Qənirə Paşayeva Özbəkistanda repressiya qurbanları haqda çıxış etdi

Qənirə Paşayeva Özbəkistanda repressiya qurbanları haqda çıxış etdi
  • Mədəniyyət

  • Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva 17 oktyabrda başlamış "Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində, Daşkənd şəhərində "Repressiya qurbanları - Hüseyn Cavid və Abdurauf Fitrət: maarifçi ziyalılar və milli-azadlıq carçıları” mövzusunda tədbirdə çıxış edib.

    Asiya.az
    xəbər verir ki, tədbiri Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Daşkənddəki Abdulla Qadiri Xatirə muzeyi ilə birgə təşkil edib.

    Abdulla Qadiri Muzeyində keçirilən tədbirdə Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Bakıdan gələn digər qonaqlar, Azərbaycan Mədəniyyət Mərkəzinin təmsilçiləri, Özbəkistanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, Abdulla Qadiri yaradıcılıq məktəbinin şagirdləri iştirak edib.

    Komitə sədri Qənirə Paşayeva hələ ötən əsrin əvvəllərindən özbək və Azərbaycan yazıçılarının birgə əməkdaşlığından və mübarizəsindən danışıb, 1910-cu ildə və sonrakı illərdə Hüseyn Cavidin dram əsərlərinin Özbəkistanda Azərbaycan və özbək dillərində tamaşaya qoyulduğunu diqqətə çatdırıb. O illərdə özbək ədiblərinin tez-tez Azərbaycanda olmasından danışan Q.Paşayeva deyib ki, böyük özbək yazıçısı Qafur Qulam 1930-cu ildə Bakıda olarkən o vaxtkı "Kommunist” qəzetində çap etdirdiyi məqaləsində bildirib ki, o və bir çox özbək ədibləri azərbaycanlı Seyid Rza Əlizadənin müəllim işlədiyi məktəbdə təhsil alıblar.

    Komitə sədri vurğulayıb ki, Hüseyn Cavid də, Mikayıl Müşfiq də, Abdurrauf Fitrət də, Çolpan da, Vətən, Turan sevdalı digər şair, yazıçılarımız, aydınlarımız da Turan ideyalası uğrunda mübarizə aparıb, öz həyatlarını ideya uğrunda, millət uğrunda fəda ediblər.

    Q.Paşayeva bildirib ki, həm Azərbaycanda, həm də Özbəkistanda "ortaq keçmişdən ortaq gələcəyə” gedən yolun yolçusu olan ədiblərin, aydınların xatirəsi əbədiləşdirilib, onların irsi əziz tutulur, öyrənilir və öyrədilir. Repressiya rejimi belə aydınlarımızı fiziki cəhətdən sıradan çıxardı ancaq onların ruhu, onların ideyaları və mübarizəsi yaşadı, ölümlərə, repressiyalar və repressiya törədənlərə qalib gəldi.

    Q.Paşayeva muzeyə Azərbaycan nümayəndə heyəti adından İrəvan xanlığının xəritəsini hədiyyə edib.

    Tədbirdə Muzeyin direktor müavini Mövluda Amonova, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, tanınmış elm xadimi, yazıçı, repressiya ədəbiyyatı üzrə mütəxəssis Davron Racab və b. çıxış edib.

    Çıxışlardan sonra Q.Paşayevanın həmmüəlifi olduğu, Qarabağdakı faciələrə həsr olunan və özbək dilində gün üzü görən "İtirilmiş xoşbəxtlik” ("Qarabağ hekayələri”; "Yo'gotilgan quvonch” ("Qoraboğ hikoyalari”) kitabının imza mərasimi keçirilib.

    Azərbaycan nümayəndə heyəti muzeyin guşələri, repressiya qurbanı olan Abdulla Qadiriyə həsr olunmuş yeni bölmələr və eksponatlarla tanış olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər