Tanınmış şair-bəstəkar Şahin Musaoğlu Türkiyədə Fəxri professor adına layiq görülüb

Tanınmış şair-bəstəkar Şahin Musaoğlu Türkiyədə Fəxri professor adına layiq görülüb
  • Masallı / Cəmiyyət / Araşdırma

  • Azərbaycanın tanınmış şair-bəstəkarı Türkiyədə Fəxri professor adına layiq görülüb.

    Asiya.az
    xəbər verir ki, şair-bəstəkar və həkim Şahin Musaoğlu türk dünyası mədəniyyətinə göstərdiyi böyük xidmətlərə və Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin inkişafındakı fəaliyyətlərinə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən Fəxri professor adına layiq görülüb.

    Qeyd edək ki, Şahin Musa oğlu Əbilov 11 iyul 1963-cü ildə Masallı rayonunun Qızılağac kəndində anadan olub. 1980-86-cı illərdə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunda təhsil alıb.
    Ş. Musaoğlunun Bakıdakı həkimlik fəaliyyətinin ilk illəri ölkədə müharibə getdiyi vaxta düşür. Azərbaycan-Ermənistan savaşının qızğın vaxtlarında Şahin Musaoğlu Müdafiə Nazirliyi Tibb İdarəsi, HET idarəsi və Müdafiə Nazirliyi Sənədli Filmlər Kinotelestudiyasının əməkdaşı olaraq Qarabağ döyüşlərində yaralanan əsgər və zabitlərə məxsus ilk hərbi-tibbi arxivi yaradır. 1992-ci ildə görkəmli bəstəkar Cavanşır Quliyevin məşhur “Əsgər marşı”ndan savayı, hərbi vətənpərvərlik mövzusunda əsərlərin hələ yazılmadığı bir vaxtda Şahin Musaoğlu özünün ilk türküsünü bəstələyir. Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin xatirəsinə həsr olunmuş bu mahnı – “İgid Əsgər, Möhkəm Dayan!” ilk dəfə televiziya ekranında səslənir.

    Çox az müddətdə populyarlıq qazanaraq dillərdə dolaşan bu mahnıdan sonra o, növbəti savaş türkülərini yazır. 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Qərib Karvan”, Milli Ordunun ilk batalyonu haqda yazılan “Birinci Batalyon”, “Cənab Leytenant” və s. bu kimi bir-birinin ardınca bəstələdiyi mahnılar ona daha çox şöhrət qazandırır. Ş. Musaoğlu sonradan da həm hərbi, həm də vətənpərvərlik mövzularında yaradıcılıq fəaliyyətini davam etdirir. Sözləri böyük şairimiz Bəxtiyar Vahabzadəyə məxsus “Bay yurdum”, həmişəyaşar istiqlal nəğməkarı Əhməd Cavadın sözlərinə yazdığı “Bismillah”, yaşadığımız dünyanın ən böyük söz adamlarından biri olan Ramiz Rövşənin şeiri əsasında bəstələdiyi “Yalquzaq”, Rüstəm Behrudinin məşhur “Salam, dar ağacı” şeirinin sözlərinə bəstələdiyi eyniadlı mahnı və başqa türküləri ilə o, başladığı işi uğurla davam etdirərək bu musiqi janrına xeyli qiymətli töhfələr verib.
    Hazırda “Med Servis” özəl tibb mərkəzində poliklinika müdiri vəzifəsində çalışır.

    O, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AYB Hərbi Vətənpərvərlik Komissiyasının sədri, Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məsləklər Birliyinin üzvü, MDB Beynəlxalq Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı lauereatıdır. Dünya Tibbi Araşdırmalar Texnik və Etik Bilimlər Akademiyasının (WAMBES) idarə heyətinin üzvüdür.
     
    PAYLAŞ:

    Oxşar xəbərlər