Yamaq - (Hekayə)

Yamaq - (Hekayə)
  • Cəmiyyət

  • AĞALAR İDRİSOĞLU
    Məmmədəlinin həyat yoldaşı Yasəmən il yarım idi ki, haqq dünyasına qovuşmuşdu. Bu bir il yarım Məmmədəli üçün elə bil cəhənnəm əzabı kimi keçmişdi. Ev onunçün cansıxıcı keçdiyinə və hər yerdə Yasəməni gördüyünə görə, çalışırdıki, evdə çox az olsun. Vaxtının çoxunu dostları ilə keçirirdi. Altımış beş yaşı təzə tamam olduğuna görə artıq işdən də çıxmışdı. O, böyük bir tikinti şirkətinin baş mühəndisi işləmişdi. Yasəmən öləndən sonra birinci ili işdə olduğundan başı qarışırdı və evə yalnız axşam gəlirdi. Amma indi... Artıq altı ay idi ki, işdən çıxdığından bu altı ay ona elə bir il kimi görünürdü...
    Məmmədəlinin uç övladı vardı. Hər üçü ailəli idi. Üçü də xarici ölkələrdə yaşayırdılar. Məmləkətdə özlərinə iş tapa bilmədiyindən cəlayi-vətən olmuşdular. Oğlu Almaniyada, qızlarından biri Türkiyədə, o biri isə Rusiyada yaşayırdı. Dediklərinə görə dolanışıqları pis deyildi. Yaşadığı yerdə də böyük hörmət sahibi idilər. Amma necə olsa qərib ölkədə yaşayırdılar. “Qərib quşun da Vətəni olmaz”,- deyib atalar. Elə bu da Məmmədəlini çox sıxırdı. Övladları yanında olsaydı, heç olmasa o, nəvələri ilə vaxtını keçirər, başını qatardı. Övladları da ona həyan olardı. Yeməyini bişirib, paltarını yuyardılar. Qohumları da rayonda yaşadığından Məmmədəli şəhərdə tək idi. Bax, bütün bunlar ona böyük əzab verirdi. Qohumları, dostları da ona tənə edirdilər ki, evlənsin. Yoxsa belə tək yaşaya bilməyəcək... O, artıq başa düşürdü ki, həyat yoldaşı ölən kişişlər, hansılar ki, ailəyə bağlıdırlar, həqiqətən də yetim olurlar. Övladları da artıq ona tənə edirdilər ki, ya gəlib onlarla yaşasın, ya da halal süd əmmiş bir qadınla evlənsin. Amma Məmmədəli təsəvvür eləyə bilmirdi ki, Yasəmən kimi halal süd əmmişi və ona sadiq qadını haradan tapsın? Yasəmən həqiqətən də mələk xislətli insan idi. Özü də həmişə deyirdi ki, “Allah məni səndən tez öldürsün. Yoxsa səndən sonra mənim başıma hava gələr. Dərddən, ürəyim partlayar”. Elə bil Böyük Yaradan onu eşitdi... Altımış yaşında ürək çatışmazlığından bir göz qırpımında haqq dünyasına qovuşdu...
    İl yarım idi ki, Məmmədəlinin iki təskinliyi vardı. Birinci o, həftənin ən azı üç-dörd gününü Yasəmənin qəbrinin üstünə gedib, iki-üç saat onun xəyalı ilə söhbət edirdi. Bir də onlar ailə qurmalarının 40 illiyi münasibətilə Yasəmənin lap cavanlıq illərindən arzuladığı çox yaraşıqlı Çex istehsalı olan bir vaza alıb gətirmişdi. Və bu vazanın üstünə toy günləri çəkilən şəkili, uşaqları ilə şəkillərini və 40 illik münasibətilə çəkilən bir şəkili həkk etdirmişdi. Yasəmən də bu vazanı dünyada ən əziz və müqəddəs hədiyyə kimi qəbul eləmişdi.
    Yasəmən haqq dünyasına qovuşandan sonra Məmmədəli bu vazanı, Yasəmənlə toy günləri, uşaqları ilə bir yerdə və 40 illik münasibətilə çəkilən şəkilləri də böyüdüb çərçivəyə saldırmışdı. Evə girəndə sağ tərəfdə divarda həmin şəkilləri asmış və onların qarşısında balaca bir masanın üstündə həmin vazanı qoymuşdu. Vazanın içərisinə isə ayrı-ayrı rənglərdə 40 ədəd süni qızıl gül yerləşdirmişdi. Güllərin ayrı-ayrı rəngdə olması onların ağlı-qaralı, xoş və məşəqqətli keçən həyatlarının rəmzi mənasını daşıyırdı. Ən maraqlısı isə Məmmədəli şəkillərin altından bir çərçivənin içində ağ rəngdə parçanın üzərinə rəssam fırçası ilə, qarışıq rənglərlə cavanlıq illərində müdrik bir ağssaqqaldan eşitdiyi bu sözləri yazmışdı: “Çox düşünmə, insan! Ömür üç gündür... Birinci gün ərk edirsən. İkinci gün dərk edirsən. Üçüncü gün tərk edirsən”. Bu künc bir növ evdə ən müqəddəs yer sayılırdı. Artıq həmin şəkillər, vaza, güllər Məmmədəlini evə daha çox bağlayırdı. Evə girən hər kəsin nəzərləri, baxışı həmin yerdə olurdu. Ümumiyyətlə, bu evə gələn hər bir adamın gördüyü ilk yer, məhz bura olurdu. Məmmədəli evə girən kimi, başı ilə şəkilləri salamlayır və gəlib vazanın yanında telefon üçün divara vurulan balaca taxtanın yanındakı stulda otururdu. Beləcə o, 40 illik ailə həyatının ağrılı-acılı illərini kino lenti kimi gözlərinin qarşısından keçirirdi. Son vaxtlar o, çox kövrək olmuşdu və tez-tez kövrəlirdi... Hiss olunurdu ki, böyük depressiya keçirir.
    Bir gün Məmmədəlinin ana əvəzi olan bacısı Mətanət ona zəng vurdu ki, rayondan onu görməyə gəlir, evdə olsun. Amma gəlişinin məqsədini demədi. Mətanətin isə məqsədi nəyin bahasına olursa-olsun Məmmədəlini evləndirmək idi. Uşaqları da bibilərinə zəng vurub, bunu ondan xahiş etmişdilər. Hamı bilirdi ki, Məmmədəli ana əvəzi olan böyük bacısının sözündən çıxan deyil. Çünki Məmmədəlinin böyük bacısı ondan on yaş, kiçik bacısı Sevildən on iki yaş böyük idi. Onların anaları Bənövşə cavan yaşında haqq dünyasına qovuşanda, Mətanət bir növ onlara analıq etmişdi. Ataları da daha ailə qurmamışdı. Mətanət öz əmisi oğlu ilə ailə qurandan sonra bir həyətdə yaşadıqlarından, əli bir növ onların üstündə olmuşdu. Ataları Məmmədhəsən 80 il yaşasa da ikinci dəfə ailə həyatı qurmamışdı. O, ikinci ailəni “yamaq” adlandırırdı.
    Mətanət artıq hazırlıqlı gəlirdi. Belə ki, o,qardaşına alacaq qadın da tapmışdı. Bu qadın 55 yaşlarında olan Fəramuş xanım idi. Fəramuş Bakıda kollecdə fransız dili müəlliməsi idi. Pedaqoji elmlər namizədi dərəcəsi də vardı. Özü də çox yaraşıqlı xanım idi. Fəramuş onlarla bir kənddən idi. Hələ bir az da onlarla uzaq qohumluqları da çatırdı. O, bu il yayı kəndə gəlmişdi. Mətanət də onu kənddə bir qohumunun evində görmüşdü. Fəramuşdan xoşu gəlmişdi. Öyrənmişdi ki, subaydır. Cəmi altı ayın gəlini olub. Ərindən boşanandan sonra ailə həyatı qurmayıb. Taleyini dərs deməyə və elmə həsr eləyib. Çox qılıqlı qadın olan Mətanət Fəramuşla tez dil tapmışdı. Qardaşı Məmmədəlinin şəklini ona göstərmişdi. Çox yaraşıqlı kişi olan, uca boylu, nazik bığ saxlayan Məmmədəli yaşından cavan görünürdü. O, müsbət qəhrəman rolları oynayan Türk kino aktyorlarına oxşayırdı. Saçları qara idi. Yalnız gicgahları bir az ağarmışdı. Məmmədəli ilk baxışdan Fəramuşun xoşuna gəlmişdi.
    ... Bacı-qardaş çox mehriban görüşdülər. Yasəmənin ilindən sonra Mətanət qardaşı ilə gəlib görüşə bilməmişdi. Məmmədəli də bu yay rayona gedib bacıları ilə görüşməmişdi. Məmmədəli Məlahət gələnə qədər yeməkxanadan yemək alıb gətirmişdi. Bacı-qardaş bir yerdə çörək yedilər.
    -Ay qardaş, ölənlə ölmək olmaz. Allah Yasəmənə rəhmət eləsin. Yaxşı xanım idi. Səni də çox sevirdi. İndi onun dünyasını dəyişməsindən bir il yarım keçir. Sən nə vaxta qədər subay gəzəcəksən,- deyə Mətanət bir ana kimi qardaşına tənəli baxdı.
    - Nə bilim... Yəqin ölənə kimi.
    -Ölsün səni istəməyənlər. Yəqin Yasəmən də torpağın altında narahatdır ki, sən il yarımdır subay gəzirsən. Onu da bilirəm ki, sən lap cavanlıqdan gözü dağınıq olmayıbsan. Bu il yarımda da yəqin ki, bir qaraltın yoxdur.
    -Əlbəttə, yoxdur. Mən Yasəməni başqa qadına necə dəyişə bilərəm?!
    -Axı belə sən özünü çürüdə bilərsən. Hər gün gəlib bu şəkilin qarşısında oturmaqla, özünü qəbr evinə yaxınlaşdırırsan. Eşitmişəm ki, axır vaxtlar ürəyində də bəzi problemlər yaranıb...
    -Hə. Yaranıb.
    -İndi Allah eləməmiş gecə ürəyin tutdu, evdə də heç kim yox. Sonra necə olacaq?
    -Həkim də onu deyir...
    -Gördün? Deməli, sənə hökmən bir qulaq yoldaşı lazımdı. Mən elə bu məqsədlə bura gəlmişəm. Uşaqların da mənə yalvarıb-yaxarıblar ki, sən mənim sözümdən çıxmazsan. Bizim kənddən bir yaraşıqlı xanım var. Bakıda kollecdə müəllimə işləyir,- deyə o, çantasından Fəramuşun şəklini çıxarıb stolun üstünə qoydu. Bu yay kənddə idi. Çox söhbət elədik. Hətta mən onu evimizə də dəvət eləmişdim. Sənin bizim evin divarında olan şəkillərini və mənə telefonda göndərdiyin şəkilləri ona göstərdim. Sən onun çox xoşuna gəldin. Hədsiz mədəni, savadlı, tərbiyəli qadındır. Sən də savadlı adamsan. Deməli, sənə də özünə bab bir qadın olmalıdır. Bu qadını əldən buraxmaq olmaz. Bax, bir suyu da anamız Bənəövşəyə oxşayır.
    Məmmədəli şəkilə diqqətlə baxdı. Doğrudan da Fəramuş gözəl qadın idi.
    -Axı mən evlənmək istəmirəm.
    -İstəyirsən ki, bir neçə aya sənin də ölüm xəbərini eşidək,-deyə Mətanət doluxsundu. Uşaqların da, biz bacıların da sənə görə çox xiffət eləyirik. Sən öləndən sonra elə biz də sənin ardınca bir neşə günə qəbirisatana gedəcəyik...
    Mətanət hönkürtü ilə ağladı. Məmmədəli də doluxsundu. Bir müddət sükut yarandı. Mətanət hiss elədi ki, Məmmədəli yumşalıb.
    -Mən gələndə yolda Fəramuşla danışmışam ki, sabah qardaşımla sizə gələcəyik. O da razılıq verib.
    -Elə bu qaçhaçaqda sabah hökmən onlara getmək lazımdı?
    -Mən də rayona qayıtmalıyam. Əmin oğlu da xəstədi. Cavanlığını gedib Rusiyada matişkələrlə keyf çəkdi, indi qocalığı, xəstə vəziyyəti mənim payıma düşüb... Mal-qaraya da baxmaq gəlin üçün çətindi. Bir də atalar deyib ki, bu günün işini sabaha saxlamazlar. Sabah gördün ki, səndən qoçaq biri çıxıb, Fəramuşu aldı. Sonra necə olacaq? Bu gün tərbiyəli, ağıllı subay qadın tapmaq çox çətindi.
    Beləliklə, onlar razılığa gəldilər və səhəri gün saat 12 radələrində Fəramuş gilə getdilər. Fəramuşun yaşadığı evlə Məmmədəlinin yaşadığı evin arasında taksi ilə yarım saatlıq yol idi. Məmmədəli yaxşı bazarlıq eləmişdi.
    Qapını Fəramuş açanda çox yaxşı ətir iyi Mətanəti və Məmmədəlini bihuş elədi. O, çox zövqlə geyinmişdi. Əynindəki mavi rəngli paltar ona çox yaraşıq verirdi. Onun mələk siması bir andaca adamı özünə cəlb eləyirdi. Elə Məmmədəlidə də ilk baxışdan ona qarşı bir doğmalıq yarandı.
    -Xoş gəlmişsiniz. Ay aman, bu nə bazarlıqdı siz edibsiniz? Bunlar mənimçün bir ayın yeməkləridir. Vallah, evdə hər şey var.
    -Mənim qardaşım lap cavanlıqdan belədi. Hara qonaq gedibsə, belə əli dolu gedib. Bu onun şakəridi. Kəndə, bizə gələndə də yalan olmasın bir maşın şey gətirir.
    -Köhnə kişilərdəndi də,- deyə Fəramuş gülümsündü. Bu gülüş ona çox yaraşırdı. Mənim atam rəhmətlik də belə idi. Anam həmişə buna görə onunla dalaşırdı və deyirdi: “Evə də belə bazarlıq elə də”. O da zarafata salıb deyirdi: “Mən ev kişisi yox, çöl kişisəyəm”.
    Bu sözlərdən hər üçü güldülər. Evə keçdilər. Fəramuşun mənzili iki otaqlı idi. Burada zövqlə təzə təmir işi görülmüşdü.
    Tikinti mühəndisi ixtisaslı, yaxşı memar və rəssamlıq qabiliyyəti olan Məmmədəlinin bu təmir çox xoşuna gəldi.
    -Yaxşı təmir ediblər.
    -Bu təmirin iş icraçısı, memarı mən özüm olmuşam. Ustaların başı üstündə durmuşam, nə demişəm onu da eləyiblər.
    -Zövqünüz yaxşıdır, -deyə Məmmədəli ona baxdı.
    -Məndə lap cavanlıqdan orta məxrəc yoxdur. Ya yaxşı, ya da pis. Çalışıram ki, hər işi mükəmməl görüm. Doktorluq elmi işim üç ildir hazırdır. Hələ də müdafiə eləməyə tələsmirəm. Sizi yaman söhbətə tutdum. Xahiş edirəm, əyləşin. Artıq günorta yeməyinin vaxtıdır. Bir qismət çörək kəsəcəyik. Məlahət xanım da süfrəni bəzəməyə mənə köməklik eləyəcək.
    -Mətbəxdən dadlı yemək iyi gəlir,-deyə Mətanət də gülümsündü. Elə mən də acmışam.
    Xanimlar mətbəxə keçdilər. Mətanət him-cimlə qardaşı Məmmədəli haqqında Fəramuşun fikrini öyrənmək istədi. Fəramuş da öz razılığını bildirdi.
    Tezliklə süfrə hazır oldu. Fəramuş bir neçə növ yemək bişirmişdi. Hərəsindən də az-az. Onun bişirdiyi yeməklər çox dadlı idi. Məmmədəli il yarım idi belə dadlı yeməklər yeməməişdi. Ona görə dedi:
    -Açığı çox dadlı yeməklər bişiribsiniz. Xoşuma gəldi.
    -Boş yerə deməyiblər ki, kişinin məhəbbəti mədəsindən keçir,-deyə Fəramuş gülümsündü.
    Onlar üç-dörd saat söhbət etdilər. Bu söhbətlər həm Məmmədəlinin və həm də Fəramuşun xoşuna gəldi. Sonda belə qərara gəldilər ki, on beş gündən sonra kiçik yığıncaq etsinlər. Çünki Məmmədəlinin oğlu və qızları da bu yığıncaqda iştirak etməliydi. Amma bu on beş gündə Məmmədəli ilə Fəramuş bir neçə dəfə görüşdülər. Bir qismət çörək kəsdilər. Maraqlı söhbət etdilər. Hətta kinofilmlərə də gedib baxdılar. Artıq aralarında yaxın münasibət yarandı... Məmmədəli istəyirdi ki, onlar nikah qeydiyyatına gedib, qanuni ər-arvad olsunlar. Amma Fəramuş təklif etmişdi ki, nikaha getməyə tələsmək lazım deyil. Çünki o, Avropa təbiətli olduğuna görə deyirdi ki, “biz yetkin insanlarıq. Bir müddət yaşayaq və görək bir-birimizi tam başa düşürük, ya yox, sonra gedib qeydiyyatdan keçərik”. Məmmədəli də onunla razılaşmışdı.
    Beləliklə, on beş gündən sonra Məmmədəli ilə Fəramuş xanımın toyu oldu. Bu məclisə otuz nəfər ən yaxın adamlar dəvət olunmuşdu.
    Məmmədəlinin övladlarının Fəramuş xanım çox xoşlarına gəlmişdi. Eləcə də Fəramuş xanımın qohumlarının da Məmmədəli xoşlarına gəlmişdi.
    Fəramuş xanım Məmmədəlinin evinə gələndə ilk günlər onun arvadı Yasəmənin şəklinin qarşısında oturmasını adi hal kimi qəbul etsə də, sonra günlər keçdikcə onda bir qısqanclıq hissləri baş qaldırırdı. Çünki Məmmədəlinin bəzən iki saat orada sakit oturub, harasa uzaqlara baxması və bəzən də kövrəlməsi artıq Fəramuşun əsəblərinə təsir edirdi. Hətta elə olurdu ki, Məmmədəli o yatan otağa gəlməyib, elə o biri otaqda divanın üstündə yatırdı. Bununla bağlı Fəramuş dəfələrlə Məmmədəliyə öz incikliyini bildirsə də Məmmədəli başını aşağı salıb belə deyirdi:
    -Hələ ki, özümlə mübarizə aparmaqda acizəm. Yəqin ki, tezliklə keçib gedəcək...
    -Mən təklif edirəm ki, gəl bu şəkilləri və vazanı buradan götürək. Yəqin ki, sonra Yasəmən yavaş-yavaş sənin yadından çıxar.
    -Sən nə danışırsan? İstəyirsən ki, mənim elə birdən-birə ürəyim partlasın? Bunu eləmək olmaz.
    -Axı belə də olmaz. Biz təzə ailə qurmuşuq. Mən də səndən diqqət, qayğı, sevgi görmək istəyirəm. Biz harasa yeməkxanaya, gəzməyə gedəndə sən başqa adam olursan. Evə girən kimi, elə bil səni kimsə dəyişdirir. Qaradinməz olursan və ən azı iki saat stulda oturub, harasa uzaqlara baxırsan. Bu da məni çox yorur. Artıq hər ikimiz yetkin yaşındayıq. Ömrümüzün sonuna elə də çox qalmayıb. Bəlkə elə mən də sabah-biri gün həyata əlvida dedim. Sonra nə olacaq?
    -İnanmıram ki, Allah məni ikinci dəfə yarıyolda qoysun.
    -Bunu Allah yox, sən özün-özünü ikinci dəfə yarı yolda qoymaq istəyirsən... Deyəsən buna da çatacaqsan,-deyə Fəramuş doluxsunub ondan uzaqlaşmışdı. Hətta onunla bir neçə gün də danışmamışdı.
    Artıq altı ay idi ki, Məmmədəli ilə Fəramuş xanım evli idilər. Amma qeydiyyata getməmişdilər. Qohumlar isə onların artıq qanuni ər-arvad olduqlarını fikirləşirdilər.
    Bu gün Fəramuş xanımın ad günü idi. Əlli beş yaşı tamam olurdu. Ömrün qoşa beşinə qədəm qoymuşdu Fəramuş xanım. Onlar bu ad gününü restoranda keçirirdilər. Bura Fəramuş xanımın iş yoldaşları, rəfiqələri, Məmmədəlinin də dostları gəlmişdi. Ad günü çox yaxşı keçdi. Fəramuş xanımın iş yoldaşları və rəfiqələri belə bir yaraşıqlı, ağıllı, savadlı kişi ilə ailə qurduğuna görə ürəklərində onu qısqandılar da. Ad günün bütün xərcini Məmmədəli özü çəkmişdi. Çünki yaxşı memar-rəssam olduğuna görə tez-tez tikinti təşkilatlarından ona müraciət edirdilər. Gördüyü işin müqabilində ona yaxşı pul verirdilər. Ad günü şənliyi düz dörd saat çəkdi. Onlar çox şən evə gəldilər. Fəramuş xanım 150 qram konyak içmişdi. O, içki içən deyildi. Bu konyak ona təsir eləmişdi. Bir az sərxoş görünürdü. Həkimlər icazə verməsələr də Məmmədəli də 200 qram araq içmişdi. Fəramuş xanım vanna otağına gedib, yuyunandan sonra Məmmədəlini yataq otağına aparmaq istədi. Amma Məmmədəli evə girəndə Yasəmənlə evliliklərinin 40 illiyi yubileylərini qeyd edəndən sonra evə gəlmələri yadına düşdü. Onlar da bax, beləcə evə xoş əhval ruhiyyə ilə gəlmişdilər. Məmmədəli birdən-birə kövrəldi. Ümumiyyətlə o, spirtli içkiyə alüdə deyildi. İçki içəndə isə həyatının ağır illəri yadına düşürdü və həmişə kövrəlirdi. O, heç paltarını da soyunmayıb, stulda oturdu. Fəravuş onu dəfələrlə yataq otağına dəvət eləsə də Məmmədəli stuldan durmağa tələsmirdi. Bu da elə bil ki, Fəramuşun bir qadın kimi heysiyyatına təsir elədi və yerindən durub Məmmədəliyə yaxınlaşdı.
    -Bu nə oyundu çıxarırsan,- deyə sərt nəzərlə ona baxdı.
    -Nə oyun çıxarıram?
    -Belə çıxır ki, mən bu evdə yoxam.
    -Niyə ki...
    -Bəs onda niyə yataq otağına gəlmirsən?
    -Heç nəyə həvəsim yoxdur...
    -Evi qəbiristanlığa çevirməyin bəs deyil, hələ deyirsən ki, heç nəyə həvəsim yoxdur? Yekə kişisən, özünü baxça uşağı kimi aparırsan. Sənin ağlın yerindədi? Gərək mən bu vazanı, şəkilləri sındırım ki, sonra sən sakitləşəsən?
    -Nə dedin?
    -Nə eşitdin onu da dedim. Sən hələ məni yaxşı tanımırsan.
    Bu sözlərdən sonra elə bil ki, birdən-birə Fəramuşun beyni çöndü və əli ilə vazanı möhkəm vurub yerə saldı. Vaza çilik-çilik oldu. Məmmədəlini birdən-birə elə bil ki, cərəyan vurdu. Fəramuş xanımın isə əsəbiliyi dəlilik həddinə çatdı.
    -Bunu gözləyirdin?! Saqqallı uşaq. Sənin yataqda elə bir kişiliyin də yoxdur. Yasəmən sənin nəyini sevirmiş. İmpotent...
    O, əsəbi paltarlarını geyindi. Evindən gətirdiyi paltarlarını və bu gün ona ad günündə verilən hədiyyələri əsəbi çemodana yığıb Məmmədəlinin evinin açarını qapının ağzındakı ayaqqabıları yığan yerə atdı.
    -Buyur, bu sənin evinin açarı, bu sən, bu də sənin sevimli arvadın Yasəmən,-deyə söyə-söyə mənzildən çıxdı. Pilləkənlərdən onu səsi eşidilirdi. Arvad sevən olub mənimçün. Tüpürüm sənin kimi kişiyə. Cındır oğlu, cındır.
    Fəramuş əsəbləşəndə, hirsini cilovlaya bilmirdi. Ərindən ayrılandan sonra da o, əsəbləşmişdi. Gedib üç aylıq uşağı da götürtmüşdü. O, bundan sonra bir neçə kişi ilə yaşasa da daha uşağı olmamışdı.
    Məmmədəli eli bil ki, oturduğu stula mıxlanmışdı. Bir anda nə baş verdiyini yadına salmaq istəyirdi, amma bacarmadı. Birdən-birə onu soyuq tər basdı. Kürəyindən, sol tərəfdən bir yanğı hiss elədi. Başa düşdü ki, ürəyində problem yaranıb. Cabir həkim ona tapşırmışdı ki, belə bir şey hiss eləsən əvvəlcə dilini altına bir müalicəvi dərman qoy və yerinə uzan. O, cibindən dərmanı çıxarıb, dilinin altına qoydu. Amma kürəyinin ağrısı azalmadı. Tez digər dərmanı çıxardıb, dilinin altına qoydu. Ağrı yenə də keçmədi. Ayağa durub yataq otağına keçmək istədi. Bacarmadı. Hiss elədi ki, yerə yıxılacaq və yenidən tez stulda oturdu. Sonra tez telefonla Təcili Yardıma zəng vurdu və infarkt keçirdiyini bildirdi. Həm də dedi ki, qapı açıqdır. Məmmədəlinin bəxtindən Təcili Yardım maşını tez gəldi. Amma həmin vaxt Məmmədəli çox halsız vəziyyətdə idi. Hiss edirdi ki, huşunu itirir. Evə girən həkimlər onu stulun üstündə çox pis vəziyyətdə gördülər. Köməkləşib onu yatağa uzatdılar. Cəld nəbzini yoxladılar. Təzyiqi çox yüksək idi. İynə vurub təzyiqini aşağı saldılar. Yenidən həkim ona dərman verdi və ürəyinin kardioqramını çıxardı. Arxa divarda həqiqətən böyük problem görünürdü. Bu vəziyyətdə onu evdə saxlamaq olmazdı. Məmmədəlinin xahişi ilə qapını bağladılar və onu xərəyə uzandırıb, çətinliklə də olsa beş mərtəbəli binanın ikinci mərtəbəsindən düşürüb, təcili xəstəxanaya, kardiologiya şöbəsinə gətirdilər. Həmin gün kardiologiya şöbəsində növbətçi Pirayə həkim idi. O, ən yaxşı ürək həkimi sayılırdı. Pirayə həkim Məmmədəlinin yenidən ürəyinin kardioqramını çıxartdı. Onun vəziyyəti həqiqətən də pis idi.
    -Ananız namaz üstə imiş.Yaxşı ki, sizi vaxtında bura çatdırıblar. Siqaret çəkirsiniz?
    -Əvvəllər çəkməmişəm. Amma həyat yoldaşım iki il bundan qabaq vəfat eləyib, sonra siqaret çəkməyə başlamışam.
    -Siqaret çəkmək həyat yoldaşınızı yenidən sizə qaytarıb?
    -Xeyr.
    -Amma həmin siqaret sizi bura, kardioloji şöbəyə gətirib. Hiss olunur ki, siz həm də çox əsəb keçiribsiniz.
    -Elədi. Keçirmişəm.
    -Nədən belə əsəb keçiribsiniz?
    -Heç. Boş şeydi.
    O, həkimə heç nə demək istəmədi. Pirayə həkim onu təcili reanimasiya şöbəsinə yerləşdirdi və tibb bacılarına dərman siyahısı yazdı ki, bunları təcili ona vurmaq lazımdır.
    -Doktor bilirəm ki, sizdə dərman olmur. Xahiş edirəm kimisə göndərin alıb gətirsin. Buyurun, bu da pul,-deyə o, cibindən beş yüz manat pul çıxarıb Pirayə həkimə vermək istədi. Bu pullar Fəramuşun ad gününə verdiyi pullardan qalmışdı.
    -Deyəsən hazırlıqlı gəlmisiniz,-deyə Pirayə həkim gülümsündü. Siz ürəyinizin müalicəsi ilə gərək bir il bundan qabaq çox ciddi məşğul olaydınız.
    -Mənim ürəyimi kardioloq Cabir Məcidli müəlicə eləyirdi.
    -Cabir həkim çox yaxşı kardioloqdu. Yəqin onun dediklərinə lazım olan kimi qulaq asmayıbsız.
    -Bəli. Qulaq ardına vurmuşam. Onun dediyi dərmanların çoxunu qəbul etməmişəm. Amma sizdən xahiş edirəm, mənə köməklik eləyin. Mən hələ yaşamaq istəyirəm...
    -Bizim millət belədi də. Ölüm ayağında gəlir ki, mənə köməklik eləyin,- deyə Pirayə həkim onun üzünə gülümsündü. Arxayın olun, əlimizdən gələni edəcəyik. --Xatirə qızım, bu pulları götürün, çatışmayan nə dərmanlar varsa alıb gətizdirin.
    -Oldu, Pirayə həkim,-deyə tibb bacısı pulları götürdü.
    Həmin gecə Məmmədəlinin vəziyyəti bir neçə dəfə pis oldu. Amma Pirayə həkim onu bu kritik vəziyyətlərdən çıxartdı. Məmmədəli səhərə yaxın yuxuya getdi. Amma Pirayə həkim səhərə kimi gözlərini yummadı. Səhəri günü Pirayə həkim Məmmədəlinin telefonu ilə bacısı Mətanətə zəng vurdu. Elə həmin gün bacısı Mətanət rayondan gəldi. O, yol boyu Fəramuş xanıma bir neçə dəfə zəng vursa da o, telefonu götürmədi. Mətanət xəstəxanaya gəldi. Qardaşı ilə reanimasiya otağında görüşdü. Amma onlara danışmağa icazə vermədilər. Axşam Pirayə həkim gəldi. Mətanətdən Məmmədəlinin həyat yoldaşının iki il bundan qabaq dünyasını dəyişdiyini və onun yenidən altı ay bundan qabaq ikinci dəfə evləndiyini öyrəndi.
    -Bəs ikinci həyat yoldaşı hardadır,-deyə Pirayə soruşdu.
    -Bilmirəm. Ona bütün günü bir neçə dəfə zəng vurmuşam, amma telefonumu açmayıb. Votsapına səs göndərmişəm ki, Məmmədəli xəstənanadadır. Səsə qulaq asıb, amma cavab verməyib. Sabah evinə gedib, öyrənim görüm nə olub.
    -Getmək lazım deyil. Əgər telefonda yazdığınızı oxuyub və heç bir cavab yazmayıbsa onda aralarında nə isə olub. Qoy Məmmədəli müəllim özünə gəlsin, ondan soruşarıq.
    Mətanət onunla razılaşdı.
    Fəramuş xanım evinə gələndən sonra səhərə qədər əsəb gərginliyi keçirmişdi. Mətanətin səs yazısından Məmmədəlinin xəstəxananın kardioloji şöbəsinə düşdüyünü eşidəndə bir qədər peşman olsa da, amma özünə haqq qazandırırdı. Bir gündən sonra isə özünü toparlayıb, xəstəxanaya gəldi. Mətanət yemək bişirmək üçün Məmmədəligilə getmişidi. O, reanimasiya şöbəsinə yaxınlaşıb, Məmmədəlinin burada olduğunu öyrəndi. Tibb bacısına dedi ki, onun gəldiyini Məmmədəliyə desinlər. Fikirləşdi ki, Məmmədəli elədiyi səhvdən peşimançılıq keçirib və bura düşüb. İndi Fəramuşdan üzr istəyəcək. Amma tibb bacısı gəlib belə dedi:
    - Məmmədəli müəllim deyir ki, o qadın burdan elə getsin ki, bir də buralara gəlməsin.
    Məmmədəlinin bu sözləri elə bil ki, ildırım kimi Fəramuşun başına çaxdı. O, xəstəxanadan çıxdı və fikirləşdi ki, onunla nikaha getməməkdə düz hərəkət eləyib. Amma özünü bir şeyə görə söydü və heyifsiləndi ki, ailə qurandan sonra onun ətrafında olan kişilər ondan uzaqlaşıb. Gərək o, Məmmədəli ilə ailə qurmayaydı və beləcə kefini çəkməli idi.
    ... Məmmədəlini on gündən sonra reanimasiya otağından çıxarıb, ona ayrıca bir təkadamlıq otaq verdilər. Pirayə xanım hər axşam növbədə olurdu və demək olar ki, bütün boş vaxtlarında Məmmədəlinin yanına gəlirdi. Artıq Məmmədəlinin geniş infarkt olmaq qorxusu keçib getmişdi. Amma Pirayə həkim fikirləşirdi ki, kiçik infarkt yenidən geniş infarkta çevrilə bilər. Ona görə də Məmmədəliyə siqaret çəkməyə qəti icazə verilmirdi və tibb bacılarının da ona nəzarəti böyük idi. Onun uşaqları da atalarının xəstəxanaya düşdüyünü bilib gəlmişdilər. Məmmədəli Fəramuşla olan hadisəni həm həkimə və həm də bacısına demişdi. Oğlu Arif Almaniyadan həmin Çex vazasından alıb gətirmişdi. Üstünə də əvvəlki şəkillərdən vurdurmuşdu. Vazanı gətirib xəstəxanada atasına göstərmişdi. Məmmədəli yeni vazanı görəndə hönkür-hönkür ağlamışdı və həm də ürəyi sakitləşmişdi ki, həmin vazanın sınmasına o, davam gətirə bilməzdi. Oğlundan xahiş eləmişdi ki, vazanı elə burada onun yatdığı otaqda qoysun. Xəstəxanadan çıxandan sonra evə apararlar. Çünki bütün günü boş olan vaxtı o, vazada olan Yasəmənin şəkli ilə danışırdı. Bu vaza Pirayə xanımın da xoşuna gəlmişdi və Məmmədəliyə hörməti bir az da artmışdı. Pirayə həkimin həyat yoldaşı üç il idi ki, dünyasını dəyişmişdi. O da həyat yoldaşı ilə çox mehriban yaşamışdılar. Onun həyat yoldaşı cərrah idi və onunla bu xəstəxanada işləyirdilər. Elə burada da tanış olub, ailə həyatı qurmuşdular. Onların qızı və oğlu da hər ikisi həkim idi və elə bu xəstəxanada işləyirdilər. Pirayənin vaza məsələsini onların yanında danışması uşaqlarında maraq yaratmışdı və gəlib Məmmədəli ilə tanış olmuşdular. Həm də Məmmədəlinin onların anaları Pirayə həkimin rəsm əsərini yüksək peşəkarlıqla işləməsi də onlarda bu insan haqqında xoş təəssürat yaratmışdı. Məmmədəlinin uşaqlarının da Pirayə həkimə böyük məhəbbəti yaranmışdı.
    Məmmədəli qırx gün xəstəxanada yatandan sonra oradan çıxdı. Amma bu müddətdə Pirayə həkimlə onların bir doğmalığı yaranmışdı. Artıq hər şey haqqında söhbət eləyirdilər. Və elə bil ki, onlar bir-birini görməyəndə darıxırdılar. Pirayənin oğlu Arif çox baməzə oğlan idi. Hərdən anasına sataşıb deyirdi:
    -Məmmədəli müəllimlə siz bir-birinizə çox yaraşırsınız.
    -Qələt eləmə. Mənim həyatımda dədənizi əvəz eləyə biləcək kişi heç vaxt olmaz,-deyə Pirayənin bu sözlər ürəyincə olsa da oğluna bozarırdı.
    Məmmədəli xəstəxanada olduğu axırıncı gecə Pirayə həkimə demişdi:
    -Doktor, mən elə bilirəm ki, biz bundan sonra sizinlə dost olacağıq. Çünki siz məni yenidən həyata qaytarıbsız. Bundan sonrakı ömrümü siz mənə bağışlayıbsız.
    -Elə deməyin. Ömrü verən Allahdır. Biz sadəcə olaraq onun yerdəki elçiləriyik. Bacardığımızı eləyirik. Xəstələrin şəfa tapması bizim mükafatımızdır.
    -Amma bundan sonra bilin ki, siz mənim xilaskarımsınız. Əgər icazə versəniz, tez-tez gəlib sizi burada görmək istəyirəm.
    -Çox şad olaram.
    -Sabah yox, biri gün mənim ad günümdür. Altmış altı yaşım tamam olur.
    -A... Nə yaxşı. Sizi əvvəlcədən təbrik edirəm.
    -Mən çox istəyirəm ki, siz də həmin ad günümdə iştirak edəsiniz. Elə ikimiz olacağıq.
    -Bəs bacılarınız gəlməyəcək?
    -Xeyr. Heç xəstəxanadan çıxmağımı da onlara deməmişəm. Rayonda qayğıları çoxdur.
    -Əgər dəvət edirsinizsə gələrəm,-deyə Pirayə həkim ona baxıb gülümsündü.
    Məmmədəli ayağa durub onun alnından öpdü.
    -Təklifimi qəbul elədiyinizə görə çox sağ olun.
    İki gündən sonra Məmmədəli yeməkxanadan lazım olan bütün şeyləri alıb evə gətirdi. O, istəyirdi ki, ad gününü elə evdə qeyd etsinlər. Pirayə həkim gəldi. Qapının yanında gözləri divarda asılmış şəkillərə, yazıya və vazaya sataşdı. Çox maraqla onlara baxdı. Və sonra Məmmədəli müəllimə baxıb gülümsündü.
    -Çox sağ olun, Məmmədəli müəllim. Siz indi mənim gözümdə bir az da böyüdünüz. Siz əsl kişisiz. İcazə verin sizi öpüm.
    -Çox şad olaram,-deyə Məmmədəli üzünü ona yaxınlaşdırdı.
    Pirayə həkim onun üzündən öpdü. Məmmədəli də özünü saxlaya bilməyib onun çöhrəsindən öpdü. O, Pirayə həkimə ayaqqabılarını, pencəyini soyunmağa köməklik elədi. Onlar otağa keçəndə Pirayə stolun üstündə yeməklərin düzüldüyünü görüb dedi:
    -Siz artıq hər şeyi tam hazırlayıbsınız ki. Bəs mənə nə qalır?
    -Sizə də mənimlə qarşı-qarşıya əyləşib çörək yemək və söhbət etmək qalır.
    Onlar hər ikisi gülümsündü və süfrə arxasına keçdilər. Çörək yedilər. Çox söhbət etdilər. Bu söhbətləri o qədər maraqlı oldu ki, elə bil bir-birini yarı sözdən başa düşürdülər. Arada bir-iki dəfə Məmmədəli Pirayə xanımı qucaqlayıb öpdü və o da gülümsünərək heç nə demədi.
    ... Həmin axşam Pirayə həkim gecə növbəsinə getmədi. Öz yerinə başqa həkimdən xahiş elədi ki, növbəyə getsin. O, həmin gecə Məmmədəlinin qolları arasında şirin yuxuya getdi. Ərinin ölümündən üç il keçəndən sonra ilk dəfə idi ki, o, kişi ilə təmasda olurdu və bundan çox məmnun idi. Fikirləşirdi ki, bu da yəqin xəstələrin duası ilə Allahın ona göndərdiyi qismətidi...
    Pirayə səhər yuxudan duranda Məmmədəlini evdə görmədi. O, kağız yazıb qoymuşdu ki, mağazaya gedib, indi gələcək. Elə bu vaxt Məmmədəli gəldi. Onun əlində bir dəstə qızıl gül, bir sünü qızıl gül və Pirayənin çəkdiyi rəsm əsərinin çərçivəyə salınmış surəti vardı. O, bu şəkili xəstəxanada olanda telefonuna çəkmişdi və indi gedib fotoatelyedə surətini çıxarıb, çərçivəyə saldırmışdı.
    -Bu güllər sənindir, yavrum. Bu süni gül vazada olan güllərin içində olacaq və bu çərçivədəki şəkil də orada, şəkillərin arasında yuxarıdan asılacaq.
    Bu sözləri eşidən Pirayə onu qucaqlayıb öpdü.
    -Çox sağ ol, əzizim. Bundan sonra bil ki, sən etibarlı əldəsən. Çalışacam əlimdən gələni eləyim ki, ürəyin bundan sonra sənə vəfasızlıq eləməsin. Uzun illər sağlam döyünsün. Sən xeyirxah insansan. İnanmıram ki, böyük, geniş ürəyin indən belə sənə dönük çıxsın.
    Məmmədəli səliqə ilə divara mismar vurub şəkli asdı. Süni gülü də qırx gülün ortasına qoydu. Bu gül o biri güllərdən bir az böyük görünsə də amma yamaq təsiri bağışlamırdı. Əslində güllərin çələngi kimi görünürdü. Pirayənin portreti də elə bil əvvəlcədən bura üçün düşünülübmüş. Bunları görən Pirayə çox sevindi və başını Məmmmədəlinin geniş sinəsinə qoydu. Onun belə vəziyyəti qartalın balasının özünü qoruması üçün qoynuna qısılmasını xatırladırdı... Və o, Məmmədəliyə böyük sevgi ilə baxırdı. Bu baxış və ala gözlər Məmmədəliyə Yasəməni xatırladırdı...
    Sumqayıt şəhəri,
    25 avqust -02 sentyabr 2022-ci il
    PAYLAŞ:

    Oxşar xəbərlər