Həkimlər, bərbərlər və dırnaq ustaları buna görə 3 il həbs oluna bilər - AÇIQLAMA

Həkimlər, bərbərlər və dırnaq ustaları buna görə 3 il həbs oluna bilər - AÇIQLAMA
  • Kriminal

  • Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin yaydığı məlumata görə, bu ilin birinci rübündə Azərbaycanda 167 nəfər İnsanın İmmunçatışmazlığı Virusuna yoluxub.

    Asiya.az
    xəbər verir ki, onların 164-ü azərbaycanlı, 3-ü əcnəbilərdir. Qeydiyyata alınmış 164 yerli sakinin 109-u (66,5 faiz) kişi, 55-i (33,5 faiz) qadındır. Qeydiyyata götürülənlərin 40,5 faizində İİV-ə yoluxma infeksion narkotik istifadəsi nəticəsində, 48,6 faizində heteroseksual, 3,2 faizində homoseksual kontakt nəticəsində, 1,6 faizində anadan uşağa keçməklə, 0,01 faizində (1 nəfər) donor qanının köçürülməsi nəticəsində baş verib. İnfeksiyaya yoluxanların 6,1 faizində yoluxma yolu müəyyən edilməyib.

    Həkim-psixiatr Abdulla Şıxlinski Lent.az -a bu xəstəliyə yoluxma yollarını sadalayıb:

    “İnsanın immun defisiti virusları QİÇS xəstəliyini törədir. Beynəlxalq ədəbiyyatda buna SPİD, AİDS, HİV də deyilir. İnsanlar arasında bu xəstəliyə yoluxma ehtimalı çox olan bir neçə risk qrupları var. Birinci belə qrup passiv homoseksuallar arasında tapılır. QİÇS ilk dəfə ABŞ-da 1982-ci ildə məhz həmin qrupdan olan şəxsdə aşkarlanıb. Xəstəliyin hüceyrələri də ən çox düz bağırsaqda olur.

    İkinci risk qrupunda qoruyucu vasitə istifadə etmədən tanımadığı adamlarla təbii yolla cinsi əlaqədə olanlar da xəstəliyə yoluxur. Virusa yoluxmuş adamlarda cinsiyyət orqanının xaricində zədələnmə olur. Tərəflərdən birində bu xəstəlik varsa, əlaqə zamanı viruslar həmin zədələnmədən qarşı tərəfə ötürülür. İnsanlarda inqubatsiya dövrü bir neçə həftədən 5 ilədək ola bilir.

    Üçüncü risk qrupuna narkomanlar daxildir. Ancaq hər narkoman da QİÇS-ə yoluxmur. Söhbət narkotik maddələri iynə ilə bədənə daxil edənlərdən gedir. Onlarda bu xəstəlikdən əlavə, qaraciyər serrozuna da tez-tez rast gəlinir. Narkomanlarda inqubatsiya dövrü çox az çəkir və əlamətlər daha tez üzə çıxır. Bunlar da heroin, tramadol vuranlardır. Son zamanlar sintetik maddələri əzib sirkəyə, distillə olunmuş suya və ya digər fizioloji məhlula qatıb venaya vuranlar da artıb. Bir iynədən bir neçə narkoman istifadə etdiyi üçün virus hamısına keçir və bir iynədən 15-20 narkoman QİÇS-ə yoluxur.

    Dördüncü risk qrupunda isə cərrahi sahədə işləyən bütün həkimlər, stomotoloqlar, ginekoloqlar, qanköçürmə stansiyalarında işləyən həkimlər, tibb bacıları yer alır. Onların ildə azı bir dəfə yoxlamadan keçməsi lazımdır. Yoluxmanın üstün olduğu sosial qruplara isə professional əxlaqsızlıqlar, tanımadığı adamların diş fırçasından istifadə edənlər daxildir. Bunu da demək lazımdır ki, QİÇS nadir hallarda məişət əşyaları vasitəsilə ötürülür”.

    Abdulla Şıxlinski virusun əlamətlərindən də söz açıb:

    “QİÇS-in bütün xüsusiyyətləri öyrənilib. Sonadək müalicəsi yoxdur. İnqubatsiya dövrü 5 ilədək ola bilir. Əlamətləri ümumi viruslarda olduğu kimi, qızdırma, kəskin halsızlıq olur. Ancaq bu virusda dəhşət ağrılar baş verir. Ən dəhşətli həddi isə kapoşi sarkoması adlanır. Bu zaman ağciyərlərin ikitərəfli pnevmaniyası, xüsusilə qaraciyərin funksiyalarının pozulması, ümumilikdə isə bütün orqanların zədələnməsi müşahidə olunur”.

    Görəsən, sağalmaq ehtimalı sıfıra bərabər olan bu ölümcül virusu insanlara yoluxduran QİÇS xəstələrinə hansısa cəza tətbiq olunurmu? Hüquqşünas Şamil Paşayev məsələ barədə saytımıza açıqlamasında bilə-bilə QİÇSİ insanlara yoluxduran şəxslərin məsuliyyətə cəlb olunduğunu qeyd edib:

    “Bilərəkdən başqa şəxsi QİÇS (HİV, İİV) ilə yoluxma təhlükəsi qarşısında qoyan şəxslər iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Təhlükədə qoyma hələ zərərçəkmiş şəxsə virusu yoluxdurma anlamına gəlmir. Yəni, xəstə olan şəxs başqaları ilə birgə eyni əşyalardan istifadə edərsə və eyni məişəti bölüşməkdə ona bu maddə tətbiq olunur. Əgər QİÇS olan şəxs bilə-bilə xəstəliyi digərinə yoluxdurursa, artıq 140.2-ci maddə tətbiq olunur. Bu maddəyə əsasən, 2 ildən 5 ilədək, 2 və daha artıq şəxsi və ya yetkinlik yaşına çatmayan şəxsi yoluxdurarsa o zaman cəza müddəti 5 ildən 8 ilədək nəzərdə tutulur. Bundan əlavə, cərrah, stomotoloq və digər ixtisaslı həkimlər QİÇS xəstəsi üçün istifadə etdikləri tibbi ləvazimatları bilərəkdən digər şəxslər üçün istifadə edərsə, 140.4-cü maddə ilə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək azadlığın məhdudlaşdırılması və ya üç ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu virusa yoluxdurma adam öldürmək üsulu kimi başa düşülə bilər. Bu zaman qəsdən adam öldürmə cinayəti kimi də tövsif olunması istisna edilmir. Nəzərə çatdırmaq lazımdır ki, cinayətin subyekti 16 yaşına çatmış istənilən fiziki şəxs ola bilər. Bu virusa yoluxdurmanın qəsdən və ya dolayı olması mümkündür. Öz vəzifəsini layiqincə yerinə yetirməyən şəxslərin əməlində isə subyektlər xüsusidir. Bunlar isə qeyd etdiyimiz kimi, həkimlər, hətta bərbərlər, manikür və pedikürlər ola bilər. Nəzərə alınmasını vacibdir ki, HİV(İİV) pozitiv olmanız QİÇS olmanız demək deyil. Vaxtında aşkarlanıb müalicə aldığınız tədqirdə bu xəstəliyə qalib gəlmək mümkündü.”.

    Qeyd edək ki, ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2020-ci ilin birinci rübünün sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-lə yaşayan 6957 nəfər şəxs rəsmi qeydiyyatdadır. Onların 4860-ı (69,9 faiz) kişi, 2097-si (30,1 faiz) qadındır. QİÇS mərhələsində olan vətəndaşların sayı 1849 nəfər, İİV infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 1054 nəfər olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər