Bu gün bölgələrimizin sürətli inkişafı üçün bütün imkanlar mövcuddur

Bu gün bölgələrimizin sürətli inkişafı üçün bütün imkanlar mövcuddur
  • Cəmiyyət

  • Dövlətimizin başçısı cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu. Həmçinin bu tezisi irəli sürdü ki, neft kapitalı insan kapitalına çevrilməlidir. Regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramının qəbulu bölgələrin inkişafında yeni mərhələnin əsasını qoydu. Hər bir proqramın uğurlu icrası növbəti sənədlərin təsdiqlənməsinə geniş imkanlar açır. 2004-cü ildə birinci Dövlət Proqramının qəbulu ilə davam etdirilən inkişafın Azərbaycan modelinin ölkəmizə qazandırdığı uğurlar bugünkü reallıqlarımızdır. Hazırda 4-cü Dövlət Proqramının icrası digər sənədlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsinə və yeni prioritetlərin müəyyənləşdirilməsinə əsaslanır. 

     

    Hər bir Dövlət Proqramında ayrı-ayrı bölgələrin inkişafına dair tədbirlər planı və icra mexanizmi öz əksini tapıb. Diqqət çəkən əsas məqam budur ki, dövlətimizin başçısı İlham Əliyev mütəmadi olaraq regionlara səfərlər edir, Dövlət Proqramından irəli gələn vəzifələrin icrası ilə yaxından tanış olur, problemləri ictimaiyyətin öz dilindən eşidir və onların icrası istiqamətində mühüm tapşırıqlar verir. Prezident İlham Əliyevin rayonlara yeni təyin edilmiş icra hakimiyyəti başçıları ilə görüşlər keçirməsi və onlara tapşırıqlarını verməsi də ölkənin hərtərəfli inkişafında əsas rol oynayan regionların tərəqqisi ilə yanaşı, vətəndaş amilinə verilən yüksək dəyəri nümayiş etdirir. Dövlət proqramları ilə yanaşı, rayon icra hakimiyyəti başçılarının da təşəbbüslərinin olması, onların həyata keçirilməsi istiqamətində biri-birindən əhəmiyyətli addımların atılması rayonların dayanıqlı inkişafına öz müsbət təsirini göstərir. Bu baxımdan ki, hər bir rayon özünəməxsus iqtisadi potensiala, turizm imkanlarına malikdir. 

     

    Bu gün bölgələrimizin sürətli inkişafı üçün bütün imkanlar mövcuddur. Azərbaycanın hər bir bölgəsi zəngin potensiala malikdir, onlardan səmərəli istifadə etmək üçün zəruri addımlar atılır. Prezident İlham Əliyevin bölgələrə hər səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Prezident İlham Əliyevin həmin səfərlərindən sonra rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Planı təsdiqlənir, ehtiyat fondundan böyük məbləğdə vəsaitlər ayrılır. 

     

    Əhalinin məşgulluğunun təmin edilməsi, sosial müdafiəsinin gücləndirilməsi əsas hədəflərdəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bölgələrdə yaradılan şərait, infrastruktur layihələrinin uğurlu icrası sahibkarlığın inkişafına geniş imkanlar açır. Dövlətin sahibkarlığın inkişafına diqqət və qayğısı sistemli xarakter daşıyır. Ölkəmizdə sabitliyin, normal biznes mühitinin mövcudluğu investisiya cəlbediciliyinin qorunmasında əsas amildir. Regionların inkişafını qeyri-neft sektorunun inkişafı kimi dəyərləndirən Prezident İlham Əliyevin uğurlu və düşünülmüş siyasəti nəticəsində ölkəmizdə böyük sahibkarlar sinfi yaranıb. Sahibkarlara güzəştli kreditlərin verilməsi, həmçinin müraciətlərində süründürməçilik hallarının baş verməməsi üçün elektron xidmətlərin tətbiqi və sair kimi biri-birindən mühüm addımlar bugünkü inkişafın əsasını təşkil edir. Həmçinin bölgələrimizdə “ASAN xidmət”, DOST mərkəzləri fəaliyyət göstərir ki, bunlar hər bir xidmətin yüksək səviyyədə təşkilində əhəmiyyətli rol oynayırlar. 

     

    Bazar iqtisadiyyatının aparıcı qüvvəsi kimi sahibkarlığın inkişafı bütün dövrlərdə aktualdır. Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə cari ilin 6 ayının yekunlarına həsr olunmuş müşavirədə də sahibkarlığın, qeyri-neft sektorunun inkişafının bundan sonra da prioritet olacağını bildirdi. Ölkə başçısı cənab İlham Əliyevin əsas tələblərindən və Azərbaycan dövlətinin sosial siyasətinin prioritet hədəflərindən biri də şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına xüsusi qayğının göstərilməsidir. Onların sosial məsələlərinin həlli qarşıda duran ən mühüm vəzifə kimi dayanır. Hər zaman bu çağırış səsləndirilir ki, dövlətlə yanaşı, hər bir vətəndaş, dövlət məmuru şəhid ailələrinə, qazilərə diqqət və qayğı göstərməlidir. Onların qanı, canı bahasına 30 illik işğala son qoyulub, torpaqlarımız öz tarixi sahibinə qayıdıb. Azərbaycan dövləti tərəfindən şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir çox tədbirlər həyata keçirilmiş, qanunlar qəbul edilmiş, sərəncamlar imzalanmışdır.  

     

    Bu gün görülən bütün işlər dövlətin həyata keçirdiyi siyasətin təqdimatıdır. “Güclü dövlət, yüksək rifah” prinsipi daim həyata keçirilən siyasətin əsasında dayanır. Prezident İlham Əliyevin idarəçilik sisteminin zamanın tələblərinə uyğun təkmilləşdirilməsi gələcəyə daha böyük inamla addımlamağa, yeni-yeni hədəflərin müəyyənləşdirilməsinə əsas verir.

     

    Əliağa Mustafayev,

    “Azərpoçt” MMC-nin Salyan Poçt filialının direktoru

    PAYLAŞ:

    Oxşar xəbərlər