Həsən bəy Zərdabi və Milli Mətbuat Günümüz

Həsən bəy Zərdabi və Milli Mətbuat Günümüz
  • Manşet / Siyasət

  • Anar İsgəndərov, 
    Millət vəkili, professor 

    Sovet dönəmində orta məktəblərdə Zərdabi tədris olunmurdu. BDU-nun Tarix fakültəsinin tələbəsi olanda da Zərdabini bizə tanıtmadılar. Bizə elə gəlirdi ki, Zərdabi qəzet nəşr etdiyi üçün onu jurnalistika və filologiya fakültəsinin tələbələri öyrənməlidirlər. Qənaətimiz yanlış imiş.
     
    İllər ötdü. Universitetdə Tarixşünaslıq fənninin tədrisinə başladım. Çətinliklə də olsa, fənnin proqramında o  dəyişiklik edə bildim. Sovet tarixşünaslığından dörd mühazirəni ixtisara salıb, əvəzində Azərbaycan tarixşünaslığına saat ayırdım. İlk mühazirə Abbasqulu ağa Bakıxanov və onun “Gülüstani-İrəm” əsərinə həsr olundu. Hiss elədim ki, tələbələr mühazirədən razı qaldılar. Ürəyimdə mərhum filosof, professor Ənvər Əhmədova dualar etdim. İki il onun rəhbərlik etdiyi fəlsəfə kafedrasında işləməsəydim və maarifçilik fəlsəfəsi ilə bağlı əsərlərini oxumasaydım, Bakıxanovu bu dərəcədə tanıya bilməzdim və tələbkar tələbələrimi razı sala bilməzdim. 
           
    Professor Ənvər Əhmədov sovet dönəmində Bakıxanovu bizə dürüst və sağlam düşüncə ilə təqdim edən ilk tədqiqatçımızdır. İdealist Bakıxanovu tədqiq edərkən çətinlikləri çox olmuşdu. Tədqiqatçılar “ateizm” axtarışında olanda Ənvər müəllim “Abbasqulu ağa Bakıxanovun dünyanı anlaması” adında doktorluq dissertasiyası yazdı və uğurla müdafiə etdi. Bütün həyatı boyu Bakıxanovun irsini tədqiq etməklə Azərbaycan maarifçiliyini bütün şübhələrdən xilas etdi.
       
    İkinci mühazirəni Azərbaycan maarifçi-demokratların nümayəndəsi Axundzadəyə həsr etdim. Mühazirənin ən maraqlı yeri 18-ci əsr fransız maarifçiləri ilə Mirzə Fətəli düşüncəsinin müqayisəsi oldu. Tələbələrin Axundzadə ilə bağlı oxuduqları ilə arxiv sənədləri çox zaman üst-üstə düşmürdü.
    Dərs ilinin birinci semestrini Azərbaycan tarixşünaslığına həsr olunan iki mühazirə ilə başa vurdum.
       
    Dərs ilinin ikinci semestrinin başlanmasına iki ay qalırdı. Üçüncü mühazirənin kimə həsr olunması ilə bağlı tərəddüdlərim var idi. 19-cu əsrin ikinci yarısı-20-ci əsrin əvvəllərinin görkəmli tədqiqatçısı, professor mərhum Xeyrulla Məmmədovdan məsləhət istədim. Çox sərt şəkildə :”Azərbaycan tarixində və ədəbiyyatında Həsən bəydən uca zirvə yoxdur. Biz ədəbiyyatçıları məcbur ediblər ki, onun bütün fəaliyyətini  “Əkinçi” qəzeti ilə məhdudlaşdıraq. Siz tarixçilər də Zərdabidən uzaq durursunuz. Əslində Həsən bəy ədəbiyyatçılardan daha çox tarixçilərin tədqiqat mövzusudur.”
    Beləliklə, Həsən bəy Zərdabinin tədqiqinə başladım. 
         
    Həsən bəyi öyrəndikcə onunla fəxr edir, digər tərəfdən təəssüf edirdim ki, bu böyük dahi diqqətdən kənarda qalıb. Həsən bəyi öyrəndikcə tələbələrimə aşağıdakıları çatdırırdım:

    Azərbaycanda milli-azadlıq hərəkatının ilk qaranquşu Həsən bəy olub.
    Böyük rus tarixçisi S. Solovyov (1820-1879) Moskva Dövlət Universitetinin rektoru olanda Həsən bəy də həmin ali məktəbin fizika-riyaziyyat fakültəsinin təbiət elmləri şöbəsinin tələbəsi idi.
    Tarixdə çox az tələbəyə nəsib olur ki, rektor tələbəsindən nəyi isə öyrənsin. Solovyov Şərqlə, o cümlədən, İslamla bağlı bilmək istədiklərini Həsən bəydən soruşurdu. Üstəlik boyük rus tarixçisinin qızı da Həsən bəyə vurulmuşdu. İllər ötəcək, Həsən bəy nəcabətli Hənifə xanımla ailə quracaq, günlərin birində Hənifə xanım soruşacaq, bəy, niyə rektorun qızı ilə evlənmədin? Bəyin cavabı təqribən belə olacaq: Mən xristian qızı ilə evlənsəydim xalqım məni başa düşməzdi. Xalqıma xidmət etmək üçün Vətənimdə olmalıydım. Həsən bəy dindar idi. Sovet dönəminin materialist ideologiyası Həsən bəyi heç vaxt təbliğ etməzdi və etmədi də. Amma Zərdabidən imtina da edə bilmədi. Ona görə bu dahi şəxsiyyətin fəaliyyətini 56 sayı işıq üzü görən “Əkinçi” ilə məhdudlaşdırdı.

    Həsən bəy nadir şəxsiyyətlərdəndir ki, heç bir çar məmurunun qabağında əyilmədi, kimdən nə isə ummadı. Tiflis torpaq palatasının işçisi, Bakı quberniya idarəsində və Qubada dairə məhkəməsinin katibi olanda şəxsiyyətini aşağılamamaq üçün işdən çıxmaq haqqında ərizəyə üstünlük verdi. Qubada gecə yarısı bir namərdin atdığı güllə mərdlik etdi. Güllə Həsən bəyin başından bir az yuxarı divara dəydi.
    Həsən bəy Azərbaycanda milli şüurun və vətənpərvərlik ruhunun təbliğində əvəzsiz xidməti olan şəxsiyyətdir. Qoca Axundzadə rus-tatar məktəbi fikrini irəli sürəndə, gənc Həsən bəy türk-tatar məktəbini tələb edirdi.

    Həsən bəy bütün ömrü boyü xalqının maariflənməsi üçün mücadilə edib.
    Həsən bəy müsəlman şagirdləri üçün yardım cəmiyyəti təsis etdi. Azərbaycanın qəzalarını dolaşaraq şagirdlərin təhsil alması üçün pul topladı. Heç kimin edə bilməyəcəyini etdi-mənzilində pansionat açdı, azərbaycanlı uşaqlara bu pansionatda dərs keçir, onların dəftər-qələmini alır, hətta geyiminə də köməklik göstərirdi. Fransalı jurnalistin yazdığı kimi, gözümlə gördüyümü yazsam belə, mənə inanmazlar, çünki Həsən bəyin və həyat yoldaşının elədiklərini heç bir avropalı etmir və edə bilmir. 

    Həsən bəy böyük şəxsiyyət olub. 19-20-ci əsrin əvvəllərində Milləti üçün etdiklərini ortaya qoyanda onunla müqayisə oluna biləcək bir başqası yoxdur.

    “Əkinçi” haqqında kifayət qədər yazılıb.  Sovet dönəmində həm qəzetdən, həm də müəlifdən xəsisliklə yazırdılar.
    Hələ onu demirəm ki, yazılanların çoxu düzgün yazılmayıb.

    Əkinçi 1875-ci il iyulun 22-də həyata vəsiqə aldı, 1877-ci il sentyabrın 29-da isə nəşri dayandırıldı. Həsən bəy qəzetin yenidən nəşrə başlaması üçün çoxlu qapılar döydü, çar məmurlarının və erməni düşmənçiliyinin müqaviməti ilə qarşılaşdı. Amma əyilmədi, yolundan dönmədi. Qəzetin cəmi 56 sayı işıq üzü gördü. Həsən bəy qəzet bağlananda məyus olsa da , artıq yay oxundan çıxmışdı. Cənubi Qafqazda sayca hamıdan çox olan azərbaycanlıların imzası da “Əkinçi”nin timsalında göründü. Həsən bəy rus təəbəsi olsa da, 1877-1878-ci illər rus-türk müharibəsində Osmanlı tərəfi  müdafiə etdi.

    Ermənilərin torpaq iddiarına qarşı ilk etirazlar “Əkinçi”də yer alıb. Bu kəskin yazıların müəllifi Həsən bəy Zərdabi idi.
    “Əkinçi”ni bağlamaq üçün ermənilər Bakıya yeni təyin olunan qubernatordan məharətlə istifadə etdilər. Erməni millətçi dairələri Həsən bəyi Bakıdan uzaqlaşdırmaq üçün hər cür sövdələşməyə getdilər. Həsən bəy Bakı gimnaziya müəllimliyindən istefa verməyə məcbur edildi, amma təklif olunan Stavropola getmədi. Düz 16 il doğulduğu Zərdabda yaşadı.
         
    Həsən bəy 1907-ci noyabrın 28-də 70 yaşında vəfat etdi. Bakı öz tarixində ilk dəfə  Həsən bəyi son mənzilə yola salmaq üçün insan selinin şahidi oldu. Azərbaycanda bütün xalqın sevgisini qazanan ilk şəxs Həsən bəy Zərdabi olmuşdur.
       
    Həsən bəyin arzuladığı və uğrunda mübarizə apardığı müstəqil Azərbaycan otuz ildən çoxdur ki, yaşayır və yaradır. Uzun illər düşmən işğalı altında qalan torpaqlarımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında azad edildi. 44 günlük Vətən Müharibəsində bütün xalq dəmir yumruq kimi birləşdi. Bu işdə Azərbaycan jurnalistləri mümkün olanı etdilər. Bəziləri qələmi süngüyə, bəziləri isə qələmlə süngünü birləşdirdi. Azərbaycan-Ermənistan cəbhəsində müharibə dayanıb, amma ideoloji müharibə dayanmayıb, əksinə bir az da geniş vüsət alıb. Azərbaycan jurnalisti bu cəbhənin qəhrəmanı kimi vuruşur və  Azərbaycan həqiqətlərini dünyaya car çəkir. Qarabağ uğrunda şəhid olanların qəhrəmanlıq tarixini gün-gün, saat-saat qələmə alır, düşməni rahat tərpənməyə qoymur. Çünki qalib ölkənin qalib jurnalistidir.
         
    Əslində, Həsən bəy Azərbaycan uğrunda şəhid olanların birincisidir. Onun arzuladığı müstəqil dövlət 23 ay şərəflə yaşadı, amma yağı düşmən güclü çıxdı. 70 illik sovet dönəmində meydan “Pravda” və digərlərinin idi, ”Əkinçi”yə yer yox idi.

    Yenidən müstəqiliyə qovuşmağımız bizə Milli Mətbuat Gününü bəxş etdi. 2003-cu ilin martında Ulu Öndər Heydər Əliyevin xeyir-duası ilə Milli Mətbuat Şurası yaradıldı. Bu Şura yarandığı  gündən Azərbaycan cəmiyyətinə xidmət edir.
         
    Bu gün iyulun 21-də hər bir azərbaycanlının qürur mənbəyi sayılan Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Qlobal Media Forumu keçirilir. Azərbaycan dövlətinin başçısı, Şuşanın fatehi İlham Əliyev növbəti tarixi çıxışını etdi. Şuşa Forumu qalib dövlətin qazandıqlarının dünyaya bəyan edilməsinə həsr olunub. Azərbaycan jurnalistika məktəbinin patriarxlarından olan və ilk  təhsilini Şuşada alan Əhməd bəy Ağaoğlunun ruhu bu gün şaddır. Çünki Şuşa azaddır, Şuşa Foruma ev sahibliyi edir.
         
    Bu gün Həsən bəyin ruhu şaddır. Çünki müstəqil Azərbaycan Həsən bəyi Vətəninə qaytardı. Bu gün Həsən bəyin jurnalist komandası öz dövlətinin uğurlarından yazır, dövlət də jurnalisti üçün mümkün olanları edir. Ruhun şad olsun, ustadımız Həsən bəy. Mətbuat günümüz mübarək!
    PAYLAŞ:

    Oxşar xəbərlər