Asiya.az Trend-ə istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.
Məlum olub ki, Samir Şirəliyev ov silahı əldə etməsinə icazə almaq üçün Daxili İşlər Nazirliyinə müraciət edib. Razılıq alandan sonra Yasamal rayonu ərazisində yerləşən Ovçular mağazasından 1200 manata ov tüfəngi və patronlar alıb. O, güllə atmağı öyrənmək üçün Novxanıda poliqonda məşq edib. Daha sonra Zaur Yusifovu izləyib, onun yaşadığı evin blokunda gizlənib. Həmin vaxt Zaur Yusifov "Instagram”da canlı videogörüntü paylaşıb. Bu zaman Samir Şirəliyev videodakı məkandan onun çay evində olduğunu müəyyənləşdirərək oraya gedib.
Zaur Yusifov çay evindən çıxıb mağazaya daxil olarkən S.Şirəliyev onu qətlə yetirib. Samir Şirəliyevə bu qətl hadisəsinə görə Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsilə ittiham verilib. Ona qarşı, həmçinin Cinayət Məcəlləsinin 228.4 (qanunsuz olaraq soyuq silah əldə etmə, saxlama) maddəsilə də ittiham irəli sürülüb. İddia olunur ki, üzərindən döyüş bıçağı da tapılıb.
Samir Şirəliyev bu ittihamlara münasibət bildirərkən özünü qismən təqsirli bilib. O, soyuq silahla bağlı ittihamı qəbul etməyib, özünü Cinayət Məcəlləsinin 120.1 maddəsilə təqsirli bilib.
Samir Şirəliyev cinayəti törədəndən sonra gedib xalası oğlunun Masallıdakı məzarını ziyarət edib, orada da təslim olmağı planlaşdırıb. Amma sonradan fikrini dəyişib: "Fikirləşdim ki, evdəkilərə narahatlıq yaradaram. Ona görə qərara gəldim ki, elə Cəlilabadda təslim olum. Cəlilabad rayon Polis Şöbəsinə gedib təslim oldum”.
Vəkillər Samir Şirəliyevin nəzərinə çatdırıb ki, xalası oğlunun qətlinə görə daha bir nəfər – Həsən Tağıyev də həbs olunub. Ona məhkəmənin hökmüylə 18 il həbs cəzası kəsilib. Elə həmin məhkəmə də Zaur Yusifovu təqsirsiz hesab edib, ona bəraət vermişdi. Belə olan halda, niyə Həsən Tağıyevi yox, Zaur Yusifovu hədəf seçməsini Samir Şirəliyev bu cür izah edib: "Həsən onu təkbaşına öldürə bilməzdi. Emini öldürmək onun başı üçün deyildi. Bilirdim ki, o öldürüb, sadəcə, məhkəmə nəyə görəsə, hansısa yolla bəraət verib”.
Xatırladaq ki, qətlə yetirən Zaur Yusifov kriminal aləmdə "Lotu Qulinin yaxın adamı” və "Emin 444” (avtomobilinin nömrəsinə görə) kimi tanınan Emin Səfərovu öldürməkdə təqsirləndirililərək həbs edilmişdi. Uzun müddət bu ölüm işinə görə Həsən Tağıyev adlı başqa bir təqsirləndirilən şəxslə birlikdə mühakimə olunan Zaur Yusifova sonda bəraət verilmişdi. O, 2021-ci ilin oktyabrında bəraət hökmüylə məhkəmə zalından azadlığa buraxılmış, Həsən Tağıyevə isə 18 il həbs cəzası kəsilmişdi.
Zaur Yusifovu qətlə yetirən 22 yaşlı Samir Şirəliyev mərhum Emin Səfərovun (Emin 444) xalası oğludur.