"Türkiyədə baş verən təbii fəlakət bizim hər birimizi üzür" - Anar İsgəndərov

"Türkiyədə baş verən təbii fəlakət bizim hər birimizi üzür" - Anar İsgəndərov
  • Araşdırma / Siyasət

  • Qardaş və dost Türkiyədə baş verən təbii fəlakət bizim hər birimizi üzür. Zəlzələ nəticəsində dünyasını dəyişən hər bir bacı və qardaşımıza Allahdan rəhmət diləyir, yaralılarımızın tezliklə sağalmalarını Uca yaradandan niyaz edirik.
         
    Türkiyə bizə doğmadır. Ən çətin günlərimizdə yanımızda Türkiyəni görmüşük. 1915-ci il Çanaqqala döyüşlərində Türkiyə yolunda minlərlə şəhid verdik. 1918-ci ildə elan etdiyimiz Cümhuriyyətə qardaşlıq yardımını Türkiyə göstərdi. Əgər bu yardım olmasaydı, görəsən, Cümhuriyyətimiz nə qədər yaşaya bilərdi? Əgər Mustafa Kamal Naxçıvanla bağlı bu qədər israrlı olmasaydı, Moskva və Qars müqavilələrinin imzalanmasına nail olmasaydı, Naxçıvanın sonrakı taleyi necə ola bilərdi? Ən nəhayət, 44 günlük Vətən Müharibəsində biz bir dövlət olaraq, bir xalq olaraq Türkiyəni yanımızda gördük. 2021- ci ilin iyununda Şuşa bəyannaməsini imzalamaqla iki dost və qardaş dövlət tarixə həm də müttəfiq dövlətlər kimi daxil oldu.
       
    Fəlakətin ilk dəqiqələrindən Azərbaycanın dövlət başçısı İlham Əliyev cənabları başda dost və qardaş Türkiyənin yanında olmağa və Türkiyə dövlətinə hər cür qardaşlıq yardımı göstərməyə hazır olduğumuzu bəyan etdi. İlk yardım da qardaş Azərbaycandan göndərildi.
     
    İnşallah, Türkiyə bu çətinlikləri tezliklə aradan qaldıracaq. Bütün Azərbaycan can ilə Türkiyənin yanındadır. Allah Türkiyəmizə kömək olsun.
    Anar İsgəndərov,
    Milli Məclisin deputatı, professor
     
    PAYLAŞ:

    Oxşar xəbərlər