Masallıda Zeytun bağı salındı – VİDEO/FOTO

Masallıda Zeytun bağı salındı – VİDEO/FOTO
  • Sosial / Araşdırma

  • Bu gün respublikamızda qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, davamlı sosial-iqtisadi inkişafa və bütün bunların fonunda əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına yönəlmiş əhəmiyyətli tədbirlər həyata keçirilir. 

    Qeyri-neft sektorunun inkişafı istiqamətində atılan  mühüm addımlar  Azərbaycan dövlətinin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir.

    Dünyanın ayrı-ayrı yerlərində bitən bitkilərin, ağacların çoxuna  ölkəmizdə rast gəlinmədiyi kimi, elə  bitki növləri də var ki, bizim torpaqlarda daha yaxşı bitir. Çox qədim  vaxtlardan ölkəmizin ərazisində yetişən  zeytun kimi... 

    Ölkəmizdə zeytunçuluğun inkişafı yeni zeytun bağlarının salınması ilə yekunlaşmır, müasir tələblərə cavab verən emal müəssisələrinin sayının artırılması da vacib məsələlərdəndir. Bu baxımdan, zeytun yağı istehsalını artırmaq məqsədilə mühüm tədbirlər həyata keçirilir. Noyabr ayının 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakının Xəzər rayonunun Zirə qəsəbəsində “Abşeron Zeytun Bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinin regionda ən böyük zeytun yağı və süfrəlik zeytun məhsullarının emalı zavodunun açılışında iştirak etməsi bunun bariz nümunəsidir.

    Artıq Abşeron yarımadası ilə yanaşı ölkənin digər bölgələrində də zeytun bağları salınmasına başlanılıb.

    Bu işi ilk həyata keçirən rayonlardan biri Masallıdır. 

    Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Viləşçay Su Anbarı İstismar İdarəsi tərəfindən bu gün Masallı rayonunda 1500-ə yaxın zeytun, eləcə də sınaq məqsədilə iyirmi ədəd badam tingi əkilib.

    Ələt-Astara avtomobil yolunun Masallı şəhərinə girişində baş tutan ağacəkmə aksiyasında Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, müavini Adəm Məhərrəmov, Viləşçay Su Anbarı İstismar İdarəsinin rəisi Rusif Kərimov və idarənin kollektivi iştirak edib. 

    Qeyd edək ki, zeytun və badam ağacları ilk dəfədir ki, Masallıda əkilir. Bu təşəbbüs rayonun sosial-iqtisadi həyatında hər zaman aktiv iştirak edən Viləşçay Su Anbarı İstismar İdarəsi tərəfindən həyata keçirilib.

    Cəfər Cəfərov,

    Asiya.az

     












    PAYLAŞ:

    Oxşar xəbərlər