Futbol millimiz ərəblərlə üçüncü matçına çıxır

Futbol millimiz ərəblərlə üçüncü matçına çıxır Bu gün futbol millimiz növbəti oyununu keçirəcək.

Millimiz özündən reytinqdə dörd pillə öndə olan Bəhreynlə yoldaşlıq oyununa çıxacaq.

Manamada keçiriləcək görüş üçün millimizin otel və qidalanma xərcləri ərəblər tərəfindən qarşılanıb. 2008-ci ildə Manamada 2:1 və 2012-ci ildə Bakıda 3:0 qalib gəldiyimiz bu rəqiblə oyuna yığmamız itkilərlə çıxacaq.


Belə ki, komandamızın kapitanı Maksim Medvedev, müdafiəçi Anton Krivotsyuk və yarımmüdafiəçi Dmitri Nəzərov Macarıstanla seçmə mərhələ oyununu cəza səbəbindən buraxdığından, bu səfərə də aparılmayıblar. Bundan başqa, qapıçımız Səlahət Ağayevlə hücumçumuz Mahir Emreli də zədəli olduğundan, heyətdən çıxarılıblar.

Qeyd edək ki, Bəhreyn Milli Stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Matçın baş hakimi omanlı Əhməd Əl-Kafa olacaq.

Oxşar xəbərlər