
Biləsuvar rayon Gənclər Evində keçirilən tədbirdə çıxış edən Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinin əməkdaşları polis polkovniki Laçın Paşayev və polis polkovnik-leytenantı Firdovsi Nəsirov, Biləsuvar Rayon Polis Şöbəsinin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis mayoru Pərviz Məmmədov bu cür görüşlərin yeniyetmə və gənclərin sağlam həyat tərzini seçmələri istiqamətində mühüm addım olduğunu qeyd ediblər. Sağlam cəmiyyətin formalaşmasının və ölkəmizin işıqlı gələcəyinin məhz təhsilli, sağlam gənclikdən asılı olduğu diqqətə çatdırılıb.
Tədbirdə ali təhsil müəssisələrinə hazırlaşan, daxili işlər orqanlarında xidmət etmək həvəsində olan abituriyentlərə Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı ətraflı məlumat verilib. Orada gənclərimizin hərtərəfli inkişafı üçün yaradılan müasir şərait, zəngin kitabxana, xarici dil öyrənmək imkanı, laboratoriyalar, yataqxana və asudə vaxtın səmərəli təşkili məqsədilə yaradılan şəraitdən danışılıb.
Sonra qocaman təhsil müəssisəsindəki tədris prosesinə, kursantların hazırlığına həsr edilmiş videoçarx nümayiş olunub, məktəblilərə bukletlər paylanılıb və onların sualları cavablandırılıb.


