Azərbaycanın dövlət-din münasibətləri digər ölkələrə nümunədir

Azərbaycanın dövlət-din münasibətləri digər ölkələrə nümunədir
  • Siyasət / Araşdırma

  • Azərbaycanda İslam dininə sitayiş edənlər əksəriyyət təşkil etsə də, ölkəmiz dünyəvi dövlətdir. Konstitusiyamıza görə din dövlətdən ayrıdır, dövlət idarəçiliyi və qanunvericiliyi dini prinsiplərə əsaslanmır. Amma bu, dövlətin dinə qarşı olduğu anlamına da gəlmir. Əksinə, beynəlxalq hüquq normalarına söykənən Kostitusiyamız hər bir vətəndaşın dini etiqad azadlığını tanıyır. Qanunla hər kəsə öz iradəsiylə istədiyi dini seçməyə və azad şəkildə ibadət etməyə icazə verilir, amma nəzərə alınmalı mühüm məqamlar da var. Belə ki, ölkəmizdə dini ayrı-seçkiliyi, radikalizmi və s. təbliğ edən dini icmaların və cərəyanların fəaliyyəti qadağandır.

    Azərbaycan dövləti tolarantlıq baxımından bütün dinlərə eyni şərait yaratmağa və onlara qarşı heç bir ayrı-seçkilik etməməyə çalışır. Bu, çox təqdirəlayiq bir haldır. Ölkə vətəndaşlarının əksəriyyəti müsəlmandır. Azərbaycan dövləti tərəfindən İslam dininin bayramları olan Qurban və Ramazan milli bayramlar olaraq qəbul edilib və bu bayram günləri rəsmi olaraq qeyri-iş günü elan olunub. Bundan başqa, bir neçə tarixi əhəmiyyətli məscid dövlətin maliyyə dəstəyilə bərpa olunub. Son dövrlərdə aparılan tədqiqatlar da göstərir ki, ənənəvi olaraq müsəlman olan azərbaycanlılar arasında öz dinlərini öyrənmək dinamikası artır. İnformasiyanın bol olduğu müasir dövrdə müxtəlif məqsədli məlumatların yayılması imkanının geniş olduğunu nəzərə alaraq hadisələrin inkişaf etməsinə nəzarət etmək çox vacibdir. Əks təqdirdə, cəmiyyətdə zərərli ünsürlərin formalaşması labüd olacaq.
    Azərbaycanda yalnız dini məsələlərdə deyil, hər sahədə radikallığa qarşı mübarizə aparılır. İnsanlar birgə yaşamağı öyrənməlidirlər. Hətta birgə yaşadıqları zaman da bir-birilərinin haqqına riayət etməyi də bacarmalıdırlar. İnsanlar çətin vəziyyətdə daha da çox dinə üz tuturlar. Din mənəvi ehtiyacdır.

    Dini azadlığı dəstəkləmək o demək deyil ki, dini siyasətə qatanları da qəbul etməliyik. Dinin siyasətdə istifadə olunması, alətə çevrilməsi bütün tarix boyu qanlı müharibələrə səbəb olub. Din siyasətə qarışanda mahiyyətini, eyni zamanda nüfuzunu itirir, dinin ilahiliyinə insan müdaxiləsi baş verir. Odur ki, ağıllı cəmiyyətlər dini siyasətdən kənar tutur. Belədə din insanı saflaşdıran, duruldan ilahi bir qüvvə olaraq qalır. Ümumiyyətlə, ruhanilər siyasətlə, siyasi mübarizəylə məşğul olmamalıdır, məscid neytral olmalıdır. Eyni zamanda siyasətlə məşğul olanlar, bu anlamda onu yönəldənlər də bilməlidir ki, dini azadlıq da digər azadlıq kimi qorunmalıdır.

    Azərbaycan dövlətinin yürütdüyü dini siyasəti beynəlxalq ictimaiyyət müsbət qarşılayır, digər dövlətlərə model kimi tövsiyə edir, Bu da sübut edir ki, ölkə rəhbərliyinin müəyyənləşdirdiyi dövlət-din münasibətlərini tənzimləmə üsulu özünü tam doğruldur. Bunu dini əqidəsindən asılı olmayaraq, bütün vətəndaşlarımız gündəlik həyatlarında da hiss edirlər. İşğaldan azad edilmiş ərazilərimizdə dini abidələrimizə qarşı törədilmiş vandallıq dövlət başçısı səviyyəsində bütün dünyaya çatdırıldı. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası zamanı məscidlərin və digər dini abidələrin bərpası ön plandadı. Şuşaya səfər edənləri girişdə təmir edilən Alban kilsəsi qarşılayır. Biraz içərilərə gedəndə isə Yuxarı və Aşağı Gövhər Ağa məscidlərində də aparılan təmir işlərini görmək olar.

    Bu, bir daha göstərir ki, Azərbaycan tolerant ölkədir, bütün dinlərə və dini abidələrə münasibət eynidir.
    Məşhur Məmmədov,
    Millət Vəkili


    PAYLAŞ:

    Oxşar xəbərlər