Azərbaycan prezidenti və xanımı Bolqarıstanın vitse-prezidenti ilə görüşüblər

Azərbaycan prezidenti və xanımı Bolqarıstanın vitse-prezidenti ilə görüşüblər
  • Siyasət

  • Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bolqarıstanın vitse-prezidenti İliana İotova ilə görüşüblər.

    Asiya.az xəbər verir ki, İ. İotova 5 il bundan əvvəl Bolqarıstan parlamentinin üzvü, indi isə ölkəsinin vitse-prezidenti qismində Azərbaycana səfər etməsindən böyük məmnunluq hissi duyduğunu bildirib.

    O, hələ Avropa Parlamentinin deputatı olarkən Azərbaycanla fəal işlədiyini vurğulayıb: “İcazə verin, Bolqarıstan prezidenti Rumen Radevin çox xoş sözləri və səmimi arzularını özündə əks etdirən və diplomatik əlaqələrimizin qurulmasının 25 illiyinə həsr olunan məktubunu sizə təqdim edim. Bolqarıstanda bizim münasibətlərimizin dəyərli tarixi çox yaxşı məlumdur və əminəm ki, münasibətlərimizin gələcəyi də çox gözəl olacaq”.

    Bolqarıstan prezidenti Rumen Radevlə Münhen Təhlükəsizlik Konfransında qısa görüşünü xatırlayan dövlət başçısı iki ölkənin prezidentləri arasında bundan sonra da yaxşı əməkdaşlığın olacağına əminliyini bildirib. Prezident İlham Əliyev İliana İotovanı Bolqarıstanın vitse-prezidenti vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Dövlət başçısı qeyd edib ki, onun vitse-prezident vəzifəsində ilk səfərini Azərbaycana etməsi ölkələrimiz arasında yaxın münasibətlərin yaxşı göstəricisidir.

    İkitərəfli münasibətlərimizin müxtəlif sahələri, o cümlədən siyasi, energetika, mədəniyyət sahələrini əhatə etdiyini vurğulayan prezident İlham Əliyev birinci xanım Mehriban Əliyevanın Veliko Tırnovo mədəni layihəsində fəal iştirakının ölkələrimizin bir-birinə daha da yaxınlaşması işinə töhfə verdiyini deyib. Prezident İlham Əliyev vitse-prezident İliana İotovanın IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakını Bolqarıstanın bu tədbirə verdiyi əhəmiyyətin göstəricisi kimi dəyərləndirib.

    Bolqarıstanın vitse-prezidenti İliana İotova isə M. Əliyevanı birinci vitse-prezident vəzifəsinə təyin olunması münasibətilə təbrik edib: “Mən hələ tələbə olarkən ilk elmi işim Trapezitsa ilə bağlı idi. Xanım Mehriban Əliyeva, siz mənim ümdə arzularımı həyata keçirdiniz. Siz Trapezitsa Memarlıq Muzeyi Qoruğunun bərpasında fəal iştirak etmisiniz”.

    M. Əliyeva xoş sözlərə görə minnətdarlıq edərək deyib: “Çox sağ olun. Mən böyük məmnunluqla əməkdaşlığımızı və birgə fəaliyyətimizi davam etdirəcəyəm. Xahiş edirəm Veliko Tırnovodakı bütün dostlarıma mənim salamlarımı çatdırın”.

    İ. İotova prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya xatirə hədiyyələri təqdim edib.

    Sonda xatirə şəkli çəkdirilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər