LDU-da “20 Yanvar və Heydər Əliyev” mövzusunda konfrans keçirilib - FOTOLAR

LDU-da “20 Yanvar və Heydər Əliyev” mövzusunda konfrans keçirilib - FOTOLAR
  • Lənkəran / Cəmiyyət

  • Lənkəran Dövlət Universitetinin (LDU) Böyük akt zalında Lənkəran Şəhər İcra Hakimiyyəti ilə birgə Azərbaycan tarixinin ən ağrılı səhifəsi olan 20 Yanvar faciəsinin 33-ci ildönümünə həsr olunmuş “20 Yanvar və Heydər Əliyev” mövzusunda  konfrans keçirilib. 

    Asiya.az xəbər verir ki, konfrans iştirakçıları 20 Yanvar şəhidlərinin və Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda canlarından keçən igidlərin- I və II Qarabağ müharibəsi qurbanlarının  xatirəsini  1 dəqiqəlik sükutla ehtiramla yad ediblər.
     
    Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
     
    Konfransı giriş sözü ilə açan Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov 33 il öncə baş verən qanlı faciənin mahiyyəti, onu doğuran səbəblər, həmin vaxt ölkədə yaşanan xaos, xalqın apardığı azadlıq mübarizəsi, Qarabağ zəfəri  barədə ətraflı söz açıb.1990-cı il yanvarın 19-dan  20-nə keçən gecə ölkənin paytaxtı Bakıda baş verən qanlı qətlyamı, onun dəhşətli nəticələrini, yüzlərlə günahsız insanın gülləbəran edildiyini  xatırlayan  universitet rəsmisi 20 Yanvar faciəsini   2020-ci ilin 10 noyabr - Zəfər gününə gedən yolun başlanğıcı kimi dəyərləndirib. Bildirib ki, 20 Yanvar təkcə faciə deyil, həm də  Azərbaycan tarixinin qanla yazılmış şərəf, qürur salnaməsi, milli oyanış tarixidir. Professor  N. İbrahimov çıxışında  Ermənipərəst sovet rəhbəri M.Qorbaçovun Qarabağı asanlıqla ermənilərə hədiyyə etmək üçün SSRİ-nin ali rəhbərliyindən uzaqlaşdırdığı və ciddi nəzarət altında saxlatdığı dünya şöhrətli siyasət və dövlət xadimi, Azərbaycan xalqının Ümummilli lideri səviyyəsinə yüksəlmiş dahi şəxsiyyət Heydər Əliyevin bütün maneələri aşaraq faciənin səhərisi gün Moskvada bir parça Azərbaycan sayılan resbublikamızın Daimi Nümayəndəliyinə gəlməsini, dərin hüzn içərisində xalqımıza başsağlığı verməsini böyük vətənpərvərlik nümunəsi adlandırıb. Bildirib ki,  Ulu öndərin Vətəninin harayına yetişərək beynəlxalq mətbuat konfransı keçirməsi Bakı həqiqətlərini bütün dünyaya yayılması üçün geniş bir qapı açıb.Ümummilli liderin 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı 1994-cü il yanvarın 5-də imzaladığı fərmanda həm də Milli Məclisə hadisəyə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olunub və 1994-cü il mart ayının 29-da ölkə parlamenti “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edib. Beləliklə də 20 Yanvar faciəsi məhz Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz hüquqi-siyasi qiymətini alıb. Rektor  çıxışında ulu öndərin və azadlıq uğrunda canından keçən şəhidlərin heç zaman unudulmayacağını, xalqın qan yaddaşında, xatirəsində daima yaşayacağını, həmişə ehtiramla anılacağını deyib.
     
    Universitetin Tarix və onun tədrisi metodikası kafedrasının  dosenti, tarix üzrə fəlsəfə doktoru Emin Məlikov “20 Yanvar və Heydər Əliyev” mövzusunda geniş məruzə edib. Məruzədə faciəni doğuran tarixi şərait,  səbəbləri və ibrət dərsləri ətraflı təhlil olunub, 20 Yanvar faciəsinin rus imperiyasının həmin illərdə ittifaq respublikalarında, o cümlədən , Azərbaycanda  yürütdüyü şovinist  siyasətin acı nəticəsi olduğu vurğulanıb. Bildirilib ki, M.Qorbaçov və onun əlaltılarının bütün  cidd-cəhdlərinə, törətdikləri  qanlı qətlyama baxmayaraq Azərbaycan xalqı haqq mübarizəsindən nəinki  geri çəkildi, əksinə, mübarizəni davam etdirərək,   ittifaq halqasından qoparaq   müstəqilliyini elan edən ilk respublikalardan oldu. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin liderlik fəaliyyəti xalqımızın çağdaş tarixinin yarım əsrlik bir dövrünün başlıca yönünü və məzmununu təşkil edir. Ulu öndər tarix yaradan bir şəxsiyyət olmaqla yanaşı, həm də tarixi hadisələrə ən doğru-düzgün qiymət verən mütəfəkkir dövlət xadimidir. Bu baxımdan dahi siyasətçinin 20 Yanvar hadisələri ilə bağlı siyasi fəaliyyəti və bu faciəyə verdiyi qiymətin özü mükəmməl bir tarixi nümunədir.  Məruzədə qeyd edilib ki, Heydər Əliyev, hər şeydən əvvəl, bu faciəni Azərbaycana qarşı törədilmiş bəşəri cinayət adlandırıb. İkincisi, 20 Yanvar xalqımızın həyatında dərin və sonsuz hüzn törətməsinə baxmayaraq, ulu öndər onu tarixi qəhrəmanlıq nümunəsi kimi dəyərləndirmiş, yeni nəsillər üçün örnək səviyyəsinə yüksəltmişdir. Üçüncüsü, müstəqilliyimizin banisi faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, onun zərədidələrinə dövlət qayğısı göstərilməsi üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. 20 Yanvar hadisəsi ilə bağlı ulu öndərin mövqeyi, açıqlamaları, atdığı addımlar 33 il öncə baş vermiş mürəkkəb və qanlı hadisələrin mahiyyətini anlamaqda, onun ibrət dərslərini öyrənməkdə xalqımızın qiymətli mənəvi qaynağıdır.
     
    Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Cəfərzadə, Lənkəran Dövlət Universitetinin professoru, fililogiya elmləri doktoru  Yədulla Ağazada, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov çıxışlarında 33 il öncə baş verən hadisələri Azərbaycanın qanla yazılmış şanlı tarixi, şərəf, qeyrət salnaməsi, qəhrəmanlıq səhifəsi  kimi dəyərləndiriblər, xalqın azadlıq mübarizəsində H.Əliyevin müstəsna rolunu xüsusi vurğulayıblar. Çıxışlarda ulu öndər Heydər Əliyevin baş verən hadisələrə ilkin olaraq cəsarətlə reaksiya verməsi, Azərbaycan həqiqətlərini dünyaya bəyan etmək üçün həyatını riskə ataraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlməsi, Beynəlxalq mətbuat konfransı keçirməsi, xalqımıza dərin ürək yanğısı ilə başsağlığı verməsi,  hiddət və qəzəbini anında bildirməsi əsl vətənpərvərlik nümunəsi adlandırılıb.
     
    Çıxışçılar  2020-ci ilin 27 sentyabrında başlanan, 10 noyabrda qələbəmizlə bitən Vətən müharibəsini 20 Yanvar faciəsinin  mübariz məntiqi sonluğu  kimi dəyərləndirərək ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin böyük rolundan ətraflı söz açıblar.Yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması  məqsədilə  faciənin ibrət dərslərinin tələbələrə bütün açıqlığı ilə, faktlar və sənədlər əsasında çatdırılmasının, təbliğinin əhəmiyyəti, 20 Yanvar hadisələrinin ədəbiyyatımızda əksi də çıxışlarda  xüsusi vurğulanıb.
     
    Konfrans 20 Yanvar faciəsindən bəhs edən  kitab sərgisinə və videofilmə  baxışla yekunlaşıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər