“ABŞ dünən yaranan dövlətdir və bu dövlətdə adət-ənənədən danışmaq yersizdir” — Anar İsgəndərov

“ABŞ dünən yaranan dövlətdir və bu dövlətdə adət-ənənədən danışmaq yersizdir” — Anar İsgəndərov
  • Araşdırma / Siyasət

  • Azərbaycan xalqını dünyanın ən qədim xalqlarından biri olduğunu qeyd edən Milli Məclisin deputatı, tarixçi-alim Anar İsgəndərov Demokrat.az-a açıqlamasında bildirib ki, dünyanın əksər xalqlarından fərqli olaraq xalqımız min illər boyu yaratdığımız bir çox nümunələri bu gün də qoruyub saxlaya bilib. Deputat qeyd edib ki,  Azərbaycan “yağlı tikə” olduğu üçün qərbdən şərqə, cənubdan şimala müxtəlif axınlar, hücumlar olub və bu hücumların nəticəsində Azərbaycan ayrı-ayrı dövrlərdə bu və ya digər işğalçı dövlətə qarşı mübarizə aparmalı olub:

    “Bu mübarizədə itirdiklərimiz də, qazandıqlarımız da olub. Həmin mübarizə Azərbaycanın folklorunda, nağıllarında, dastanlarında nəsildən-nəsilə ötürülən ədəbiyyatında öz əksini tapıb. Dövlət nə zaman xoşbəxt olur, nə zaman rahat olur? Təbii ki, milli dəyərlərinin sahibi olanda, adət-ənənələri güclü olanda. Tarixdən bizə məlumdur ki, Qərb dövlətlərinin inkişafı bu baxımdan doğurdan da nümunədir. Düzdür, ABŞ dünən yaranan dövlətdir və bu dövlətdə adət-ənənədən danışmaq yersizdir. Çünki dünən yaranan dövlətin nə adət-ənənəsi ola bilər? ABŞ üçün əsas olan qanundur, qanunda nə yazılıbsa, ona riayət olunur. Amma Qərb dövlətləri - almanı da, fransızı da, ingilisi də, ispanı da qanundan qabaq öz adət-ənənəsi ilə öyünür, ona istinad edir. Çünki qədim tarixə malikdirlər, qədim mədəniyyətə sahibdirlər. Azərbaycan xalqı da bu cəhətdən bəxti gətirənlərin sırasındadır. Biz min illər boyu adət-ənənəmizlə, milli və dini dəyərlərimizlə öyünürük. İslamı qəbul etdikdən sonra xilafətin hansı dəyərləri varsa, hansı uğurları varsa bizim uğurlarımızdır. Xilafət mədəniyyətinə, təhsilinə, elminə bizim də kifayət qədər verdiklərimiz olub. Eyni zamanda, bu vahid bir mədəniyyət olduğuna görə, bu düşüncə islam düşüncəsi, vahid düşüncə olduğuna görə hər bir xalq həm ora verib, həm də oradan götürüb. Bu cəhətdən Azərbaycan xalqının da qazandıqları çox olub”. 

    Dövlətçiliyin tarixi təcrübə olduğunu bildirən A.İsgəndərov onu da əlavə edib ki, bu təcrübənin sahibi olanlardan biri də Azərbaycan xalqıdır: 

    “Tarixdən bilirsiniz ki, müstəqil xanlıqlar yarandı. Müstəqil xanlıqlar tarix üçün nə qədər uğurlu bir tarix olsa da, amma nöqsanı da var idi. Çünki eyni dildə danışan, eyni dinə qulluq edən insanlar birləşə bilmədi. 21 xanlıq yaradıldı, halbuki bu 21 xanlığın hər birində dil eyni dilidir, eyni dindir. Onun nəticəsidir ki, 19-cu əsrin əvvəllərində bu xanlıqlar az müddət ərzində işğal edildi və onların müstəqiliyinə son qoyuldu. Biz ondan hansı nəticəni çıxara bildik. 1918-ci ildə qurulan cümhuriyyət dövlətçilik tariximiz üçün zirvədir. 23 ay yaşayan bu dövlət 350 ilkə imza atdı. Bakı Azərbaycanın tarixində ilk dəfə olaraq Azərbaycan deyilən dövlətin paytaxtı oldu. “Azərbaycan” ifadəsi 1918-ci ilə qədər coğrafi ad idi, 1918-ci ildən sonra coğrafi məfhumu siyasi məfhuma çevrildi. Dövlət Azərbaycan adlanmağa başladı. Müsəlman şərq tarixində parlament yaradıldı. Bizə şöhrət gətirən hadisələrdən biri ilk dəfə olaraq seçkilərdə qadın və kişi bərabərliyi elan olundu. Halbuki, bizə demokratiyadan dərs keçən Avropa dövlətinin əksəriyyəti bu müddəanı İkinci Dünya Müharibəsindən sonra qəbul etdilər. Din haqqında,  ordu haqqında qanun və ən nəhayət 1920-ci ilin yanvarında Paris Sülh Konfransının Ali şurası bizi  de-fakto tanıdı. Biz beynəlxalq münasibətlər sistemində yer ala bildik, beynəlxalq münasibətlərin subyektinə çevrildik. Bu, Azərbaycan xalqının böyüklüyünü göstərir, zəngin təcrübəsini göstərir. Eyni zamanda, xalq olaraq dünya dövlətlərinə olan münasibətimiz, tolerantlıq baxımından bu gün Azərbaycan doğurdan da dünyaya nümunədir. Buna görə, heç kimi inandırmaq lazım deyil”. 

    “Bu gün istənilən biri əqidəsindən asılı olmayaraq, Azərbaycana gəldikdə, son maraqlı bir hadisənin, maraqlı  mənzərənin şahidi olur. Azərbaycanda azərbaycanlı da, yəhudi də, rus da, ukraynalı da, belarus da, eyni zamanda Azərbaycan adı altında birləşən türklər, talışlar, tatlar, ləzgilər də qanun qarşısında bərabərdirlər, biri o birindən üstün deyil. Hər birinin dininə islami dəyərlərə münasibət necədirsə, qeyri-islami dinlərə də münasibət eynidir. Bu dünyanın çox az yerində, bəlkə də heç yerində təsadüf edilməyən hadisədir ki, Azərbaycanda tolerantlıq ən yüksək səviyyədədir. Din dövlət münasibətləri 70 illiyin sovet dönəmi bizi dinə qarşı qaldırmışdısa, din dövlət münasibətlərində müharibə elan olunmuşdusa, bu gün Azərbaycan bu cəhətdən xoşbəxtdir. Din dövlət münasibətləri ən yüksək səviyyədədir. Azərbaycan Konstitusiyasına görə din dövlətdən ayrıdır, hər bir vətəndaşının hüquqları, vəzifələri qorunur. O cümlədən də dindar və qeyri-dindar vətəndaşa olan münasibətdə ikili siyasət yoxdur. Azərbaycan vətəndaşıdır, onun hüquqları qorunur. Azərbaycan vətəndaşıdır, onun dini və tarixi  abidələri qorunur. Bu gün biz bunun canlı şahidiyik”, - deyə deputat qeyd edib.

    Müsahibimiz qeyd edib ki, Azərbaycan türk dünyasının bir parçasıdır:

    “Azərbaycan qərb və şərqi birləşdirən ipək yolu üzərində olduğuna görə bu cəhətdən onun bəxti gətirib. Bu gün də türk dövlətləri arasında münasibətlərin sərinləşməsində, bu dövlətlər arasında iqtisadi, siyasi, mədəni başqa sahələrdə inkişaf deyiləndə Azərbaycan xatırlanır. Azərbaycan bu dövlətlər arasında münasibətlərin inkişafında müstəsna xidməti var, xüsusilə Azərbaycan və Türkiyə münasibətləri dünyanın heç bir münasibətinə bənzəməyən münasibətdir. Biz həmişə  tarixdən misal gətirəndə deyirik ki, dövlətin dövlətə məhəbbəti olmur, dövlətin dövlətə marağı olur. Amma son dövrün hadisələri göstərdi ki, dövlətin də dövlətə məhəbbəti olub, bu Türkiyə Cümhuriyyətindən Azərbaycana, Azərbaycandan Türkiyə Cümhuriyyətinə olan münasibətidir. Sadə halda acı da olsa misal gətirim. Bu günlərdə  Türkiyə Cümhuriyyətində baş verən zəlzələ və zəlzələyə dünyada olan münasibəti, təbii ki, bütün dünya Türkiyəyə yardım edir. Amma Azərbaycanın Türkiyədə dünyasını dəyişən insanlara, yaralı insanlara münasibəti tamam başqa formadadır. Elə bil ki, o zəlzələ Azərbaycanın ən yaxın dostunla yanaşı, azərbaycanlının özünə qarşı olan təbii fəlakətdir. Bizim hamımız  əlimizdən gələni edirik. Buna kimsə yuxarıdan göstəriş vermir. Dövlət başçısının zəlzələnin  birinci dəqiqəsində Türkiyənin yanında olmasının və Azərbaycan Türkiyə üçün etdikləri əyani misaldır. Bu günlərdə yardımın Türkiyəyə çatdırılması üçün Türkiyədə olan ağrıları, acıları götürmək üçün Türkiyə cəmiyyətinə  yardımların daşınması göz qabağındadır. Çünki xalqın böyüklüyü milli dəyərlər hörmətdir, yaşlılara qayğıdır, uşaqları qorumaqdır, təhsil sahəsində uğurlar qazanmaqdır. Bu gün Azərbaycan dövləti dövlət olaraq, xalq olaraq Türkiyənin yanındadır, ona dayaq durmağa hazırdır. Bu gün Azərbaycan  həm müsəlman, həm Yaxın Şərq, həm Mərkəzi Asiya ölkələri ilə ən yüksək səviyyədə münasibətlər qurub. Bu gün Avropanın enerji sahəsində müəyyən çatışmamazlıqlar var, amma Azərbaycan da əlini Avropaya uzadıb. Son zamanlar Azərbaycan dövlət başçısının Avropa dövlətlərimin rəhbərləri tərəfindən işgüzar səfərlərə dəvət olunması, o deməkdir ki, bu gün Azərbaycan xalqı xoşbəxtdir. Çünki dünyanın müəyyən probleminin həll olunmasında Azərbaycan dövlət başçısı əlindən gələni edir. Bu da Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin qorunması baxımından atılan mühüm addımdır”, - deyə, A.İsgəndərov sonda fikirlərini yekunlaşdırıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər