15 İYUN - Böyük Qələbəyə gedən yolun başlanğıcı - ŞƏRH

15 İYUN - Böyük Qələbəyə gedən yolun başlanğıcı - ŞƏRH
  • Siyasət / Araşdırma

  • 15 iyun Milli Qurtuluş Günü ərəfəsindəyik. Artıq ikinci ildir ki, bu günü ərazi bütövlüyünü bərpa etmiş, qalib dövlət kimi qeyd edəcəyik. Düz 29 il bundan öncə, tarixin bu günü xalqımızın Ümummilli Lideri Heydər Əliyev hakimiyyətə qayıdışı ilə müstəqilliyimizi qoruyub saxladı və inkişaf etdirilməsinə nail oldu. Məhz buna görə də 15 iyun Milli Qurtuluş Günü, sadəcə, təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün əsl qurtuluş tarixidir.

    Bu yerdə 15 iyun Milli Qurtuluş Günü ilə bağlı Milli Məclisin tarixi qərarından bir məqamı demək istərdim. 15 iyun - Qurtuluş günü Azərbaycan Milli Məclisinin qərarı ilə 1997-ci ilin 27 iyununda rəsmiləşdirildi. Milli Məclisin həmin tarixi qərarında deyilir:

    "Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, “Ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi".

    Dahi Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə yeni siyasi bir dövr, yeni təfəkkür mərhələsi başlandı

    Bəli, Ulu Öndər Heydər Əliyev 15 iyunda Azərbaycana ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə ilk növbədə ölkədə sabitliyi təmin etdi, dövlətçiliyimizi parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas etdi. Bundan sonra isə müstəqil, hüquqi-demokratik dövlət quruculuğuna başlanıldı. Ölkədə milli birliyə nail olundu, iqtisadi-siyasi həyatda ciddi uğurlara imza atıldı. Milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması, cəmiyyətin demokratikləşdirilməsi insan hüquq və azadlıqlarının qorunması sahəsində səmərəli tədbirlər həyata keçirildi. Ölkəmiz vahid Avropa ailəsinə qəbul edildi. Dünyanın tanınmış neft şirkətləri ilə “Əsrin müqaviləsi” və digər kontraktlar imzalandı, bütün sahələrdə islahatlar başlandı. Azərbaycana investisiya axınının əsası qoyuldu. Müstəqil Azərbaycanın Konstitusiyası qəbul edildi. Ölkənin ali qanunvericilik orqanına, yerli idarəetmə orqanlarına beynəlxalq müşahidəçilərin iştirakı ilə azad və demokratik seçkilər keçirildi.

    Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycan xalqının müstəqilliyini məhv olmaqdan qurtardı və bu müstəqilliyi daimi, əbədi, sarsılmaz, dönməz etdi. Bütün bunlar 1993-cü il 15 iyunun tarixi nailiyyətləridir. Bəli, həmin tarix xalqımızın mübarizələrlə dolu yeni tarixinə yeni eranın başlanğıcı kimi daxil oldu. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə yeni siyasi bir dövr, yeni təfəkkür mərhələsi başlandı. Məhz bu yeni dövr Azərbaycanın XXI əsrə hüquqi, demokratik dövlət kimi daxil olmasına əsaslı təminat yaratdı.

    Prezident İlham Əliyev: “Ona zaman da qalib gələ bilmədi”

    "...Heydər Əliyev qalib idi. O, bütün döyüşlərdən qalib kimi çıxıb, heç kim ona qalib gələ bilməmişdir. Əslində, o, yeni güclə,yeni enerji ilə siyasi mübarizəyə qoşuldu, yenidən qələbə qazandı və tarixdə qalib kimi qaldı. Heç kim və heç nə ona qalib gələ bilmədi. Nə xarici düşmənlər, nə də Azərbaycanda özünü ona rəqib qismində təqdim etməyə çalışanlar, bəzi uğursuz siyasətçilər. Ona zaman da qalib gələ bilmədi!".
    Azərbaycan Prezidenti cənab İlham Əliyevin söylədiyi bu fikirlər zaman keçdikcə öz əhəmiyyətini saxlamaqdadır və saxlayacaqdır. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan dünyanın döyünən ürəyinə, mərkəzinə çevrilən bir ölkə kimi beynəlxalq aləmdə də öz qətiyyətli sözünü deməkdədir. Bir çox mötəbər beynəlxalq konfranslara, böyük miqyaslı tədbirlərə ev sahibliyi etmiş Azərbaycanın bu uğurları, məhz Ulu Öndər Heydər Əliyev yolu və bu yolun davamçısı, Qalib Lider, Azərbaycan Prezidenti İlham Əliyev cənablarıdır.

    Ulu Öndərin vəsiyyətini reallaşdıran layiqli davamçı

    Bu gün Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, müasirləşən, modernləşən dövlətinə çevrilib, möhtəşəm iqtisadi uğurlara imza atıb. Bunu tək Azərbaycan vətəndaşları yox, beynəlxalq aləm də təsdiq edir. Azərbaycana səfər edən hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Hətta bir sıra beynəlxalq ekspertlər ölkəmizdə təkcə yoxsulluğun səviyyəsinin son illərdə azalması faktoruna istinad edərək Azərbaycanı inkişaf etməkdə olan yox, inkişaf etmiş ölkələrin sırasına daxil edirlər. Ölkəmizdə gedən inkişaf həm çoxşaxəli, həm də bütün regionları əhatə edir. Bu da çox önəmli bir amildir. Yəni, inkişaf tək paytaxtla məhdudlaşmır. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən proqramlar olduqca böyük əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası misli görünməmiş sosial-iqtisadi inkişafa nail olub, regionda lider ölkə statusunu qazanıb. Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində özünəməxsus xüsusi yeri olan önəmli bir dövlətdir. Ölkəmizdə çox uğurla həyata keçirilən iqtisadi siyasətin nəticəsidir ki, dünyada tüğyan edən qlobal böhran Azərbaycana tam təsir göstərə bilmir və başqa ölkələrdən fərqli olaraq respublikamızda dinamik artım davam edir, böyük maliyyə tutumlu layihələr həyata keçirilir, investisiya qoyuluşu genişlənir, əhalinin sosial rifah halı yaxşılaşır.

    Ulu Öndər Heydər Əliyevin vəsiyyəti Dağlıq Qarabağın, Şuşanın yenidən əzəli sahibinə qaytarılması olmuşdu ki, bu tarixi missiyanı da onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən il uğurla həyata keçirdi. Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-də Şəhidlər Xiyabanından xalqa müraciətində Şuşanın azad olunması müjdəsini verərək Ulu Öndərin vəsiyyətini yerinə yetirdiyini qürurla qeyd etdi: 

    “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!".

    Ulu Öndərin 2003-cü ilin oktyabrın 13-də Azərbaycan Gənclərinin Üçüncü forumunda gənclərə müraciətində səsləndirdiyi tövsiyə və tapşırıqları da artıq reallığa çevrildi. Heydər Əliyev gənclərə səslənərək demişdi: «Bu gün Azərbaycan Respublikası öz tarixinin şərəfli və mürəkkəb bir dövrünü yaşayır.
    Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, o cümlədən işğal olunmuş torpaqlarımızın azad olunması, ölkə iqtisadiyyatının sürətlə inkişaf etdirilməsi, əhalinin sosial problemlərinin həll edilməsi, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutması yolunda görüləsi işlər hələ çoxdur. XXI əsrdə müstəqil Azərbaycanın inkişafı naminə görüləcək bu əzəmətli işlərin həyata keçirilməsinin əsas ağırlığı və məsuliyyəti isə bugünkü gənclərin üzərinə düşür. İnanıram ki, zəngin və dərin mənəviyyata sahib, vətənpərvər gəncliyi olan xalqımızın daha böyük, daha parlaq gələcəyi var. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətçiliyini yaşatmaq, onu qüdrətli etmək üçün siz, yüksək amallı Azərbaycan gəncləri daim hazır olmalısınız”.Bəli, bu gün Ümummilli Liderimizin arzuladığı bir Azərbaycan var, dövlətçilik əmin əllərdə yaşayır, Qarabağ, onun tacı Şuşa tarixi sahibinə qovuşub, doğma yurdumuza 30 ildən sonra yenidən həyat qayıdır. Ulu Öndərin bu gün ruhu şaddır ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilib, şanlı bayrağımız Qarabağ torpağında dalğalanır. Ulu Öndərimizin dediyi kimi: 

    "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur!".

    Bəli, bütün bunların əsas mənbəyi isə məhz 15 iyun tarixindən doğan reallıqlardır. Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına Qurtuluş gününü nəsib etdi, Onun yolunu, apardığı uğurlu siyasəti müdrikliklə davam etdirən Müzəffər Ali Baş Komandan, Qalib Lider İlham Əliyev isə Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.Bir sözlə, 15 iyun Milli Qurtuluş Günü - Azərbaycanın taleyini dəyişən zəfər tarixi – Qurtuluşdan Qələbəyə doğru gedən yol oldu. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək. Nə qədər Azərbaycan var, Dahi Öndər Heydər Əliyev də olacaq, Onun ideya və əməlləri yaşayacaq, bizi daim doğru yolla, irəliyə aparacaqdır.

    MƏŞHUR MƏMMƏDOV,
    Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü
    PAYLAŞ:

    Oxşar xəbərlər