Masallıda narkotik istifadəçiləri at oynadır - VİDEO (YENİLƏNİB)

Masallıda narkotik istifadəçiləri at oynadır - VİDEO (YENİLƏNİB)
  • Sosial / Araşdırma

  • Masallı şəhərinin mərkəzi hissəsində, Heydər Əliyev Prospektində istismara yararsız bir bina var.
    Deyə bilərsiniz ki, “Hə, nə olsun?” belə binalar hər yerdə var.
    Bəli, istismara yararsız bina hər yerdə var. Lakin zirzəmisində rahat narkotik maddə alveri edilən, “narkoman”lar rahat şəkildə narkotik maddəni damarlarına inyeksiya edə biləcəyi binalar hər yerdə yoxdur.

    Yerli sakinlərin AsiyaTV-yə etdiyi şikayəti araşdırmaq üçün adı çəkilən məkanda olduq.
    Əvvəlcə bir qədər kənarda özümüzə yer seçib, gizli çəkilişə başladıq. Çox keçməmiş Masallı rayonunda hər kəsin narkotik aludəçiləri kimi tanıdıqları şəxslər həmin yerə toplaşmağa başladı. Onların bir hissəsi binanın zirzəmisinə, digər hissəsi isə binanın həyətindəki ağaclığa girdi.
    Bir saat sonra “qəhrəmanlarımız” həmin yerdən uzaqlaşdılar.

    Növbə bizim idi..
    Çəkiliş qrupumuzun üzvləri ilə zirzəmiyə və ağaclığa yaxınlaşdıq.
    Gördüklərimiz bizi şoka salırdı. Hər yer narkotik maddəni damara vurmaq üçün istifadə edilən şprislə dolu idi.
    Rastlaşdığımız mənzərə narkotiklərlə mübarizə aparan bir ölkədən, dini inanclara hörmətlə yanaşılan rayonun mərkəzi hissəsindən çox hansısa geridə qalmış Afrika ölkəsini xatırladırdı.

    Belə qanun pozutularını ictimailəşdirmək bizim, haqqında tədbir görmək isə şanlı polisimizin öhtəsinə düşür.
    AsiyaTV

    Baş verən hadisə ilə bağlı 09.06.2021-ci il tarixində DİN Mətbuat Xidmətinin Lənkəran şəhərində regional qrupun baş inspektoru Məhəmməd Rzayev Asiya.az-a açıqlama verib:

    "Asiya.az saytında verilmiş “Masallıda narkotik istifadəçiləri at oynadır” başlıqlı yazı ilə əlaqədar bildirirəm ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
    Sözügedən ərazi də mütəmadi olaraq nəzarətdə saxlanılır. Bununla əlaqədar bildirirəm ki, yazıda qeyd olunan həmin ünvana baxış keçirilərkən narkotik vasitələrdən istifadə etməkdə şübhəli bilinən bir neçə şəxs saxlanılıb və hazırda həmin faktlarla bağlı araşdırma aparılır. Bu kimi hallara qarşı mübarizə tədbirləri davam etdirilir."
    PAYLAŞ:

    Oxşar xəbərlər