“Mədəniyyət kəndlərdə” mədəniyyət-yaradıcılıq layihəsi Ərkivanda - FOTOLAR

“Mədəniyyət kəndlərdə” mədəniyyət-yaradıcılıq layihəsi Ərkivanda - FOTOLAR
  • Mədəniyyət / Manşet

  • 10 iyun 2022-ci il tarixdə Masallı Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilən “Mədəniyyət kəndlərdə” mədəniyyət-yaradıcılıq layihəsinin daha bir tədbiri reallaşıb. 

    Masallı rayonu ərazisindəki qədim və böyük yaşayış məntəqələrindən olan Ərkivan qəsəbəsində təşkil edilmiş tədbirdə Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Masallı RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abbas Abbaszadə, Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, "Asiya.az" xəbər portalının baş redaktoru Cəfər Cəfərov, mədəniyyət işçiləri, şəhid ailələri, gənclər və qəsəbə ictimaiyyəti iştirak edib. 

    Əvvəlcə Ərkivan qəsəbəsində yerləşən “Şəhidlər abidə kompleksi”nin önünə gül dəstələri qoyulub, sonra Birinci Qarabağ və 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov iştirakçıları salamlayaraq layihənin məqsədlərindən danışıb. Qəsəbə sakini Əyyar Tahirov tədbirin keçirildiyi Ərkivan qəsəbəsinin tarixi barədə qısa arayış verib. Tədbirdə çıxış edən şəhid Anar Novruzovun qardaşı Sucəddin Novruzov, şəhid Famil Əlizadənin atası Habil Əlizadə belə tədbirlərin kəndlərdə keçirilməsinin təqdirəlayiq olduğunu vurğulayaraq, təşkilatçılara minnətdarlıqlarını bildiriblər. 

    Asiya.az xəbər verir ki, rəsmi hissədən sonra Masallı rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələri tərəfindən qurulmuş sərgiyə və istedadlı gənclərin əl işlərinə baxış keçirilib. Sərgidə qədim məişət əşyaları, təsərrüfat alətləri, müxtəlif xalq sənətkarlığı sahələrinə aid nümunələr, həmçinin gənclərin rəsm və digər maraqlı əl işləri nümayiş etdirilib. Tədbir Masallı rayon Mədəniyyət Mərkəzinin incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib. Eyni zamanda, konsertdə məktəblilər tərəfindən rəqslər ifa edilib, vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib. Yeniyetmə idmançılar isə nümunəvi idman nömrələri göstəriblər. 

    Yekunda tədbirlərdə aktiv iştirak edən mədəniyyət işçiləri və məktəblilərə Masallı Regional Mədəniyyət İdarəsinin “Təşəkkürnamə”ləri təqdim edilib. Məlumat üçün bildirək ki, “Mədəniyyət kəndlərdə” mədəniyyət — yaradıcılıq layihəsi kəndlərdəki mədəniyyət müəssisələrinin fəaliyyətinin genişləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi və istedadlı gənclərin aşkar edilərək, dəstəklənməsi məqsədilə keçirilir. 

    Fotolar Elsever Əliyevə aiddir: 





















































    PAYLAŞ:

    Oxşar xəbərlər