Milli ordu günü - Anar İsgəndərov yazır

Milli ordu günü - Anar İsgəndərov yazır
  • Siyasət / Araşdırma

  • Müstəqil Azərbaycan xanlıqları XIX əsrin ilk 30 ilində çar Rusiyası tərəfindən işğal olundu.Xanlıqların orduları ləğv olundu, silah-sursatları isə müsadirə edildi.Çar üsul-idarəsi XIX əsrin 70- ci illərində müsəlmanların, o cümlədən azərbaycanlı əhalinin hərbi xidmətə çağırılmasını dayandırdı, hərhi xidmət hərbi mükəlləfiyyətlə əvəz olundu.
       
    Fevral burjua inqilabından sonra Cənubi Qafqazda acınacaqlı bir mənzərə üzə çıxdı.Rus ordusunun tərkibində kifayət qədər erməni və gürcü əsgər və zabiti xidmət etdiyi  halda,azərbaycanlılar haqqında bunu demək mümkün deyildi.
       
    Azərbaycanın milli-demokratik qüvvələri Kerenskinin rəhbərlik etdiyi Müvəqqəti hokumətə milli qoşun hissələrinin yaradınmasına icazə verilməsi ilə bağlı  müraciətlər etsə də Hökumət bu işi 1917-ci ilin sentyabrın sonuna kimi ləngitdi.
     
    1917-ci ilin iyulunda Gəncədə Müsəlman  Milli Komitəsinin koməyi ilə 150 nəfər gəncə hərbi işin vərdişlərinin öyrədilməsinə başlandı. Gəncə ilə yanaşı milli qüvvələrin təşkili Lənkəranda da həyata keçirilməyə  başladı.Bakıda bu işə başlamaq mümkün olmadı.Çunki Şaumyanın rəhbərlik  etdiyi Bakı Soveti qüvvələri Erməni Milli Şurası və Daşnaksutun partiyası  ilə birləşərək milli qüvvələrin yaradılmasına imkan vermirdi.
         
    1917-ci ilin dekabrında Zaqafqaziya Komissarlığının qərarı ilə Müsəlman Korpusu yaradıldı. Korpusun komandiri general-leytenant Əliağa Şıxlınski təyin olundu.Müsəlman Korpusunun qərərgahı Tiflisdə yerləşirdi.
    Milli qoşun hissələrinin təşkilində və təchizində Milli burjuaziyanın nümayəndələri H.Z.Tağıyev,M.Nağıyev və başqaları yaxından iştirak edirdi.
     
    Müsəlman milli hissələrinin yaradılması işində  qarşıya çoxlu çətinliklər çıxırdı.Ən böyük çətinlik kadr və səfərbərlik məsələsi idi.Azərbaycanlı zabitlərin olmaması məsələni xeyli çətinləşdirirdi.Korpusun zabitlərinin əksəriyyətini ruslar təşkil edirdi.Məsələnin qismən həll edilməsi üçün Bakıda kadet məktəbində müsəlman ictimai təşkilatlarının təşəbbüsü ilə milli zabit kadrlarının hazırlanmasına başlanıldı.
       
    Müsəlman Milli Korpusunda general-leytenant Ə.Şıxlınski ilə yanaşı general Talışınski, general Mençukov, polkovnik S.Əfəndiyev, polkovnik Tlexas, polkovnik Qaytabaşı, polkovnik Əmənulla Mirzə Qacar, polkovnik Hacıbəyli kimi zabitlər qulluq edirdilər.
       
    1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurasının üzvləri Müsəlman Şərqində ilk Cümhuriyyətin yaradılmasını elan etdilər. Gəncəyə köçən hökumət iyunun 26-da Müsəlman Korpusunun Əlahiddə  Azərbaycan Korpusu adlandırılması haqqında qərar verdi. Beləliklə, Milli Azərbaycan ordusu təşkil edildi.
         
    1918-ci il iyunun 4-də Azərbaycan hökuməti ilə Osmanlı dövləti arasında Batum müqaviləsi imzalandı.Müqavilənin 4-cü bəndinə uyğun olaraq Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz-İslam Ordusu Azərbaycanın köməyinə gəldi.Milli ordu hissələri ilə Qafqaz-İslam Ordusu ümumi düşmənə qarşı vahid qüvvə şəklində birləşməyə müvəffəq oldular. Gəncədən başlanan mücadilədə Türk-Azərbaycan qoşunları ilə Bakı Soveti qüvvələri arasında həlledici döyüş Qaraməryəm ətrafında baş verdi.Dörd gün davam edən döyüş Milli qüvvələrin qələbəsi ilə başa çatdı.Düşmən qüvvələri Şamaxı,Ağsu,Kürdəmir və Salyandan çıxarıldı. Sentyabrın 15-də Bakı düşmən qüvvələrindən azad edildi.Milli Hökumıt Gəncədən Bakıya köçdü.Beləliklə, Bakı öz tarixində  ilk dəfə olaraq bütün Azərbaycanın paytaxtına çevrildi.
       
    Ordu quruculuğu böyük çətinliklərlə üz-üzə idi. Gənclər hərbi xidmətin mahiyyətini dərk etməkdə çətinlik çəkirdilər.Gənclər arasında vətənpərvərlik ruhunda təbliğatın aparılmasına ehtiyac var idi. Orduya çağırılan əsgər kazarma həyatına öyrəşə bilmirdi.Fərarilik adi hal almışdı. Silah və sursat yox dərəcəsində idi. 1918-ci ilin sonlarında  ingilis jurnalisti Karl Liddel yazır ki, Bakıda kazarmada tərcüməçinin köməyi ilə əsgəri  danışdırmaq istədim.Kövrələn əsgər doğulduğu kəndi üçün darıxdığını dilə gətirdi. K, Liddel yazır ki, 1919-cu ilin aprelində həmin kazarmada başqa mənzərənin şahidi  oldum.Əsgərlər hərbi marşı əzbərləməklə məşğul idilər.Soruşanda ki, məqsədin nədir? Əsgər fikirləşmədən: Qarabağı düşməndən azad etmək. Başa düşdüm ki, Azərbaycan əsgəri yavaş-yavaş döyüşən orduya çevrilir.
           
    Milli ordu hissələri Bakını və Qarabağı düşmən qüvvələrindən təmizlədikdən sonra sırada Lənkəran dayanırdı.Hələ 1918-ci ilin avqustunda bu bölgə ilə heç bir əlaqəsi olmayan millətçi rus zabitləri Molokan qiyamını həyata keçirdilər.Ona görə də Azərbaycan ordusunun qarşısında duran əsas məsələ bu bölgədə qiyamı yatıraraq Milli hökumətin idarəçiliyinin bərpa edilməsinə nail olmaq idi. Qiyamçıların  qurudan və dənizdən hərtərəfli yardım almasına  baxmayaraq, 1919-cu ilin avqustunda düşmən darmadağın edildi, bölgədə əmin-amanılq bərpa olundu.
     
    Erməni təcavüzünə qarşı mübarizədə Azərbaycan ordusu böyük qəhrəmanlıqlar göstərə bildi.Qısa müddət ərzində Qarabağda ermənilərin pozuculuq fəaliyyətinə son qoyan milli ordu hissələri 1919-cu ilin avqustunda erməniləri Azərbaycan idarəçiliyini qəbul etməyə məcbur etdilər.
       
    1918-1920-ci illərdə fəaliyyət göstərən Cümhuriyyətin ən uğurlu işlərindən biri Milli Ordu quruculuğu olmuşdur. Qısa zaman kəsiyində 40 minlik bir ordunun yaradılması böyük siyasi hadisə idi.
    20-ci ilin aprel işğalı Cümhuriyyətin əldə  etdiyi bütün uğurları ləğv etdi.Ən böyük zərbə Milli ordu hissələrinə vuruldu.
         
    1939-1945-ci illər II dünya müharibəsi illərində milli Azərbaycan diviziyaları təşkil edildi. Bu diviziyaların faşizmə qarşı qəhrəmanlığı haqqında yüzlərlə əsərlər yazılıb. Bir sözlə,  tarix boyu Azərbaycan əsgəri öz şərəfli adını ləyaqətlə qoruya bilmişdir.
       
    1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdikdən sonra milli ordu quruculuğu əsas məsələyə çevrildi.Düşmən havadarlarının gücündən istifadə edərək Azərbaycan torpaqlarının 20 faizini işğal etdi. Erməni işğalı ilə barışmayan Azərbaycan xalqı hər cür alçaldıcı razılaşmalardan imtina etdi. Azərbaycan öz tarixi torpaqlanı işğaldan azad etmək üçün Vətən müharibəsinə başladı. 44 günlük müharibədə qazandığımız qələbə Azərbaycan ordusunun nəyə qadir olduğunu bütün dünyaya bəyan etdi.Ali Baş Komandan İlham Əliyevin dediyi kimi 17 illik hakimiyyətim dövründə Azərbaycan əsgəti üçün əlimdən gələni etdim.Bu müharibənin qəhrəmanı Ali Baş Komandan və onun yetişdirdiyi Azərbaycan əsgəridir.

    Bu gün güclü bir Azərbaycan dövləti var.Bu gün güclü Azərbaycan ordusu var. Bu ordu hər cür müasir silahla təchiz olunub. Bu ordu  Il Qarabağ müharibəsində öz tarixi torpaqlarını azad edərkən üç min şəhid verdi. Bu ordu xalqımızı qalib xalqa,Vətənimizi qalib ölkəyə çevirdi.2020-ci ilin 44 günlük Vətən Müharibəsindən sonra  Azərbaycan xalqı qalib əsgəri ilə öyünür, onun qəhrəmanlığı ilə fəxr edir.Şanlı Azərbaycan əsgəri öz zəfəri ilə 26 iyun gününü qaliblərin bayramına çevirdi.

    Yaşasın, Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!
    Anar İsgəndərov,
    Professor, millət vəkili
    PAYLAŞ:

    Oxşar xəbərlər