“Torpağa dən əkməyə doğulanlar torpağa dən kimi əkildilər...” - Şəmsəddin Təhməzovun xatirəsinə

“Torpağa dən əkməyə doğulanlar torpağa dən kimi əkildilər...” - Şəmsəddin Təhməzovun xatirəsinə
  • Masallı / Cəmiyyət

  • “ŞƏHİDLİK MANİFESTİ” kitabından..
    (3 mart şəhid Şəmsəddin Təhməzovun doğum günüdür)

    ... Uşaq çağında onu “Dəçi” deyə çağırardılar. Arzusu ordudan tərxis olunadan sonra torpaqda çalışmaq,  təssərrüfat qurmaq, fermer olmaq idi. Yeniyetmə yaşlarında  yəhərsiz-yüyənsiz mindiyi  köhlən atı əsl çəngavər kimi çapardı... Şəmsəddin Təhməzov orta məktəb illərindən əlini zəhmətə alışdırmışdı, mal-qara bəsləməklə ailəni dolandıran ata-anasına kömək edərdi.  Bəslədiyi rəngbərəng göyərçinlərə sevə-sevə qulluq edərdi. Anasının dediyinə görə evlərinin həyət -bacası, damı göyərçinlə dolu olardı. Şəmsəddin bəzən bu quşların şəkillərini çəkib  bəzən internetdə paylaşardı. Ağlı kəsən gündən qəlbində işğalçı düşmənə qarşı nifrət bəsləyən Şəmsəddin deyərmiş ki: “Mən əsgər olanda ermənilərdən qisasımızı alacağam...” Kiçik toy məclisində isə sağlıq deyənlərdən biri balaca Şəmsəddini məclisdəkilərə göstərərək deyib: “ Vaxt gələcək el-oba bu oğlanla fəxr edəcək!..”
    Orta boylu, qarayanız, xoş simalı Şəmsəddin istiqanlılığı ilə bütün qohum-əqraba arasında hörmət qazanmışdı. El-obada adətən, hərbi xidmətini başa vurub evlərinə qayıdan övladlarının ayağının altında valideynləri qurban kəsirlər. Şəmsəddin isə bu ənənəni özünəməxsus şəkildə “pozub,”  həqiqi hərbi xidmətə yola düşəndə qurban kəsdirib. Sanki torpağa dən əkmək üçün doğulan bu gənc  özünün şəhid olacağını və uğrunda həlak olduğu Vətən torpağının qoynuna “dən”kimi əkiləcəyini əvvəlcədən bilirmiş...
    QISA TANITIM: Təhməzov Şəmsəddin Sərvər oğlu 3 mart 2001-ci ildə Masallı rayonunun Güllütəpə kəndində anadan olub. 2007-ci ildə Yeni Zuvand kənd tam orta məktəbinin birinci sinfinə daxil olub. İbtidai təhsilini bu məktəbdə alıb. Sonralar ailə vəziyyəti ilə əlaqədar Beyləqan rayonuna köçdükləri üçün təhsilini Beyləqan şəhər 1 saylı tam orta məktəbində davam etdirib.
    2016-cı ildə IX sinfi bitirdikdən sonra orta təhsilini yarımçıq qoyaraq əmək fəaliyyətinə başlayıb, fermada İşləyən valideynlərinə kömək edib.
    2019-cu ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Tərtər rayonunun döyüş bölgəsində yerləşən “N” saylı hərbi hissədə Vətən qarşısında xidməti borcunu  yerinə yetirməyə başlayıb.
    Sentyabrın 27-də səhər saatlarında  Ermənistanın növbəti silahlı təxribatının qarşısını almaq məqsədi ilə Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatına başlayanda döyüşlərdə yüksək qəhrəmanlıq nümunəsi göstərib. Suqovuşanın azad olunmasında mərdliklə vuruşub. Oktyabrın 7-də Tərtərin Talış kəndi uğrunda gedən döyüşlərdə ürək nahiyəsindən aldığı qəlpə yarasından şəhid olub.
    Şəhidin nəşi 8 oktyabrda  Güllütəpə kənd qəbirstanlığında böyük izdihamla torpağa tapşırılıb. Azərbaycan Prezidentinin Sərəncamına əsasən, Şəmsəddin Sərvər oğlu Təhməzov ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
    Təhməzovlar ailəsinin keşməkeşli dünyası
    Haqqında söhbət açdığımız bu ailə böyük olmasa da çox çətin, əziyyətli günlər yaşayıb. Masallıdan əvvəlcə Ağcabədiyə, sonra Beyləqana köçüb. Böyük qardaşı  Şəhriyarla birlikdə Şəmsəddin kiçik yaşlarından ailənin qayğılarını çiyinlərində daşıyıb. “Bizim uşaqlığımız çox çətin keçib. Uşaq vaxtlarımızdan fermalarda işləyib atamıza kömək eləmişik. Çox kasıbçılıqla böyümüşük. Bəzən mən, ya da Şəmsəddin bir şokoladımız olanda belə iki yerə bölüb yeyərdik,” - deyə Şəhriyar həmin günləri indi ürək ağrısıyla xatırlayır.
    …Şəhriyar özü də Vətən müharibəsində iştirak edib. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə başından və ayaqlarından 5 qəlpə yarası alıb. Müalicə olunmaq üçün hospitala göndərilib. Masallıda, sonra Bakıda Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunub. Hazırda MAXE kimi PDM-də tuşlayıcı vəzifəsində hərbi xidmətini davam etdirir. Azərbaycan Respublikası Prezidentinin  Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunub. “Uşaqlıqdan mənim dostum da, sirdaşım da qardaşım olub” deyən Şəhriyarla müharibə günləri telefonla danışanda Şəmsəddin: “Sən nişanlısan, özünü qoru” deyib. Şəhriyar da ona bildirib ki, “Dəçi, sən çox bir yerdə duran deyilsən, özün ehtiyatlı ol…” Qardaşının xasiyyətinə yaxşı bələd olduğu üçün Şəhriyar yaxşı bilirdi ki, döyüş əmri verilən kimi Şəmsəddin önə atılacaq… Son dəfə oktyabrın 4-də danışıblar: Şəmsəddin qardaşına deyib: “Şayəd şəhid olsam, atam-anam sənə əmanət…”
    “Sənin saçıdan cənnət ətri gəlir”
    Şəmsəddinə ailəsinin ehtiyacı olduğundan onu həqiqi hərbi xidmətdən saxlatdırmaq istəyiblər. O da valideynlərinə belə deyib: “Sizi şikayət edərəm.” Anası Sehranə xanım deyir ki, Şəmsəddin çox  mərd və qorxmaz uşaq idi. 19 yaşını səngərdə qarşılayan oğlundan müharibə başlayanda bir dəfə anası soruşub ki, ana qurban,  qorxub eləmirsən ki? Şəmsəddin gülə-gülə cavab verib ki, ermənidən qorxan onlar kimi olsun: ”Qorxaq tülkü kimi qabağımızdan qaçırlar…”
    Şəmsəddin anası ilə danışanda zarafatından da qalmazadı. Deyirdi ki, Şəhriyarın toyunda mənə elə kostyum alarsınız ki, bəylə yanaşı dayananda bizi bir-birimizdən ayıra bilməsinlər…
    Amma günlərin bir günü  ağır döyüşdən sonra  komandiri deyib ki, Şəmsəddin, inşallah, müharibə qurtaracaq, qələbəmizdən sonra sənin toyuna gələcəyəm…  Şəmsəddin də gülümsünərək deyib: “Komandir, mənim toyum olmayacaq, mən şəhid olacağam…”
    Anası kövrələrək deyir: “Balama nə toy qismət oldu, nə də bəylik kostyumu… Hər ananın övladı onun canının bir parçasıdır. Şəmsəddin mənim canımdan gedib. Ana üçün dünyada oğul itkisindən ağır şey ola bilməz! Həmişə zəng edəndə deyirdi ki, ana, mən sənin borcundan çıxacağam. Səni  heç vaxt işləməyə qoymayacağam… Oğlum mənim borcumdan çıxa bilmədi, amma Vətənin borcundan çıxdı, ona görə çox istəyirəm ki, adı igidliyinə layiq əbədiləşdirilsin… ”
    …Ailənin sonbeşiyi Aygün məktəblidir. Şəmsəddin həmişə nəvazişlə onun saçlarından öpəndə deyərmiş ki, maşallah, sənin saçından cənnət ətri gəlir. Şəhid qardaşının  məzarı önündə  hərbi geyimdə  vüqarla dayanan bu qızcığazın ürəyindən keçirtdiyi fikirlər qanadlı misralara dönür:
    Səni köməyinə çağırdı Vətən,
    Sən onun uğrunda verdin şirin can.
    İgidliyin olub dillərə dastan.
    Arzuları gültək solan qardaşım,
    Bu dünyadan vaxtsız köçən qardaşım
    Hamıya əzizdir bu ana torpaq,
    Məzarını bəzəyir üçrəngli bayraq,
    İndi azad olub cənnət Qarabağ,
    Qoy ruhun şad olsun cavan qardaşım,
    Qəbrin nurla dolsun, şəhid qardaşım…
    …O gün Şəmsəddin Təhməzovun 20 yaşını doğmaları, komandiri, döyüş yoldaşları, Güllütəpə kənd tam orta məktəbinin şagird və müəllim kollektivi  cənnətdəki ilk doğum günü kimi qeyd etmək üçün  məzarının ziyarətinə gəlmişdilər…
    İctimai fəal Rövşən Muxtarovun dediyi kimi, insan var həyatda  uzun ömür sürür, lakin tez də unudulur. Amma Şəmsəddin kimi oğullar ürəklərdə əbədi yaşayacaqdır…
    Bu kadrlara baxanda Şəmsəddinin uşaq vaxtı dediklərinin çin çıxdığına əmin olursan. O, düşməndən istədiyi kimi qisas aldı və dünən “dən” kimi əkildiyi torpaqdan bu gün baş qaldırıb qələbə sevinci yaşatdığı Vətənə məğrurcasına boylanır. Komandiri də, döyüş yoldaşları da onunla yenə çiyin - çiyinə dayanıb: “Ad günün mübarək olsun, Şəmsəddin” deyir.
    P.S: Ötən ilin martında şəhid Şəmsəddinin qardaşı Şəhriyar Saatlı rayon sakini Gülnarə İmran qızı ilə toy günündə Masallı şəhərində “Qəhrəmanlar Parkı - Şəhidlər Abidə Kompleksi”ni ziyarət etdilər. Bəylə gəlin Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə tər gül dəstələri düzüb, ruhlarına dualar oxudular. Gənclərin bu nümunəvi addımı rayon rəhbərliyi və sakinlər tərəfindən rəğbətlə qarşılandı.
    Nurəddin ƏDİLOĞLU.
    PAYLAŞ:

    Oxşar xəbərlər