Qubada azərbaycanlıların soyqrımının 100-cü ildönümü ilə bağlı yürüş keçirilib

Qubada azərbaycanlıların soyqrımının 100-cü ildönümü ilə bağlı yürüş keçirilib
  • Sosial

  • Erməni daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqrımının 100-cü ildönümü ilə bağlı Qubadakı soyqırımı məzarlığına yürüş təşkil olunub.

    APA-nın şimal bürosunun verdiyi məlumata görə, yürüşdə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, millət vəkilləri, alimlər, din xadimləri, Quba və ətraf rayonların ictimaiyyət nümayəndələri, Bakıdan və digər bölgələrdən gələn müxtəlif təşkilatları təmsil edən şəxslər iştirak edib.

    Yürüşdə "31 Mart soyqırımını unutmadıq!”, "Dünya birliyi erməni terrorizminə siyasi və hüquqi qiymət verməlidir!”, "Terrorizmə yox!” şüarları səsləndirilib.

    Bu gün Quba Soyqırımı Memorial Kompleksində "Soyqrımların dərsləri” mövzusunda respublika elmi konfransın keçirilməsi də nəzərdə tutulub.

    Qeyd edək ki, vaxtilə ermənilər tərəfindən vəhşicəsinə, qeyri-insani şəkildə öldürülənlərin toplu məzarlığında yenidənqurma işləri aparılıb, azərbaycanlılarla yanaşı, digər millətlərə də aid olan insan sümükləri milli və dini adətlərə uyğun olaraq torpağa basdırılıb, qorunmaq üçün məzarlığın üstü örtülüb.

    Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb.

    Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyənləşib.

    Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olub. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı müxtəlif bölgələrdə həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

    Qeydedək ki, Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 100 il ötür.


    1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın öldürülməsi ilə nəticələnib.

    Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib. Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan "İsmailiyyə” binasını yandırıblar.

    Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər.

    Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. 1918-ci il iyulun 15-də Azərbaycan Demokratik Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib.

    Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub. 1998-ci il martın 26-da prezident Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb.

    Həmin gündən başlayaraq 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.

    Bu gün 31 mart - Azərbaycanlıların Soyqırımı günü münasibətilə dünyanın müxtəlif ölkələrində tədbirlər, anım mərasimləri, konfranslar keçiriləcək.


    Qubada azərbaycanlıların soyqrımının 100-cü ildönümü ilə bağlı yürüş keçirilib
    Qubada azərbaycanlıların soyqrımının 100-cü ildönümü ilə bağlı yürüş keçirilib
    PAYLAŞ:

    Oxşar xəbərlər