Astarada torpaq sürüşməsi aktivləşdi - FOTOLAR

Astarada torpaq sürüşməsi aktivləşdi - FOTOLAR
  • Astara / Sosial

  • Astara rayonunun Süvü kəndində aktivləşən torpaq sürüşməsi 150 – 200 metr uzunluğuna, 20 – 30 metr aşağı istiqamətə doğru genişlənib.

    Bir neçə ev üçün təhlükəli vəziyyət yaranıb. Evlərin divarlarında çatlar əmələ gəlib.

    Asiya.az–ın verdiyi xəbərə görə Astara rayonunun Şüvü kəndində torpaq sürüşməsi aktivləşib. Əvvəllər bu ərazilərdə köhnə evlər olsa da, heç bir sürüşmə faktı qeydə alınmayıb. Sürüşməsi son iki ildə hiss olunmağa başlayıb. Sakinlər yeni evlər tikərkən evlərin bünövrələrini möhkəm edirlər. Hələ ki, yeni tikilən evləri saxlayan da yerə vurulan 5 – 10 metr dərinliyində olan kalonlardır. Son günlər rayon ərazisində yağan güclü qardan sonra, torpaq sürüşməsi 150 – 200 metr uzunluğuna, 20 – 30 metr aşağı istiqamətə doğru genişlənib.Hazırda isə sürüşmənin qabağını almaq mümkün deyil. Sürüşən torpaq qatı qarşısına keçəni aparır. Kənd sakini Afərin Əsgərova məxsus ev isə tamam yararsız vəziyyətə düşüb. Ev sahibi deyir ki, yeni tikdiyi evin divarlarında çatlar yaranıb. Gecələr divarlardakı səs – küy əlindən qalmaq olmur. Buna görə də o, ailəsini qohumlarının evinə göndərmək məcburiyyətində qalıb.

    Torpaq sürüşməsi qonşu tikililərərə də ziyan vurmaqla yanaşı, sitrus bağlarını məhv edib.

    Astara Rayon İcra Hakimiyyəti aparatından bildirildi ki, Şüvü kəndində baş verən torpaq sürüşməsi ilə bağlı əraziyə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri və fərdi yaşayış evinin texniki vəziyyətinin araşdırılması məqsədilə, Azərbaycan Respublikası Fövqalada Hallar Nazirliyi, Tikintidə Nəzarət Dövlət Agentliyinin, Dövlət Baş Layihə İnstitunun texniki şöbəsinin işçiləri tərəfindən baxış keçirilib, müvafiq aktlar tərtib olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin  mütəxəssisləri tərtib etdikləri rəydə atmosfver yağıntılarının təsirindən uzunluğu 80 – 90 metr, eni 30 – 35 metr və qırılma daşın hündürlüyü 0,2 – 0,5 metr ölçüsündə sürüşmə sahəsi qeyd edilib. Azərdövlət Baş Layihə İnstitunun texniki şöbəsinin işçiləri tərəfindən fərdi yaşayış evinin texniki vəziyyəti ilə bağlı rəyində fərdi yaşayış evi məhdud işlək vəziyyətində olduğu aktlaşdırılıb.

    Astara Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Fəqan Əhmədov APA – ya bildirib ki, “2024 – cü ilin yanvar ayında havaların yağıntılı keçməsi ilə əlaqədar, həmin ərazidə torpaq sürüşməsi aktivləşərək, qorumsuz sahədə yerləşən Məmmədov İsmayıl Mahmud oğluna məxsus torpaq sahəsinə də keçmiş, nəticədə uzunluğu 150 – 200 metr, eni 20 – 30 metr, qırılma daşın hündürlüyü 0,8 – 1 metr olan ərazidə torpaq sahəsinin çökməsi ilə sürüşməsi baş vermişdir. Torpaq sahəsinin çökməsi və sürüşməsi fərdi yaşayış evlərinin bünövrə hissəsinin yaxınlığında baş verdiyindən həmin evlər üçün təhlükəli vəziyyət yaratmışdır. Fərdi yaşayış evlərinə baxış keçirilib. Qanuna müvafiq qaydada kömək göstərilməsindən ötrü Azərbaycan Respublikası Fövqalada Hallar Nazirliyi, Tikintidə Təhlükəsizlik Nəzarət Dövlət Agentliyinə yenidən müraciət olunmuşdur”

    Qeyd edək ki, torpaq sürüşməsi davam edərsə, aşağı istiqamətdə olan evlər üçün də təhlükə yarana bilər.







    PAYLAŞ:

    Oxşar xəbərlər