Biləsuvarda 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib

Biləsuvarda 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib
  • Cəmiyyət / CƏNUB

  • Bu gün Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin 33-cü ildönümüdür.

    Qanlı 20 Yanvar faciəsinin ildönümü  ilə əlaqədar Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri  Mərkəzi Parkda yerləşən Şəhidlər Xiyabanını, eləcə də 20 Yanvar faciəsinin qurbanlarından olan Əlimərdan Hüseynovun Çaylı kənd qəbirstanlığındakı məzarını ziyarət ediblər.

    Ölkəmizin azadlığı uğrunda həlak olan biləsuvarlı şəhidlərimizin əziz xatirəsi yad edilib, qəbirləri üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.

    Bildirilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, azadlıq istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi.Ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Faciə zamanı xalqının səsinə hər kəsdən əvvəl səs verən ulu öndər Heydər Əliyev oldu. Ümummilli liderimiz hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gəldi, təcavüzə etirazını bildirdi, faciəni törədənləri kəskin ittiham edərək, bəyanatla çıxış etdi. Ulu Öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra qanlı Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.
    20 Yanvar hadisələri nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazmış, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açmışlar. 20 Yanvar faciəsi müstəqil Azərbaycan dövlətinin tarixinə xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb. O mübarizə əzmi bu milləti azadlığına qovuşdurdu, məhz o döyüş ruhu işğaldakı Qarabağımızı azad etməyə imkan verdi, üçrəngli bayrağımız bu gün cənnət Qarabağda, Şuşada dalğalanır. Bütün zəfərlərimizə görə şəhidlərimizə borcluyuq!

    Mərasim iştirakçıları Çaylı kəndində 20 Yanvar şəhidi Əlimərdan Hüseynovun məzarını  ziyarət etdikdən sonra, bu kəndin Vətən Müharibəsində şəhid olan qəhrəman oğullarının əziz xatirələrini də yad ediblər.

    Saat 12.00-da isə rayon ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, avtomobillərdən  siqnallar verilib.

    https://twitter.com/BilesuvarRih/status/1616365401683673088
    https://www.instagram.com/p/CnocVWiIMww/




    PAYLAŞ:

    Oxşar xəbərlər