu Bağırova və b. çıxış edərək, öz ürək sözlərini bölüşüblər. Xalq artisti Gülyanaq Məmmədova və müğənni Ayaz Qasımovun ifaları tədbirə xüsusi rəng qatıb.

    Sərgidə QHT, KİV təmsilçiləri iştirak edib.
    MM Mədəniyyət Komitəsinin mənəvi dəstəyi, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB, "NƏFƏS" İB, "UMAY - Türk dünyası Qadınlarına Dəstək" İB, "UNİTY Company"
    və "TURAN-Bakı" restoranının dəstəyi ilə keçirilən sərgidə Böyükxanım Dadaşovanın 40-dan çox əsəri nümayiş olunub və əksəriyyəti sərgi iştirakçıları tərəfindən alınıb. 
    Q.Paşayeva sonda bir daha çıxış edərək, Böyükxanım Dadaşovanın sərgisinə təşrif buyuran, əsərləri öz evlərinə, iş yerlərinə və ölkə muzeylərinə, o cümlədən işğaldan azad olunmuş ərazilərimizdə yenidən qurulacaq mədəniyyət ocaqlarına qazandıran könül dostlarına təşəkkür edib, xanım rəssamın sənət sevincini bölüşmkdən şad olduğunu söyləyib. 
    Böyükxanım Dadaşova təşkilatçılara, çıxışçılara, bütün iştirakçılara dərin minnətdarlığını bildirib.

    Qeyd edək ki, Böyükxanım Dadaşova 1948-ci ildə Bakıda doğulub, 1968-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinin (indi Azərbaycan Rəssamlıq Akademiyası nəzdindəki İncəsənət Kollecinin) Tərtibatçı rəssam fakültəsindən məzun olub. 1974-cü ildə Azərbaycan Politexnik İnstitutunu (indiki AzTU) bitirən Böyükxanım Dadaşova memar ixtisasına yiyələnib. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür, 1986-cı ildən ardıcıl olaraq respublikada təşkil olunan təsviri sənət sərgilərində fəal iştirak edir. O, əsasən natürmort və portret janrında işləməyə üstünlük verir. 

    Onun yaratdığı portretlər öz orijinallığı və canlılığı ilə insana zövq verir. Yeni üslubda araya-ərsəyə gətirdiyi təsviri sənət örnəkləri Böyükxanım Dadaşovanın peşəkarlığının, öz əsərlərini sevərək yaratmasının əyani təsdiqidir. Xalq rəssamı, Akd. Mikayıl Abdullayevin vaxtilə Böyükxanım Dadaşovanın yaradıcılığı haqqında dediyi sözlərə diqqət edək: “Rəssamlarımızın emalatxanalarına tez-tez gedirəm, Böyükxanımın da əsərləri mənə tanışdır. Əsas etibarilə portret janrında fəaliyyət göstərir və bu janrda tutarlı əl işləri, rəsmləri, etüdləri vardır. Şəxsən məni bu Azərbaycan qızının keçdiyi sənət yolu, taleyi digər bir səbəbdən də maraqlandırır. Nə yaxşı ki, hələ Məhsəti Gəncəvidən başlamış, xan qızı Natəvana kimi keçib gələn böyük sənət yolunun gözəl davamçıları vardır və onlar böyük sənət yükünü öz çiyinlərində ləyaqətlə aparırlar”.
    Böyükxanım Dadaşovanın tanınmış insanlara həsr etdiyi portretlər yalnız işlənmə texnikasına görə deyil, eyni zamanda mövzu baxımından dəyərlidir. Türk dünyasının böyük şəxsiyyətləri Atatürk və Heydər Əliyevin portretləri belə mənalı, sevilən əsərlərdəndir.
    O, türk hərb tarixinə müraciət edərək, generalların obrazlarından ibarət silsilə əsərlər işləyib.

    Böyükxanım Dadaşova bir sıra klassiklərin əsərlərinin surətini də dəqiqliklə  çıxarıb.
    2002-ci ildə Strasburqda təşkil olunmuş beynəlxalq sərgidə Böyükxanım Dadaşovanın milli üslubda sulu və yağlı boya ilə işlənmiş natürmortları nümayiş edilib. O, bu şərəfə layiq görülən ilk qadın rəssam olub. 

    Rəssamın əsərləri qardaş Türkiyədə, ABŞ, Fransa və b. ölkələrdə nümayiş olunub, tamaşaçı rəğbəti qazanıb.








    PAYLAŞ:

    Oxşar xəbərlər