Alim həkim Masallı xəstəxanasına bölmə müdiri təyin edildi

Alim həkim Masallı xəstəxanasına bölmə müdiri təyin edildi
  • Masallı / Manşet / Siyasət

  • Tibb elmləri üzrə fəlsəfə doktoru Alim Məmmədov Masallı Rayon Mərkəzi Xəstəxanasının Əməliyyatxana bölməsinin müdiri vəzifəsinə təyin edilib.

    Asiya.az xəbər verir ki, Məmmədov Alim İslam oğlu 1963-cü ilin yanvar ayının 14-də Masallı rayonunun Böyük Xocavar kəndində anadan olmuşdur.
     
    1981-ci ilin noyabr ayından 1983-cü ilin noyabr ayına kimi Belorusiya SSR-nin ərazisində Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1984-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitunun 2-ci müalicə-profilaktika fakultəsinə daxil olub, 1990-cı ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir. Oxuduğu illərdə təhsildə qazandığı yüksək nailiyyətlərə görə Lenin təqaüdünə layiq görülmüşdür. 1990-cı ilin sentyabr ayından 1992-ci ilin sentyabr ayına kimi ATU-nun ümumi cərrahiyyə kafedrasının klinik ordinatoru, 1992-ci ilin noyabr ayından 1995-ci ilin noyabr ayına kimi həmin kafedranın aspirantı olmuşdur. 1996-cı ildə “Qanaxma ilə ağırlaşmış mədə və onikibarmaq bağırsaq xoralı xəstələrdə müalicə taktikasının seçilməsinin müasir aspektləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsini almışdır. 

    Alim Məmmədov 1995-cı ildən 2015-ci ilə kimi ATU-nun ümumi cərrahlıq kafedrasının assistenti, 2015-ci ildən 2023-cü ilin iyul ayına kimi həmin kafedranın dosenti vəzifəsində çalışmışdır. 32 ildən artıq cərrahi, 25 ildən artıq pedaqoji  təcrübəyə malikdir. 2 dərs vəsaitinin, 2 metodik tövsiyyənin, 2 səmərələşdirici təklifin, 2 metodik dərs vəsaitinin  və 100-ə yaxın elmi məqalə və tezisin müəllifidir.

    Qeyd edək ki, Tibb elmləri üzrə fəlsəfə doktoru Alim Məmmədov Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlqar Məmmədovun qardaşıdır.
    ///Asiya.az 

    PAYLAŞ:

    Oxşar xəbərlər