“Din vasitəsilə “çörək qazananlar” insanları çaşdırır…” - Ağarəşid Talıbov

“Din vasitəsilə “çörək qazananlar” insanları çaşdırır…” - Ağarəşid Talıbov
  • Manşet / Cəmiyyət

  • Rəşid Talıbov ilə tanışlığımızın tarixi çox da uzağa getmir. Bizi Ayiq müəllim tanış etmişdi. Ayiq Səmədov- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin məsul işçisidir. Bölgənin tanınmış ziyalılarındandır. Bizlərdə deyərlər:- “filankəs xeyir-şər adamıdır”. Bu deyim, Ayiq müəllimi bütövlükdə ifadə edir- deyərdim. Rəşidlə söhbətimizin əvvəli bir az kəşfiyyat xarakterli oldu. Havaların isti keçdiyindən,  keçmiş günlərin nostalji xatirələrindən, son zamanlar cənubdan, şimaldan əsən küləklərin gətirdiyi tozdan, dumandan…

    Müsahibim haqqında biliyim çox da geniş deyildi. 1975-ci ildə bu dünyaya  göz açıb, Boradigah qəsəbəsindəki N. Gəncəvi adına 1 saylı tam orta mətəbi bitirib.  Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika-riyaziyyat fakultəsində, Suriyanın Dəməşq şəhərində, Bakı İslam Universitetində təhsil alıb.

    Moskva şəhərində Azərbaycan diaspor təşkilatında, orada  Azərbaycançılıq ideologiyasının  və  islam dininin təbliğində mühüm xidmətləri olub. Moskvadakı  müxtəlif televiziya kanallarında dini verilişlər aparıb.
    Müəllifi olduğu ssenarilər əsasında çəkilən  
    “İsmət çırağı – Fatimə” və “Bəşəriyyətin xilaskarı”  adlı iki sənədli filmi “İnter Az”  televiziya kanalı vasitəsilə  nümayiş etdirilib.
    2016-2020-ci illərdə   Boradigah qəsəbəsindəki “Həzrət Əli” məscidinin İmamı olaraq cəmiyyət arasında savadlı, mütərəqqi fikirli din xadimi kimi nüfuz qazanıb.
    2020-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısıdır…
    Demək, görüşəcəyim şəxs sıradan birisi deyildi. Ayiq müəllimin dediyinə görə müsahibim ərəb və fars dillərinə mükəmməl yiyələnib. Hətta,  şərqdə  bəzi tanınmış üləmalarfiın dini-fəlsəfi təfsirlərinə özünün tənqidi-təhlili  münasibətini bildirən nüfuzlu din alimidir…
    Məlumdur, tanış olmayan tərəflər ilk görüşdə bir birinin xarici görünüşünə, geyim-keciminə, danışıq və əda tərzinə, sözə münasibət,  fikrin məntiqinə… ən əsası,  bütün bunların necə səmimi səsləndiyinin fərqində olur.
    Haşiyə: Özümü babat tənqidçi hesab edirəm. Tanıyanlar da delə deyir. Gəl ki, məsələ qaçılmaz tərifə gələndə çətinlik çəkiirəm. İşlədilən söz, ifadə, cümlə əndazəni aşmasın deyə, dəfələrlə ona kənar gözlə baxmalı oluram. Bu xüsusiyyət məndə illərlə davam edir. Hansı kitabda oxuduğumu unutmuşam. Yazır ki, cümlə qurmaq dövlət qurmaqdan çətindir. Dahiyanə fikirdir…
    Axır ki, söhbət gəlib çıxdı mətləb üstünə. Şəcərəsi seyyid olduğundan müsahibimə “Ağa”- deyə müraciət edirəm.
    Ağa, necəsiniz?
    -Şükür Allaha…Salamatlıqdır…
    -Söhbətə daşıdığınız vəzifənin mahiyyətindən başlayaq. 230 min əhalisi olan Masallıda qazı görəvinin öhtəsindən gəlmək asan olmasın gərək.
    -Düz buyurduz. Qazı ilk növbədə cəmiyyətdə hörmət, nüfuz sahibi olmalıdır. Allahın verdiyi ömrü elə yaşamalıdır ki, ona təkcə dindarlar deyil, cəmiyyətin bütün təbəqələri rəğbət bəsləyə bilsin, dürüst insan olduğuna əmin olsunlar. Buna nail olmaq elə də asan iş deyil.  Mənim nəslimi, nəcabətimi camaatımız yaxşı tanıyır.  Özümə gəldikdə, gərəkdir ki, bu barədə camaat danışa. Mənim danışmağım təvazökarlıqdan uzaq görünə bilər… Madam ki, soruşursuz, qısaca onu deyə bilərəm ki, hansı şəcərəyə mənsub olduğumun məsuliyyətini özümü tanıyandan dərk etmişəm. Tərbiyə aldığım mühit mənə təlim edib ki, insan bu dünya imtahan üçün doğulubdur. Əzəldən sona qədər insan imtahan qarşısındadır. Müəllim həyatın özüdür. Gərəkdir, elə yaşayasan ki, bu dünyadan köçəndə  səni rəhmətlə yad edə bilsinlər. Bunun üçün getdiyin yolun dürüstlüyünə sidq ilə inam gətirəsən, cəmiyyəti bu yolun ilahiliyinə inandıra biləsən. İnsanın ən qəvi düşməni olan təkəbbür və nəfsin üzərində daim hakim olmaqla, özünü tanımağa çalışasan. Özünü tanıyan Allahı tanımağa can atar. İman əhli yalnız axirət dini olan İslam peyğəmbərinin göstərdiyi yolla ədalətə, tərəqqiyə nail ola bilər… Elə bundan əvvəl də, indi də qazı olaraq vəzifəm dinimiz vasitəsilə insanları Haqqa aparan yola dəvət etməkdir.
    -Din  və İman. Sizin fikirlərinizdə bu sözlər tez-tez səsləndi…
    -Bunların sadə izahı belədir. Dediyim kimi, din Haqqa, Ədalətə, Mərhəmətə…nəhayət Allaha aparan Yoldur. İman isə dinin əsasıdır. Onun göstərdiyi şəriət qaydalarına sidq ilə əməl etməklə Allaha qovuşa bilərsən.
    -Bəzən hüzn məclislərində din xadimlərinin dilindən də eşidirik ki, deyirlər: Musa peyğəmbərin dini, İsa peyğəmbərin dini, Məhəmməd peyğəmbərin dini və s. Məgər, özlərini dinin bilicisi adlandıran bu şəxslər bilmirlər ki, peyğəmbərlər din gətirmir, din Allahındır..? İki ilə yaxındır ki, Siz Masallı rayonunda qazı vəzifəsindəsiz. Rayonda din xadimlərinin bilik səviyyəsindən, onların camaatla münasibətindən, aparılan dini təbliğatın forma və metodlarından razısız?
    -Siz həmişə məni narahat edən, düşündürən məsələyə toxunduz. Baxmayaraq ki, tarixən Masallıda çox görkəmli İslam alimləri yaşayıblar. Hətta ateizmin tüğyan etdiyi dövrlərdə min bir əzabla fəaliyyət göstəriblər,  ağır şəraitdə dinimizi təbliğ ediblər. Çoxu faciəli repressiya illərinin qurbanı oldu. Artıq o alimlər Allahın dərgahına qovuşub. Allahdan onlara rəhmət diləyirəm…
    İndi  savadlı din xadimlərinin sayı az olsa da məscidlərdə fəaliyyət göstərirlər.  Dövlət məscidlərin imamına aylıq maaş da təyin edib. Etiraf etməliyəm ki, hazırda savadlı kadrların çatışmazlığı mövcuddur. Hətta, dövlət attestasiyasından keçənlərin bəziləri zamanın tələblərinə cavab verə bilmir. Mən həmişə söhbətlərimdə deyirəm: İslam axirət dini olaraq, daim inkişafda olan dindir. Bunun üçün çalışmaq, təkmilləşmək, təhsil almaq lazımdır. Otuz il, qırx il bundan əvvəlki qaydada bu gün işləmək islamı gözdən salmaq deməkdir… Düz deyirsiz, dində ibtidai bilik səviyyəsində olan “ara mollaları” hələ də fəaliyyətdədir. Din vasitəsilə “çörək qazananlar” insanları çaşdırır. Yəqin ki, bununla Dini Komitə ilə birgə tədbirlər işləyib hazırlamağın vaxtı çatıb.
    -Ağa, son illər çox sayda dini kitablar nəşr edilir, fars, ərəb dilində yazan alim və filosofların əsərləri dilimizə tərcümə olunur. Yəqin ki, Siz də bilirsiz. Bəzi “alimi ülamaların” kitablarının cildi nəfis şəkildə tərtib edilsə də, içərisindəki fikirlərdən naftalin qoxusu gəlir. Yaxud, bir müəllif digərini qətiyyətlə inkar edir. Xüsusilə, “tərcümə” edilən kitabların dili anlaşılmazdır…
    -Müəllim, sizinlə tam razıyam. Bu sahədə çox iş görülməlidir. Mən həmin müəlliflərin çoxu ilə tanışam, bəzi qeydlərimi, iradlarımı onlara yazılı şəkildə bildirmişəm. Onlardan bəzisi İranda, İraqda və s. ölkələrdə yaşamaqla, elə zənn edirlər ki, İslamın hökmlərini yalnız onlar bilirlər. Artıq məndə elə fikir formalaşıb ki, sanki onlar özlərini, nözənbillah, İslamı özəlləşdirmiş kimi sanırlar… Əlbəttə, siz doğru buyurduz, bu sahədə diqqətli olmağımız vacibdir. Mənim bu barədə yazılarım var. Hazırda kitab üzərində işləyirəm. (Saatına baxır).
    – Deyəsən, vaxtınızı çox aldım. Amma, bir çox mövzulara toxuna bilmədik. Sağlıq olsun… Son olaraq, Sizdən bir  xahiş edəcəm. Onu da deyiblər ki, Siz şeir də yazırsız, bəlkə bədii yaradıcılığa da əlüstü dəyək…
    -Ayiq müəllimə sirr verməli deyilmiş… Şeirlər əsasən dini mövzudadır. Ordumuzun aprel döyüşlərindəki qələbəsi münasibətilə yazdığımı sizə verə bilərəm. Amma bilin ki, şairliyə iddia etmirəm… Allah amanında!
    -Növbəti görüşə qədər..!
    Söhbətləşdi: 
    ZAKİR  ABBAS,
    Əməkdar jurnalist
    Ana yurdum, Qarabağdan duyulur nalə səsi
    Dur Azərbaycanımın əsgəri, sındır qəfəsi
    İgid əsgərlərimin cuşə gəlibdir həvəsi
    Eşidərsən ki, könül, azad olub torpağımız
    Şuşada dalğalanır şanlı, gözəl bayrağımız
    Neçə min-min vuruşan mərd igidim vardı mənim
    Bu igidlərlə başın daim ucalsın, Vətənim
    Vətən uğrunda döyüş paltarım olsun kəfənim
    Libasım olsa kəfən, cəddimə mehmandı bu can
    Ana yurdum, can Azərbaycana qurbandı bu can
    Ey Azərbaycanım, ey cənnətə bənzər diyarım
    Sən anamsan, sənə qurbandı bütün ixtiyarım
    Qarabağsız neçə ildir qışa dönmüş baharım
    Bu bahar kaş ki, sonuncu ola sənsiz, Qarabağ
    Olma razı gözəl üzlər sola sənsiz , Qarabağ
    Seyyidin niskili var qəmlidi hər kəlmə, sözü
    Dərdi yüzlərlə şəhiddir, necə bəs gülsün üzü ?
    Zamanın sahibini axtaracaq qəmli gözü
    Gəl Ağa, dərdimizə dəhridə sən, eylə dəva
    Gəl, sənin zührun ilə qurtaracaq cövrü-cəfa
    Seyyid Ağarəşid
    PAYLAŞ:

    Oxşar xəbərlər