Məhkəmədə MTN generalı ilə zərərçəkmiş arasında mübahisə yaranıb

Məhkəmədə MTN generalı ilə zərərçəkmiş arasında mübahisə yaranıb
  • Manşet / Hadisə

  • Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

    Asiya.az xəbər verir ki, hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Mətləb Mustafayevin epizodu üzrə şahidlər ifadə veriblər.

    İclasda şahid qismində intihar etmiş MTN əməkdaşı Malik Mustafayevın qızı Aysel Mustafayeva da ifadə verib. O deyib ki, əmisi Mətləb Mustafayev həbs olunandan sonra onlara qarşı böyük təzyiq olub. Şahid atasının təzyiq nəticəsində intihar etdiyini qeyd edib.

    Elçin Quliyevin köməkçisi vəzifəsində çalışmış, hazırda DTX əməkdaşı olan Rüstəm Rüstəmov isə deyib ki, ibtidai istintaqda Malik Mustafayevin ölümü ilə bağlı dindirilib. O, M. Mustafayevlə rəisi Elçin Quliyevin münasibətinin yaxşı olduğunu və sonuncuya təzyiq göstərmədiyini deyib.

    Sonra E. Quliyev şahidə suallar verib. Şahid cavabında E. Quliyevin heç vaxt kiməsə hədə-qorxu gəlmədiyini, vətəndaşlarla kobud davranmadığını deyib.
    R. Rüstəmov onu da deyib ki, intihar etmiş MTN polkovniki İlqar Əliyev çox vaxt rəisi Elçin Quliyevdən xəbərsiz əməliyyat tədbiri həyata keçirib.
    Təqsirləndirilən E. Quliyev də ifadəsində Mətləb Mustafayevdən izahat almadığını deyib. M. Mustafayev isə həbsinin E. Quliyevin göstərişi ilə olduğunu deyərkən, təqsirləndirilən şəxslə onun arasında mübahisə yaranıb. E. Quliyev əsəbi halda zərərçəkmişə "Sən yaxşı bilirsən ki, kimin şikayəti əsasında həbs olundun. Sən tutulmazdan əvvəl, bir vətəndaş sənlə bağlı bizim idarəyə şikayət etmişdi. Sən də çox ləyaqətsiz hərəkət etmişdin. İndi sənin qardaşın özünü asıb deyə, günahkar mənəm? Mən də həbs olunmuşam. Əgər doğmalarımdan kimsə özünü assa, onda belə çıxır ki, günahkar sən olacaqsan".

    Hakim hər iki tərəfə xəbərdarlıq edib.
    MTN-də istintaq təcridxanasının rəisi olmuş Zaur Bənnayev isə ifadəsində M. Mustafayevin nazir Eldar Mahmudovun göstərişi ilə sorğu-sual edildiyini deyib. M. Mustafayevin təcridxanada saxlanılarkən hüquqlarının pozulması ilə bağlı fikrini isə şahid təkzib edib. Hal şahidi kimi Arif Hümbətov ifadə verib. O, M. Mustafayevin evinə baxış zamanı tapança tapıldığını deyib.
    Prosesdə digər şahidlər də dindirilib.

    Məhkəmə iclası sentyabrın 22-də davam etdiriləcək.

    Qeyd edək ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. Daha sonra MTN-lə bağlı aparılan istintaq zamanı o tutduğu vəzifədən azad edilərək nazirliyin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib.

    Elçin Quliyevə Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər