Millət vəkili Vətən Müharibəsi Qəhrəmanının xanımı ilə görüşdü

Millət vəkili Vətən Müharibəsi Qəhrəmanının xanımı ilə görüşdü
  • Sosial

  • Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin şəhid kapitanı Rəşad Abdullayevin xanımı Gülnar Abdullayeva ilə görüşüb.

    Asiya.az
    xəbər verir ki, Milli Məclisdə vətəndaş qəbulu günündə baş tutan görüşdə, şəhid Qəhrəmanın həyat yoldaşının ürək sözləri dinlənilib, ətraflı söhbət edilib. Komitə sədri müstəqil Azərbaycan dövlətinin ali rəhbərliyinin şəhid ailələrinə diqqət-qayğısının hər bir Azərbaycan vətəndaşı, o cümlədən Milli Məclisin üzvləri üçün örnək təşkil etdiyini vurğulayaraq, şəhidlərin, qəhrəmanların ailə üzvləri ilə hər görüşün onunçün doğma, əziz görüş olduğunu deyib, şəhidin əziz ruhuna dərin sayğılarını bildirib.

    Q.Paşayeva şəhid Qəhrəmanın xanımına Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib. Qeyd edək ki, Rəşad Arif oğlu Abdullayev (14.09.1988, Prişib, Cəlilabad – 29.09. 2020, Kəlbəcər) 3 bacının yeganə qardaşı idi. O, 08.09.2013-cü ildə Gülnar Abdullayeva ilə ailə həyatı qurub. Rüqayyə və Məmmədağa adlı iki övladı yadigar qalıb. Rəşad Abdullayev 1995-ci ildə Göytəpə kənd tam orta məktəbinin I sinfinə daxil olub, 2003-cü ilə qədər bu məktəbdə təhsil alıb, sonra təhsilini C.Naxçıvanski adına Hərbi liseydə davam etdirib. 2006-cı ildə liseyi bitirən Rəşad Abdullayev həmin ildən 2010-cu ilə qədər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitut) ali hərbi təhsil alıb. Rəşad Abdullayev 2010-cu ildə ali hərbi məktəbi “motoatıcı” ixtisası üzrə bitirdikdən sonra leytenant rütbəsi ilə hərbi vəzifəsinə başlayıb. Daha sonra MN Təlim və Tədris Mərkəzinin zabit ixtisası kursuna dinləyici olaraq göndərilib, burada da təhsilini tamamladıqdan sonra 24.06.2010-cu ildən 12.12.2011-ci ilədək Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində tağım komandiri vəzifəsində xidmət edib. 12.12.2011-ci ildə XTQ kursu keçmək üçün “N” saylı hərbi hissəyə ezam olunan Rəşad Abdullayev, kursu bitirdikdən sonra “N” saylı hərbi hissədə Xüsusi Təyinatlı Qrupun komandir müavini vəzifəsinə təyin olunub. Xidməti zamanı ona 2 rütbə vaxtından öncə verilsə də, Rəşad Abdullayev bundan imtina edib. Qəhrəmanımız 2016-cı ilin Aprel Döyüşlərində Rəşad Abdullayev “N” saylı hərbi hissənin komandir müavini kimi döyüşlərdə fədakarlıqla iştirak edib. O, döyüş başlayandan bitənə qədər mühasirədə olsa belə, Ermənistan Ordusunun zabit-əsgər heyətini məhv etməyi və mühasirədən çıxmağı bacarıb. Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə o vaxtlar baş leytenant olan Rəşad Abdullayev Azərbaycan Prezidentinin 24.06.2016-cı il tarixli 2176 saylı Sərəncamına əsasən “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. 2014, 2015, 2017 və 2019-cu illərdə xarici ölkələrdə XTQ kurslarının, o cümlədən Türkiyədə keçirilən “TurAZ Qartalı” paraşut təlimlərinin iştirakçısı olaraq, bütün kursları fərqlənmə ilə bitirib. Rəşad Abdullayev II Qarabağ Müharibəsində ilk anlardan fədakarlıqla savaşıb və döyüşlərin ikinci günü şəhidlik mərtəbəsinə yüksəlib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Abdullayevə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Qəhrəmanımız həmçinin “Vətən uğrunda” (15.12.2020), “Kəlbəcərin azad olunmasına görə” (29.12.2020), “Xocavəndin azad olunmasına görə” (24.06.2021) medalları ilə təltif olunub. Rəşad Abdullayev xidmət illərində “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”,  "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Ordusunun 100 illiyi”, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalları, III dərəcəli “Qüsursuz xidmətə görə” (26.06.2017) medalı ilə təltif edilmişdi. 16.05.2022-ci ildə Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən küçələrdən birinə Rəşad Abdullayevin adı verilib. Cəlilabaddakı 2 saylı tam orta məktəb də Rəşad Abdullayevin adını daşıyır. Ruhu şad olsun!
    PAYLAŞ:

    Oxşar xəbərlər