ADAU-da müasir, yoxsa keçmiş Sovet rejiminin təhsil modeli – İLGİNC ŞİKAYƏT MƏKTUBU

ADAU-da müasir, yoxsa keçmiş Sovet rejiminin təhsil modeli – İLGİNC ŞİKAYƏT MƏKTUBU
  • Sosial / Araşdırma

  • Azərbaycan Dövlət Aqrar Universitetinin bir qrup professor-müəllim heyəti Azərbaycan Respublikasının Prezidenti İLHAM ƏLİYEVƏ, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri, İNAM KƏRİMOVA və “Asiya.az” xəbər portalının baş redaktoru CƏFƏR CƏFƏROVA Azərbaycan Dövlət Aqrar Universitetin rektoru İbrahim Cəfərovun yarıtmaz fəaliyyəti, universiteti şəxsi “obyekt”i kimi idarə etməsindən bəhs edən ŞİKAYƏT məktubu göndəriblər. 

                               

    “Asiya.az” xəbər portalı müxtəlif vaxtlarda saytın elektron ünvanına daxil olan ADAU və onun rektoru İbrahim Cəfərov barədə tənqidi məqalər dərc edib. Hər dəfə də əməkdaşlarımız daxil olan şikayətlərlə bağlı universitet rəhbərliyinin mövqeyini öyrənməyə çalışsa da buna nail ola bilməmişdir.

    Bu dəfə göndərilən şikayət məktubunda isə vəziyyət fərqli təsvir edilib. Belə ki, məktubda rektorun onu tənqid edən saytlardan xəbərləri sildirdiyini, onlara pul verərək özünü təriflətdiyi bildirilir. Əslində İbrahim Cəfərovu tərifləyən saytlara biz də rast gəlmişik. Belə saytların fəaliyyət istiqaməti bizə bəllidir. 

    Yaxın günlərdə Azərbaycan Dövlət Aqrar Universitetində baş verən hadisələrlə bağlı Gəncə şəhərinə gedərək video sujet hazırlamağı düşünürük. İndi isə bizə göndərilən şikayət məktubunu olduğu kimi dərc edirik.

     

    SALAM CƏFƏR MÜƏLLİM (Red - [spoiler][/spoiler]“Asiya.az” xəbər portalının baş redaktoru Cəfər Cəfərov nəzərdə tutulur). Ümidimiz sizədir. Rektor İbrahim Cəfərov müxtəlif saytlara pul paylayıb özünü təriflədir, bizim şikayət məktublarımızı sildirir. Bunu ictimailəşdirməyinizi Sizdən xahiş edirik.

     

    Azərbaycan Respublikasının Prezidentinə və Kənd Təsərrüfatı Nazirinə müraciətin mətnini  təqdim edirik.

     

    Hər bir dövlətin gücü və qüdrəti tək onun təbii sərvətləri ilə deyil, məhz möhtərəm Prezidentimiz  cənab İlham Əliyevin qeyd etdiyi kimi,  elmi-intel­lek­tu­al potensialı, insan kapitalı ilə müəyyənləşir. İqtisadiyyatla elmin səmərəli vəhdətinə nail olmaq, innovasiya tex­no­lo­gi­ya­la­rı­nı tətbiq et­mək, elmi biliklərə əsas­la­nan yeni iqtisadi inkişaf modelini formalaşdırmaq, gənclərdə elmə marağı güc­ləndirmək bu siyasətin əsasını təşkil edir. İqtisadi in­ki­şaf modelinin for­­ma­laş­dı­rıl­masına yüksəkixtisaslı mütəxəssislərin fəaliyyəti ilə nail olmaq olar. Bunun üçün gələcək bü­töv bir savadlı, yüksək təhsilli nəslin yetişdirilməsi, formalaşdırılması vacib məsələlərdəndir. Gə­lə­cək nəslin formalaşdırılması üçün güclü maddi-texniki baza ilə yanaşı savadlı, təcrübəli pro­fes­sor-müəllim kollektivinin  olması da əsas şərtdir. Bu məqsədlə fikrimizi dahi Azərbaycan şairi, mütəfəkkir Şeyx Əli ibn Seyid Məhəmməd İmadəddin Nəsiminin ifadəsi ilə qeyd etmək istə­yirik -  “Əflatun deyir: Əgər başmaqçı kamil sənətkar olmasa dövlət  bundan o qədər də zə­rər­li olmaz, camaat pis ayaqqabı geyinər, vəssalam. Amma uşaqların müəllimləri  öz borclarını  lə­­­yaqətlə ödəməsələr, məmləkətdə cahil və yaramaz adamlardan ibarət bütöv bir nəsil peyda olar.”

     

    Bütöv bir savadlı gələcək nəsilin peyda olması üçün Universitetdə artıq yeniliklər etmək lazımdır. Bu gün Azərbaycan Dövlət Aqrar Universitetində hazırlanan mütəxəssisləri heç bir əmək bazarında qəbul etmək istəmirlər.

     

    Bir əsrə yaxın yaşı olan Universitetdə 15 il öncə islahatlara başlanılmış və hazırda da dövlət tərəfindən daim diqqət və qayğı göstərilməkdədir. Bütün bu islahatlara ADAU-nun sabiq rektoru, mərhum professor Mirdamət Sadıqovun dövründə başlanılmış, onun tərəfindən fakültələrin, ixtisasların, kafedraların və tədris binalarında laboratoriyaların struktur yerləşdirilməsi həyata keçirilmişdir. Hətta, universitetin uzunmüddətli dövrdən sonra Əsasnaməsi işlənərək təsdiq olunmuşdur. Belə ki, kafedraların adı, tədris olunan fənlər yenilənmiş və əsaslı islahatlar aparılmışdır. Həmin müddətdən artıq 10 il keçir. Bu gün nə Əsasnamə yenilənmiş, nə də kafedraların adı və labo­ra­to­ri­yaların yeri dəqiqləşdirilmişdir. Belə ki, bu gün bir çox ixtisaslar üzrə olan kafedralar  sanki, keçmiş Sovet dövrünü xatırladır. Fikir verin, bu gün universitetdə “Yerüstü nəqliyyat vasitələri və texniki servis” kafedrası fəaliyyət göstərir. Hətta bu kafedra üzrə elan verilir. Vallah, ayıbdır. Bu gün qeyd olunan ixtisaslar Nazirlər Kabinetinin ixtisas nomenklaturasından belə çıxarılmışdır (ha­zır­da bir çox universitetlərdə bu ixtisasın adı “Logistika mühəndisliyi” kimi gedir). Eləcə də “Maşın mühəndisliyi və standartlaşdırma” kafedrası. Hansı ki, standartlaşdırma ixtisası da bu gün fəaliyyət göstərmir. Sonra köhnə Sovet rejimindən qalan “Kənd təsərrüfatı texnikası” kafedrası. Bir anlığa təsəvvür edin rus dilində bu kafedra “Selxoztexnika” və ya “Kolxoztexnika” kimi səslənir. “Texniki mexanika və qrafika” da köhnədən qalmış adlardandır.  Bu gün artıq bir çox çertyoj və sxemlər Kompyuter  qrafikası  ilə həll olunur.  Bunları çox sadalamaq olar, lakin bunlara  bir dəfə M.Sadı­qovun vaxtında toxunulmuşdur. Əgər universitetin rəhbərliyində bu gün təhsil haqqında anlayış  olsa  və  yaxud təhsildə çevik reforma aparmaq qabiliyyəti olsa idi, bunlar hamısı müasir standartlara cavab verəcək formada olardı. Dünya təcrübəsində mütəxəssis  kafedralarda  ixtisaslar üzrə hazırlanmalıdır.  Buna uyğun Aqrar Universitetin əksər kafedralarının adları ixtisaslarla uzlaşmır. 

     

    Bunlarla yanaşı yeni tədris binasında yerləşən fakültə və kafedralar barəsində bildirmək istəyirik ki, elementar təhsildən başı çıxan mütəxəssis burada ixtisas, kafedra və fənlərin yerləşdirilməsini düzgün aparardı. Burada  laboratoriyalar tədris üçün yox, Universitetə  gəlib-gedən  bir çox qonaqlar və nüma­yən­dələr üçün muzey kimi göstərmək (pokazuxa) üçündür. Burada müvafiq kafedra əvvəlki binada yerləşsə də ona aid olan bir çox laboratoriyalar yeni binada formalaşmışdır və yaxud əksunə. Mühəndislik fakültəsinə aid olan maddi-texniki baza Baytarlıq təbabəti fakültəsinin həyətində tələbəyə 2-3 dəfə göstərmək üçündür. Bunun üzərində payız-qış dövründə əyani məşğələ aparmaq mümkün deyildir. Çünki burada auditoriyalar yoxdur. Mühəndislik fakültəsində isə auditoriyalarda işçi yerlər və laboratoriyalar yoxdur. Epizotologiya, mikrobiologiya və parazitologiya” kafedrasında “İnfeksion xəstəliklər” laboratoriyasının yanında pomidor-xiyar yetişdirilən istixana yerləşir. Bu da qida təhlükəsizliyi baxımından cinayətdir. Bunları sadalamaqla qurtarmaq mümkün deyildir.

     

    Lakin Universitetin rektoru İbrahim Cəfərovu heç nə maraqlandırmır, o ancaq özünə maraq göstərir. Elə bil universitetə Böyük Ticarət  Mərkəzi kimi baxır. Onun bunları edəcək qabiliyyəti və təcrübəsi yoxdur. Çünki o özünü hamıdan qabiliyyətli və ağıllı hesab edir. Kimsə ona yol göstərib, göstəriş versə, onu təhqir edər və aşağılayar. Onun amalı ancaq puldur. O Universitetdə islahatları fikirləşmək əvəzinə ancaq rüşvət və maxanasiyaları fikirləşir. Özü kimi də, tədrisin başında səriştəsiz və təcrübəsiz karyerist adamlar durur. Hazırda auksiyona qoyduğu kafedralarda Şou yaradaraq qiymət qaldırır. İndi də saxta yolla seçilmiş Aydın İsayevin qohumu maliyyə idarəsinin rəisinin vasitəçiliyi və şəhər rəhbərliyinin köməyilə 15 min manat müqabilində Ayaz Həsənovu “Yerüstü nəqliyyat vasitələri və texniki servis” kafedrasına müdir təyin edir. Aydın İsayev Ayaz Həsənovdan  rüşvəti və dərs yükünü satıb pul qazanmağın yollarını öyrəndiyi üçün onun müqabilində  Ayaz Həsənovun  kafedra müdiri seçilməsi üçün qohumu ilə birlikdə canfəşanlıq edir.  Camaləddin Məmmədov  da artıq özünü  “Texniki  mexanika və qrafika” kafedrasının müdiri kimi aparır. 


    Aydındır ki, İbrahim Cəfərovun bu kimi işlərdən vaxtı yoxdur ki, Universitet­də əsaslı islahatlar aparsın. Tədrisin rəhbəri  də ancaq ona pul yığmaq və Facebook-da “ilin rektoru” olmaq üçün səs yığmaqla məşğuldur. 

     

    İndi isə rektor müxtəlif adamlara pul verib özünü saytlarda təriflətməklə, onun haqqında universitet əməkdaşlarının yazdıqları şikayət məktublarını təkzib etdirməklə məşğuldur.

     

    Odur ki, bu gün Azərbaycan Dövlət Aqrar Universiteti müasir təhsil sistemindən demək olar ki, tamamilə geri qalır və keçmiş Sovet rejiminin təhsilini xatırladır.

     

    Biz ölkə rəhbəri  hörmətli  Prezidentimizdən və Kənd Təsərrüfatı Nazirimizdən xahiş edirik ki, təcili tədbir görəsiniz. Cənab Prezident, biz Sizin apardığınız islahatlara, diqqət və qayğıya hörmətsizliyi qəbul edə bilmirik. Bu gün buraxılacaq kadr siyasəti üzrə səhvliklər bu Universiteti məhvə aparır. Tezliklə nəticə və böyük ümidlər gözləyirik.

                                                           Hörmətlə,

                                                           Azərbaycan Dövlət Aqrar Universitetinin 

                                                           bir qrup professor-müəllim heyəti adından

                                                          prof.  Əhməd Adil oğlu Ramazanov

                                                          prof.  Nurəddin Əli oğlu Vəliyev

                                                          dosent Həcər Musa qızı Mehdixanlı

                                                          dosent Asəf Rza oğlu İslamov

                                                          dosent Zakir Əhməd oğlu Əliyev

                                                          müəllim Ramil Yəhyayev”

    Asiya.az olaraq xəbərdə adı keçən hər kəsin söz haqqını tanıyırıq.

    PAYLAŞ:

    Oxşar xəbərlər