Rəşad Məcid "Əqrəb mövsümü"ndən yazdı

Rəşad Məcid "Əqrəb mövsümü"ndən yazdı
  • Sosial

  • Rəşad Məcid,
    Azərbaycan Mətbuat Şurasının sədri 


    İctimai Televiziya ilə yayımlanan "Əqrəb mövsümü” serialı barədə zövqünə və mütaliəsinə güvəndiyim bir neçə nəfərin sosial şəbəkədə paylaşdığı müsbət fikirlər diqqətimi çəkdiyindən ilk imkanda bu seriala baxmaq fikrinə düşdüm. Əvvəl-əvvəl filmin son seriyalarından birini ötəri izlədim və dərhal diqqətimi cəlb elədi. Uzun illərdən bəri seriallarımızda tamaşaçını diksindirən süni, qurama dil burada yox idi. Personajlar təbii, normal dildə - bizim bir-birimizlə danışdığımız kimi danışırdılar. Təkcə bu nüansdan hiss olunurdu ki, iş peşəkarların əlindən keçib.

    Bu xoş təəssüratın ovqatında 2-3 gün müddətində əvvəlcə "Əqrəb mövsümü”nün yutuba yüklənmiş 8 seriyasını, sonra isə yenə İctimai TV-də efirə gedən və eyni rejissorun çəkdiyi "Körpü” serialını böyük zövq və məmnunluqla izlədim.

    "Əqrəb mövsümü” serialında aktyor oyununun peşəkar səviyyəsinə söz ola bilməzdi. Hikmət Rəhimovla Abbas Qəhrəmanovun oyununu əvvəllər müxtəlif tamaşalarda görmüşdüm. Hər ikisi bu serialda da olduqca peşəkar oynayırdı. Azər Aydəmir də rolunun öhdəsində məharətlə gəlmişdi. Filmdəki o biri aktyorların oyununda da hansısa sünilik, çatışmazlıq hiss olunmurdu. "Körpü” serialında isə Nofəl Şahlaroğlu, Elnur Hüseynov, eləcə də digər aktyorların oyunları zövq verirdi. Bundan əlavə, "Körpü”nün detektiv süjeti arasında çatdırılan müxtəlif səpkili sətiraltı fikirlər və sosial mesajlar da diqqəti çəkirdi. Hər iki serialın operator işi isə yüksək səviyyədə idi.

    Filmlərə baxandan sonra aktyorlar Azər Aydəmir və Hikmət Rəhimovun "Əqrəb mövsümü” serialı başlayan gün İTV kanalındakı söhbətlərinin yutubdakı videoyazısını və hər iki filmin quruluşçu rejissoru olan Emil Quliyevin "3D” verilişindəki müsahibəsini izlədim. Emil Quliyevin ehtiraslı və enerjili aurası, təvazökar davranışı, Azərbaycan kinosu barədə sevgi, təəssüb və can yanğısı ilə səsləndirdiyi fikirlər tamaşaçını əvvəldən axıracan öz təsirində saxlayır, fərqli yanaşma və düşüncəyə sahib, standartlardan uzaq bu gənc kino adamının kinomuzun tərəqqisini səmimi qəlbdən istədiyi zərrə qədər də şübhə oyatmırdı. Hiss olunurdu ki, kinonu intuitiv səviyyədə, iliyinəcən duyan rejissor aktyorlarla da bu inersiya ilə işləyir və ona görə də maksimum nəticə əldə etməyi bacarır.

    Bu ilk tanışlıqdan sonra Emil Quliyevlə bağlı kiçik bir araşdırma apardım, bu seriallara qədər onun "Pərdə” adlı film-trilogiya çəkdiyini və mental problemə toxunulan bu filmin kino ictimaiyyətinin böyük marağına səbəb olduğunu öyrəndim.

    Sosial şəbəkələrdə bu seriallarla bağlı müxtəlif fikirlərə rast gəldim. Kiməsə irad tutmağa, mız qoymağa hazır olanlar həmişə olub və indi də var, amma bununla belə, əksəriyyətin mövqeyi kifayət qədər müsbət idi. Bu rəylərin böyük qismində hər iki serialın rejissoru, aktyorları və bütövlükdə yaradıcı heyəti haqqında yüksək fikirlər səsləndirilirdi. Mən də hesab edirəm ki, bu serialların yaradıcı heyətini, onlara bu şəraiti yaradan İctimai TV rəhbərliyini, rejissor Emil Quliyevi, operatoru, bütün peşəkar aktyorları yalnız təbrik və təqdir etmək lazımdır. İnanıram ki, onların ortaya qoyduqları bu nümunələr Azərbaycanın serial sektorunun yeni mərhələyə qədəm qoymasına və gələcək inkişafına ciddi təkan verəcək, bütövlükdə Azərbaycanın müasir kino industriyasına yeni nəfəs və yeni enerji gətirəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər