Növbədənkənar prezident seçkisində iştirak qərarı verənlər – SİYAHI

Növbədənkənar prezident seçkisində iştirak qərarı verənlər – SİYAHI
  • Sosial / Araşdırma / Manşet

  • Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində namizədlərin irəli sürülməsi prosesinə fevralın 20-də start veriləcək.

    Prezidentliyə namizəd olmaq istəyən şəxslər sənədlərini səsvermə gününə ən çoxu 50 (20 fevral) və ən azı 30 gün qalmış saat 18.00-dək Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməlidirlər.

    İrəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin seçki sənədlərinin MSK-ya təqdim etməsi üçün ayrılan müddət martın 12-də başa çatacaq.

    Azərbaycanda növbədənkənar prezident seçkilərin aprelin 11-nə təyin olunub.

    Modern.az saytı növbədənkənar prezident seçkilərində iştirakla bağlı qərar verən partiyaları araşdırıb.

    Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayının vaxtı dəyişdirilərək 2018-ci ilin fevralın 8-nə təyin olunub. Qurultayın vaxtının dəyişdirilməsinə səbəb növbədənkənar prezident seçkisinin elan edilməsidir. Qurultayda partiyanın prezidentliyə namizədi müəyyənləşdirəcək, sədr və sədr müavinləri, İdarə Heyəti və Siyasi Şuranın tərkibi yenidən seçiləcək.

    Seçkilərlə əlaqəli Vətəndaş və İnkişaf Partiyası (VİP) Siyasi Şurasının növbədənkənar iclası keçirilib. İclasda ölkədə 2018-ci il aprelin 11-nə növbədənkənar prezident seçkilərinin təyin olunması və VİP-in bu seçkilərdə iştirakı məsələsi müzakirə olunub.

    İclasda çıxış edən VİP sədri Ə. Əliyev növbədənkənar seçkilərin təyin edilməsinin gözlənilməz olmadığını diqqətə çatdırıb. O, partiyanın 2017-ci il mayın 28-də keçirilmiş IV qurultayında VİP sədrinin prezidentliyə namizədliyinin irəli sürüldüyünü bildirərək, yaranmış şəraitdə bu qərardan irəli gələn vəzifələr haqqında danışıb.

    Müzakirələrdə iştirak edən Siyasi Şura üzvləri seçki kampaniyası müddətinin azaldıldığına baxmayaraq, partiya strukturlarının seçki prosesinə hazır olduğunu vurğulayıblar.

    İclasın yekununda VİP Qurultayının növbədənkənar prezident seçkilərində iştirak qərarından irəli gələrək, partiyanın Mərkəzi Aparatına Seçki Məcəlləsi və VİP Nizamnaməsinin müvafiq bəndlərindən irəli gələn işlərin uyğunlaşdırılmasına dair operativ təhlil aparılması tapşırılıb. VİP Siyasi Şurasının iclası fevralın 8-də davam etdiriləcək.

    AXCP-dən ayrılan qanadın rəhbəri Razi Nurullayev də növbədənkənar seçkilərdə namizəd olmaq istəyini bəyan edib.

    “Ali Məclisin iclasını keçirtdik və mühüm qərarlar qəbul etdik. Partiya seçkidə iştiraka qərar verdi və mənim namizədliyimi dəstəklədi. Artıq seçkilərdə iştirakımı rəsmi olaraq bəyan edirəm”,-Razi Nurullayev bildirib.

    Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev qeyd edib ki, partiyanın qurultayında seçkiyə qatılmaqla bağlı qərar verilib. O, “seçkinin növbədənkənar təyin olunması səbəbindən nə etməli olduğumuzu bilmirik. Ona görə yaxın günlərdə partiyanın məclisi toplanacaq və seçki ilə bağlı qərarımızı verəcəyik”-, deyə bildirib.

    Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə prezident seçkilərində iştirak edəcəklərini deyib. Onu sözlərinə görə, seçki ilə bağlı yekun qərarı partiyanın plenumu verəcək.

    Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də seçkilərdə iştirak qərarı verib.
    PAYLAŞ:

    Oxşar xəbərlər