QALİB XALQIN XOŞBƏXT NƏSLİ

QALİB XALQIN XOŞBƏXT NƏSLİ
  • Araşdırma / Cəmiyyət

  • 2 il öncənin bugünləri Azərbaycan həyacanlı, qürurlu günlər yaşayırdı. Həyəcanlı – çünki müharibənin ilk günləriydi, düşmənə ağır zərbələr vursaq da, itkilərimiz, dağıntılarımız da vardı, ilk şəhid xəbərləri gəlir, yaralılarımız haqqında eşidir, bilirdik, üstəlik, dünya erməniliyinin şər-böhtanı şiddətlənməkdə idi; eyni zamanda qürurlu günlər idi deyirik – çünki hər saat, hər gün irəliləyirdik, hər gün hansısa yaşayış məntəqəmizin, strateji məntəqələrin azad olunduğunun sevincini yaşayırdıq. Uzun illərin həsrəti son bulurdu... Qürurluyduq: Ali Baş Komandanımıza, şanlı Ordumuza inanırdıq. Ali Baş Komandanımıza, onun Müzəffər Ordusuna, dövlət-xalq birliyinə bugün də inanırıq, gələcəkdə də inanacağıq. Prezidenti İlham Əliyevin Füzuli rayonunda 27 sentyabr – Anım Günündəki tarixi çıxışı qürurumuzu, inamımızı bir daha təsdiq etdi.

    Bəli, 27 sentyabr – Azərbaycan Respublikasında Anım Gününü ikinci il də şərəflə, məsuliyyətlə keçirdik. Müzəffər Ali Baş Komandan və Birinci xanım işğaldan azad olunmuş torpaqlarımıza növbəti səfərlərini məhz bu anlamlı günə saldı. Füzulidə - işğalçıların “keçilməz” sədlərini ildırım sürəti ilə keçdiyi yerdə qoyulmuş abidə önündə çıxış edən Prezident şəhidlərimizin ruhuna ehtiram ifadə edən duyğulu və dərin anlamlı çıxış etdi. Bu, əsl ürək sözləri idi: “Füzuli istiqamətdə beş-altı müdafiə xətti mövcud idi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə gedirdi. Sözün əsl mənasında ölümə gedirdi, öz canını fəda edirdi ki, üçrəngli Bayrağımız Şuşada və o vaxt işğal altında olan digər bütün torpaqlarda dalğalansın”!

    Bəli, bu yer Xeyirlə Şərin, vandallıqla quruculuq ruhunun, işğalla qurtuluşun ilk təmas nöqtələrinəndir. Keçilməz sözünü dırnaq içində yazmağımız, o səngərlərin, çoxqatlı manelərin, “Ohonyan xətti”nin xəfifliyini deyil, şanlı Ordumuzun qüdrəti qarşısında duruş gətirə bilməməsini və keçilə, aşıla bilir olmasını ifadə edir. Məhz Azərbaycan Ordusu kimi qüdrətli Ordu bacarardı uzun illər boyu qat-qat möhkəmləndirilmiş səngərləri, maneləri, tələləri düşmənin özünə məzar etməyi! Məhz vətəncanlı Azərbaycan oğulları öz canı-qanı bahasına düşmənin keçilməz dediyini ildırım sürəti ilə keçə, düşmənə böyük tələfat verdirə bilərdi.

    “Biz öz şəhidlərimizlə fəxr edirik. Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq. Döyüş meydanında qisasımızı aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik”. – Azərbaycan Prezidentinin Füzulidə, düşmən səngərlərinin ilk yarıldığı yerlərdən birində dediyi sözlərdir.

    44 günlük Vətən Müharibəsi şanlı tariximiz, qürur dastanımız, fəxarət qaynağımızdır. 44 gün müharibədə bir fərarisi belə olmadan, bir gün belə geri çəkilməyən hərbçilərimiz daha öncəki şanlı tariximizdən, öncəki qürur dastanlarımızdan, tarixdəki fəxarət qaynaqlarımızdan ruhlanmış, güc almışdılar. Onlar öz xalqlarına, dövlətlərinə, öz Ali Baş Komandanlarına ürəkdən inanmasalar xarüqələr yarada bilərdimi? Ordumuzun işi haqq işi idi və bu haqlılıq, ədalətin bərpası eşqi onların gücünə güc qatır, qoluna qüvvət, dizinə təpər verirdi... Dəmir Yumruq obrazı, gerçəkliyi belə yarandı.

    2 il öncəki ruh yüksəkliyi, irəliləyiş eşqi bu gün tikinti, quruculuq, iri infrastruk layihələrində özünü göstərir. Ermənistan hərbi-siyasi rəhbərliyi torpaqlarımızı vandallıq meydanına çevirmiş, 30 il içində tək bir xeyirxah iş görə bilməmişdisə, Qarabağın əsl sahibləri qısa müddətdə (necə deyərlər) torpağın, suyun dirilməsinə, canlanmasına nail oldu.  Füzuliyə, Cəbrayıla, Qubadlıya, Ağdama, Şuşaya, Laçın və Kəlbəcərə yeni həyat qayıdır.  Zəngilanda isə artıq yaşayış təmin olunub. –Prezidentin sözləri ilə desək: “Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik”.

    Füzulinin Qaraxanbəylisindən, azad etdiyiiz digər ilk kəndlərimizdən 27 sentyabrda başlayan qutlu yol bizi Zəfərə aparan yolun mühüm başlanğıc yeri idi. 44 gün içində 300-ə yaxın şəhər və kəndimiz yağı düşmənin tapdağından qurtuldu. Ermənistan siyasi-hərbi rəhbərliyi məcbur qalıb, məğlubiyyətini qəbul etdi və o vaxt hələ işğal altında olan Kəlbəcər, Ağdam və Laçından döyüşsüz çıxmaq zorunda qaldı.

    Müzəffər Ali Baş Komandanın qürurla vurğuladığı kimi,  doğrudan da, bizim nugünkü gənc nəsil xoşbəxt nəsildir. Yağı düşməndən ağır intiqam alınması bizim mğcbur qaldığımız bir iş oldu. Biz quran-yaradan, sülhpərvər, alnıaçıq, üzüağ xalqın övladlarıyıq. Biz soyqırım etməmişik, biz işğalçı deyilik amma soyrıqım edəni bağışlamaq, işağlla barışmaq kimi bir seçiçmimiz də əsla ola bilməzdi. Tarixi an gəldi və düşmən, dünya erməniliyi, erməni havadarları bizim uzun illər sülh masasında oturmağımızın zəiflik olmadığını anladılar. Anladılar ki, biz sülh danışığı aparmağı, sülhə sadiq olmağı da bacarırıq, öz güclü ordumuzla ədalətli sülhü təsis etməyi də bacarırıq!

    Və nəhayət! – “Azərbaycan xalqı qoymayacaq ki, bir daha düşmən başını qaldırsın, qoymayacaq ki, bir daha bizim üçün təhdid yaratsın.

    Bütün təhdidlərin qarşısı alınacaqdır. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır”!
    DÖVLƏTİMİZ VAR OLSUN!
    Qənirə Paşayeva,
    Milli Məclisin Mədəniyyət komitəsinin sədri.
    PAYLAŞ:

    Oxşar xəbərlər