"Qarabağda xidmət sahəsi üzrə sahibkarlıq fəaliyyəti üçün layihə təqdim etməyi planlaşdırıram” - Aynur Musayeva

"Qarabağda xidmət sahəsi üzrə sahibkarlıq fəaliyyəti üçün layihə təqdim etməyi planlaşdırıram” - Aynur Musayeva
  • İqtisadiyyat

  • Fevralın 13-ü Ağdam şəhərində çıxış edən prezident İlham Əliyev ölkənin iş adamlarını işğaldan azad edilmiş ərazilərə sərmayə qoymağa çağırıb: “Azərbaycanda biznes üçün, sahibkarlar üçün çox gözəl şərait yaradılıb. Dövlət sahibkarları dəstəkləyir, həm mənəvi-siyasi dəstək verilir, eyni zamanda güzəştli kreditlər verilir. Bölgələrdə infrastruktur layihələrinin icrası sahibkarlıq üçün də gözəl imkanlar yaradır. Ona görə Azərbaycan sahibkarları gərək azad edilmiş torpaqlara gəlsinlər və burada müəssisələr qursunlar, iş yerləri yaratsınlar. Biz azad edilmiş torpaqları ancaq bu yolla tezliklə canlandıra bilərik”.
    Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının üzvü, Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva açıqlama yayaraq qeyd edib ki, işğaldan azad edilmiş ərazilərə sərmayə yatırmaq, Qarabağı dirçəltmək müqəddəs işdir: “Bu baxımdan prezident İlham Əliyevin sahibkarları Qarabağa sərmayə yatırmağa çağırması hər bir biznes sahibi qarşısında mühüm vəzifələr qoyur. Qadın sahibkarlar da bu prosesdə fəal iştirak etməyə hazırdır. Qarabağ və Şərqi Zəngəzurda çox böyük sahibkarlıq imkanları var, dövlətin tətbiq etdiyi güzəşt və imtiyazlar həmin ərazidə qurulan bizneslərin inkişafına zəmin yaradır. Dövlət başçısının 10 dekabr 2021-ci ildə imzaladığı sərəncam sahibkarlar üçün vergi, sosial sığorta, kommunal xidmətlər üzrə güzəştlər nəzərdə tutur. İstehsal fəaliyyəti ilə məşğul sahibkarların idxal etdikləri xammal və materiallar gömrük rüsumundan azad olunacaq, eləcə də alternativ enerji sistemlərinin qurulması ilə bağlı stimullaşdırıcı tədbirlər həyata keçiriləcək. Bütün bunlar sahibkarlar üçün aşağı maya dəyərli, rəqabətə davamlı məhsul istehsal etmək və xidmətlər yaratmaq deməkdir.

    Qarabağ və Şərqi Zəngəzurun unikal təbiəti, zəngin resursları bölgənin investisiya cəlbediciliyini daha da artırır. İşğaldan azad olunmuş ərazilərdə təbii resurslara əsaslanan istehsal müəssisələrinin yaradılması, tikinti materiallarının istehsalı, turizm, kənd təsərrüfatı məhsullarının tədarükü və emalı, eləcə də ticarət və müxtəlif növ xidmət sahələri üzrə geniş biznes imkanları var. Sahibkarların bu işdə fəal olması və Qarabağa sərmayə yatırması yeni-yeni müəssisələrin, minlərlə iş yerinin açılmasını təmin edəcək. Bizneslərin Qarabağa axını iqtisadi həyatın canlanmasına yol açaraq böyük qayıdışı daha da tezləşdirəcək”.

    Aynur Musayeva əlavə edib ki, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının bir neçə üzvünün Qarabağda reallaşdırmaq istədikləri biznes layihələri dövlət qurumlarına təqdim edilib: “Mənim də sahibkar və qarabağlı, laçınlı olaraq belə bir arzum var. Qarabağda xidmət sahəsi üzrə sahibkarlıq fəaliyyəti üçün müraciət etməyi, layihə təqdim etməyi planlaşdırıram”.
    PAYLAŞ:

    Oxşar xəbərlər