31 il öncənin 3 sentyabrı – TARİXİ GÜN

31 il öncənin 3 sentyabrı – TARİXİ GÜN
  • Cəmiyyət

  • 3 sentyabr 1991-ci ildə Ümummilli lider Heydər Əliyev
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilib
     
    O illərə bir nəzər
     
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 17 noyabr 1990-cı il tarixdə yeni tərkibdə keçirilən ilk sessiyası deputatların israrlı istəyi nəticəsində Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə öz işinə başlamışdı. Sessiyada gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, yalnız Muxtar Respublikanın deyil, ümumən Azərbaycanın suverenliyinə, müstəqilliyinə hesablanmışdı. Azərbaycanın rəhbəri və Sovet İttifaqının rəhbərlərindən biri olmuş, beynəlxalq aləmdə yaxşı tanınan görkəmli dövlət və siyasət xadimi Heydər Əliyev Muxtar Respublikada da hadisələrə böyük tablodan baxır, böyük düşünür, ümummilli qurtuluşun, Müstəqil Azərbaycanın milli dövlətçilik quruculuğunun təməllərini atırdı... O, özünün zəngin təcrübəsinə və Naxçıvanda daim yaşadılan qədim Azərbaycan dövlətçilik ənənələrinə əsaslanaraq hərəkət edirdi...
    Görkəmli dövlət və siyasət xadiminin doğma diyardan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi böyük təcrübəyə malik olan qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməsinə meydan açmış oldu. Bu, milli dövlətçiliyə yeni nəfəs gətirdi.
     
    Naxçıvanda tarixi qərar
     
    Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli müqəddəs Dövlət bayrağı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 17 noyabr 1990-cı ildə keçirilən sessiyasında Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edildi. Muxtar Respublikanın Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. 05 fevral 1991-ci ildə həmin vəsatətə baxıldı və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək, onu yenidən Dövlət bayrağı elan etdi. Ümummilli lider özü sonralar bu tarixi hadisə haqqında deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”.
     
    Nəhayət, 03 sentyabr 1991-ci ildə Muxtar Respublika Ali Məclisinin fövqəladə sessiyası Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının xalq deputatı Heydər Əliyevi yekdilliklə sədr seçdi. Fövqəladə sessiyaya yığışan deputatların və iclas zalının qarşısına toplaşan minlərlə vətəncanlı insanın qəlbinin səsi ilə Ümummilli liderin Ali Məclisin Sədri seçilməsi Azərbaycanın yeni tarixində, müstəqillik yolunda, sözün müsbət anlamında, elə məhz fövqəladə hadisəydi: “Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim... Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”.  – Tarixi şəxsiyyətin öz sözləri o dönəmi, o hadisəni çox yaxşı ifadə edir.
     
    ***
    Heydər Əliyevin fəaliyyəti, onun siyasi iradəsi ilə qəbul olunmuş önəmli qərarlar müstəqillik tariximizin altun səhifələrindəndir. İlk növbədə, blokadaya salınmış, Ermənistan silahlı qüvvələrinin təhdidində olan, respublikanın digər bölgələri ilə yalnız hava yolu və başqa ölkənin ərazisi vasitəsi ilə əlaqəsi olan Naxçıvanın xilası, dirçəlişi Ümummilli liderin adı ilə sıx bağlıdır. Heydər Əliyevin həm keçmiş SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və bu kimi digər istiqamətlərdə tarixi önəm daşıyan böyük işlər görülüb. Ümummilli liderin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri əvəzsizdir. Heydər Əliyevin ölkə və xalq qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası, möhkəmləndirilməsi və bununla da ölkənin siyasi tarixində yeni bir mərhələnin başlanmasıdır. Heç kəsə sirr deyil ki, 1990-cı ildə respublikamız olduqca çətin durumdaydı. Sovet İttifaqının dayaqlarının sarsıldığı bir dönəmdə, İttifaq miqyasında baş alıb gedən hərc-mərclik ittifaqı təşkil edən respublikaların, o cümlədən Azərbaycanın daxili həyatına da ciddi şəkildə nüfuz edirdi. Həmin dönəmdə Naxçıvanın blokada ortamında olması, sosial-iqtisadi əlaqələrin pozulması, üstəlik, o vaxtkı mərkəzi hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanda həyatı daha da çətinləşdirirdi. Yalnız 1991-ci il sentyabrın 3-də Muxtar Respublika Ali Məclisinin Sədri seçilən Ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyəti və titanik səyləri sayəsində Naxçıvanda sabitlik təmin edildi, sosial-iqtisadi durum yaxşılaşdırıldı.

    O vaxt I Qarabağ müharibəsinin şiddətlənməyə başlaması, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin çox qıt olduğu, sosial-iqtisadi durumun kəskinləşməkdə davam etməsi fonunda, Ali Məclisin Sədri seçilən Ümummilli liderin gördüyü tədbirlər, həyata keçirdiyi islahatlar sayəsində Naxçıvanda həmrəylik və sabitliyi təmin etmək mümkün oldu. Bunlar isə öz növbəsində dirçəlişi şərtləndirdi.
    Heydər Əliyevin Muxtar Respublika Ali Məclisinin Sədri seçilməsi çağdaş Azərbaycanın dövlətçilik tarixinin altun səhifələrindən birini təşkil edir. Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda sosial-iqtisadi durumun yaxşılaşdırılması və inkişafa nail olunması üçün önəmli tədbirlər görüldü. Aqrar islahatlar gerçəkləşdirildi, infrastrukturun inkişafı yönündə xüsusi işlər aparıldı.
    Blokada ortamında olan Muxtar Respublikada ictimai-siyasi sabitliyin və tərəqqinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, inkişafı yönündə önəmli addımlar atıldı. Qardaş Türkiyə və İranla qarşılıqlı işbirliyinə, tərəfdaşlığa əsaslanan ilk rəsmi təmasların qurulması, əlbəttə, daha önəmliydi. Böyük dövlət və siyasət xadimi bu işləri böyük başarı ilə həyata keçirdi.
    Ümummilli liderin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyərkən Dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi, bu planda praktik addımlar atması da unudulmaz hadisələrdəndir. Milli ideyalara sədaqət nümayiş etdirən Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 16 dekabr 1991-ci idə “31 Dekabr – Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi tariximiz üçün xüsusi önəm daşıyır. Artıq neçə illərdir, hər təqvim ilinin son günü ölkəmizdə və dünyanın dörd tərəfində yaşayan soydaşlarımız, həmvətənlərimiz tərəfindən Həmrəylik Günü olaraq bayram edilir.

    03 sentyabr 1991-ci ildə qəbul edilmiş tarixi qərardan bizi 31 il ayırır. O illərin, hadisələrin mahiyyətini, Ümummilli liderin düşüncə miqyasının, Vətənə, xalqa sədaqətinin böyüklüyünü getdikcə daha dərindən idrak edirik. Bu əlamətdar ildönümündə Ümummilli liderimizi dərin ehtiramla anır, müstəqil dövlətçiliyimizin çiçəklənməsi yolunda dövlətimizə, dövlət başçımız Müzəffər Ali Baş Komandan İlham Əliyevə yeni uğurlar diləyirik!
    DÖVLƏTİMİZ VAR OLSUN!
    Qənirə Paşayeva, 
    Milli Məclisin Mədəniyyət Komitəsinin sədri. 
    PAYLAŞ:

    Oxşar xəbərlər