Türkiyənin tarixinin ən önəmli günlərindən biri - Zəfər bayramıdır

Türkiyənin tarixinin ən önəmli günlərindən biri - Zəfər bayramıdır
  • Manşet / Cəmiyyət

  • Bu gün qardaş Türkiyənin tarixinin ən önəmli günlərindən biri - Zəfər bayramıdır. 100 il bundan öncə, 30 avqust 1922-ci ildə Türk ordusu Mustafa Kamal Paşanın Baş Komandanlığı ilə Qurtuluş savaşının taleyini həll edəcək Zəfər qazanaraq, Anadolunun güney-batısını yunan işğalından azad edib.
    Türkiyəni 30 avqust Zəfərinə və ardınca Cümhuriyyətin elanına, dünyada tanıdılmasına aparan yol çox çətin olub. 1920-ci ilin avqustunda I Dünya müharibəsində ağır məğlubiyyətə uğrayan Osmanlı Türkiyəsi Paris yaxınlığındakı Sevr şəhərində o vaxtkı müttəfiq  dövlətlər - Britaniya, Fransa və ABŞ tərəfindən masaya qoyulan təslimçi sazişə imza atmalı olmuşdu. Həmin sazişə görə, Osmanlı imperatorluğu 1914-cü ilə qədər olan ərazilərinin dörddə üçünü, o cümlədən indiki Türkiyə Cümhuriyyətinin böyük bir hissəsini itirmiş olurdu.

    Mustafa Kamal Paşanın başçılığı ilə Qurtuluş savaşına qalxan Türk xalqı rəsmi İstanbulun imzaladığı təslimçi sazişi qəti etirazla qarşıladı, Ankarada toplanan Türkiyə Böyük Millət Məclisi onu təsdiqləməkdən birmənalı şəkildə imtina etdi. Amma Türk millətinin iradəsini və Türk dövlətçiliyinin varlığını dünyaya və müttəfiq  dövlətlərə (Britaniya, Fransa, ABŞ) qəbul etdirmək üçün hərb meydanında parlaq Zəfər lazım idi!.. 1921-ci ildə önəmli qələbə ilə başa çatan Sakarya Meydan Savaşı Türk ordusunun əzmini, Türk xalqının iradəsini nümayiş etdirmişdi və əslində, 1922-ci ilin avqustundakı “Böyük Hücum” (“Böyük Taarruz”) Zəfərinin təməli də Sakarya Meydan Savaşında qoyulmuşdu.

    1922-ci il avqustun 26-da sübh tezdən türk qoşunları Baş Komandan Mustafa Kamal Paşanın əmri ilə işğalçı düşmən üzərinə hücuma keçdi. 30 avqustda işğalçı yunan qoşunları artıq dirəniş qabiliyyətini itirmişdi. Əskişəhir və Afyonu tamamilə azad edən Türk hərbi birlikləri yunan qoşunlarını bütün cəbhə boyunca qovaraq sentyabrın 6-7-də Balıkəsir və Aydını da azad etdi, sentyabrın 9-da isə yunanların müdafiə xəttini yararaq İzmirə daxil oldu.

    İki həftə içində Türk ordusu 100 km. enində cəbhə boyunca 500-600 km. irəliləmiş, yunan qoşunlarının qalıqları Aralıq dənizinə çataraq gəmilərlə bölgəni tərk etməyə başlamışdı. Bu Zəfər uğruna 13 min mehmetcik canını fəda etmişdi...

    Zəfər bayramı ilk dəfə 1923-cü il avqustun 30-da Afyonqarahisar, Ankara və İzmirdə qeyd edilib. Rəsmi olaraq Zəfər bayramı 1936-cı ilin may ayında elan olunub.

    30 avqust Zəfəri Türk xalqının və qardaş Türkiyənin tarixində yeni altun səhifə açdı. Bu Zəfər sayəsində bədnam Sevr sazişi haqq etdiyi yerə -tarixin zibilliyinə atıldı. İrəlidə bütün Vətən torpağında suverenliyi bərpa etmək missiyası dururdu. Bir il sonra, 28 oktyabr 1923-cü ildə Mustafa Kamal Paşa bu tarixi sözləri dedi: “Əfəndilər, yarın Cümhuriyyəti elan edəcəyiz”!
     
    Zəfərin qutlu olsun, əziz Türkiyə!
     
    Bu il tarixi Zəfərin, gələn il Cümhuriyyətin 100-cü ildönümünü bayram edən qardaşlarımıza eşq olsun!

    Qənirə Paşayeva, 
    Milli Məclisin Mədəniyyət Komitəsinin sədri 
    PAYLAŞ:

    Oxşar xəbərlər