Masallıda 9 əlil üzvü olan ailəyə mənzil hədiyyə edildi - VİDEO/FOTO

Masallıda 9 əlil üzvü olan ailəyə mənzil hədiyyə edildi - VİDEO/FOTO
  • Masallı / Araşdırma / Sosial

  • Masallıda “Heydər Əliyev İli” çərçivəsində aztəminatlı ailəyə fərdi yaşayış evi hədiyyə edildi.

    Rayonun Banbaşı kəndində yaşayan Əlicanovlar ailəsində dördü I qrup olmaqla 9 nəfər əlil var. Uzun illərdir yaşayış şəraitlərinin acınacaqlı olması onlara ən ağır xəstəliklərdən belə əziyyət çəkmələrini unutdurmuşdu. Böyük bir ailə sınıq-salxaq, heç bir şəraiti olmayan daxmada məskunlaşmağa, yaşamağa məcbur idi. Ailə üzüvləri demişkən, əgər bu yaşamaqdırsa..

    Ailə başçısı Adış Əlicanov mənzil şəraitlərinin yaxşılaşdırılması üçün döymədiyi qapı, müraciət etmədiyi orqan qalmamışdı. Onun sözlərinə görə son 20 il ərzində mənzil problemlərinin həlli üçün rayon rəhbərliyindən ölkə rəhbərinə kimi bütün adiyatı qrumlara 358 məktub ünvanlayıb. Təəssüflər olsun ki, 4 ay öncə yazdığı sonuncu məktubuna kimi onlara yardım edən, dərdlərinə çarə qılan olmamışdı. 

    Sonuncu məktubuna cavab olaraq Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov ailə başçısının qəbul edib, onların yaşadığı yarımçıq evə baxış keçirib və qısa müddətdə ailəyə yardım edəcəyinə söz vermişdi..

    İcra başçısı sözünə əməl edib, çox qısa saman ərzində, 3 ay sonra Əlicanovlar ailəsini sevindirdi. İndi 160 m² olan 4 otaqlı müasir mənzildə rahat yaşamaq üçün isti döşəmədən ən keyfiyyətli divar kağızına, avadanlıqla bəzədilmiş mətbəxdən müasir mebel dəstinə kimi hər cür şərait var.   

    Evin təqdimetmə mərasiminə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov gələcəkdə də rayonda olan aztəminatlı şəhid və qazi ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması yönündə görüləcək işlərdən söz açdı. Əlicanovlar ailəsinə bu evdə xoşbəxt, rifah içində yaşamalarını arzu etdi.

    İcra başçısı sahibkarlara, xeyriyyəçilərə səslənərək bildirdi ki, hər bir maddi imkanlı vətəndaşımız öz doğmalarına, öz nəslindən olan aztəminatlı ailələrə yardım edərsə ölkədə nə evsiz qalar, nə işsiz qalar. 

    Yeni mənzilə görə ən çox sevinənlər isə ailənin kiçik sakinləri idi. Mənzillə yanaşı icra başçısının onlara hədiyyə etdiyi oyuncaqlara, söylədiyi xoş sözlərə görə uçmağa qanadları yox idi.

    Ailə üzvləri evin tikilərək onların istifadəsinə verilməsində göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidenti Cənab İlham Əliyevə və rayon rəhbərinə, Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəhbərliyinə, Banbaşı Ərazi nümayəndəsinə və bələdiyyəsinə minnətdarlıqlarını bildirdilər.
    Cəfər Cəfərov,
    Asiya.az

     








    PAYLAŞ:

    Oxşar xəbərlər