Tanınmış futbol mütəxəssisi Qəhrəman Əliyev vəfat etdi

Tanınmış futbol mütəxəssisi Qəhrəman Əliyev vəfat etdi
  • Masallı / İdman / Cəmiyyət

  • Əslən Masallıdan olan peşəkar futbol məşqçisi Qəhrəman Əliyev vəfat edib.

     

    Asiya.az xəbər verir ki, bu barədə məlumatı məşqçinin həmyerlisi, yazıçı-publisist Nurəddin Ədiloğlu sosial şəbəkədə paylaşıb.

     

    “Ölüm haqq olsa da…

    İndicə həmyerlimiz, futbol mütəxəssisi Qəhrəman Əliyevin Haqqın dərgahına qovuşduğu xəbərini eşidib çox məyus oldum. Peşəkar futbol məşqçisi Qəhrəman Əliyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil almışdı. 1999-2000-ci illərdə 8 (səkkiz) ay Almaniyada Beynəlxalq Məşqçilik kursunu bitirmişdir. Azərbaycan Premyer Liqasında 400-ə yaxın oyun keçirmiş Qəhrəman bəy idman karyerasına 1976-1981-ci illərdə "Avtomobilçi (Bakı) komandasında başlamışdı,1981-83-cü illərdə "OİK (Xabarovsk)" 1983-85-ci illərdə "Neftçi(Bakı)", 1985-86-cı illər Gənclik(Bakı)", 1986-87-ci illər "Avtomobilçi (Mingəçevir)" komandalarının heyətində futbolçu olmuş, 1993-2000-ci illərdə Azərbaycan Premyer Liqasında “Viləş” və "Şəmkir" komandalarında baş məşqçi, "Bakı" klubunda isə köməkçi məşqçi vəzifəsində çalışmışdır. Futbol həvəskarları 80-ci illərdə “Neftçi” əvəzedici heyətində çıxış edərkən onun bir oyunda rəqib komandasına 3 qol vurduğunu yaxşı xatırlayırlar. 1959-cu ildə Masallı şəhərində dünyaya göz açan Qəhrəman Əliyevin 64 yaşı bu ilin avqust ayında tamam olacaqdı... Qəhrəmanı tanıyanlar əminəm ki, onun xidmətlərini və əziz xatirəsini unutmayacaqlar, gənc futbolçu yetirmələri onu xatirələrində bundan sonra da yaşadacaqlar.

    Allah rəhmət eləsin!” – yazıçı qeyd edib.

    PAYLAŞ:

    Oxşar xəbərlər