Qarabağ və şərqi Zəngəzurda mövcud olansu resursları bu gün aqrar sahənin inkişafına böyük töhfələr verir

Qarabağ və şərqi Zəngəzurda mövcud olansu resursları bu gün aqrar sahənin inkişafına böyük töhfələr verir
  • Masallı / Siyasət

  • “Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları bizim ümumi su resurslarımızın 25 faizini təşkil edir. Bu su resurslarının əsas xüsusiyyəti, müsbət tərəfi odur ki, bunlar daxili mənbələr hesabına formalaşan su resurslarıdır. Çünki bildiyiniz kimi, bizim əsas çaylarımız xaricdən gəlir - Kür çayı, Araz çayı, Samur çayı. Bizim əsas çaylarımız xaricdən gəlir, ona görə Qarabağın və Şərqi Zəngəzurun su resursları daxili mənbələr olduğu üçün bunun xüsusi əhəmiyyəti var. Biz qısa müddət ərzində böyük infrastruktur layihələrini icra etmişik və bu işlər davam etdirilir.”  

    Bu sözləri aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev söyləyib. 
    Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun da iştirak etdiyi tədbirdə dövlətimizin başçısı qeyd edib ki, bir müddət bundan əvvəl Ağdam rayonunda Xaçınçay su anbarının açılışı olmuşdur. Füzuli rayonundakı Köndələnçay su anbarının yaxın gələcəkdə açılışı olacaqdır. Hazırda Zabuxçay su anbarının inşası gedir. Suqovuşan su anbarı demək olar ki, yenidən qurulub və o anbardan çıxan iki kanalın biri artıq tam təmir edilib, ikinci kanal da təmir ediləcək və beləliklə, erməni işğalına görə sudan məhrum olmuş bir neçə rayona artıq su veriləcək. Yeni əkin sahələrinin həcmi 100 min hektara yaxın olacaq. Ona görə mən deyəndə ki, ən azı 500 min hektar torpağa su veriləcək, bunu nəzərdə tuturam. Nəzərə alsaq ki, Azərbaycanda suvarılan əkin sahələrinin həcmi o qədər böyük deyil, bu layihələrin xüsusi əhəmiyyəti var. Qarabağ və Şərqi Zəngəzurda digər böyük suvarma layihələri nəzərdə tutulur. Həkəriçay, Bərgüşadçay su anbarlarının və kanalların inşa edilməsi nəzərdə tutulur. İndi texniki-iqtisadi əsaslandırmalar hazırlanır və hesab edirəm ki, gələn ildən biz bu layihələrin icrasına da başlaya bilərik.
    “Təbii ki, bütün bunlar böyük vəsait tələb edir. Azərbaycan dövləti güclü dövlətdir, öz gücünə, öz imkanlarına arxalanan dövlətdir. Biz Qarabağda və Şərqi Zəngəzurda elə genişmiqyaslı işlər görürük ki, bunun dünyada misli-bərabəri yoxdur. Həm yaşayış evləri, infrastruktur layihələri, suvarma layihələri, dəmir yolları, tunellər, hava limanları – cəmi üç il ərzində görülmüş işlər dövlətimizin gücünü, hökumətimizin və dövlətimizin iradəsini göstərir. Dediyim bu layihələrin hamısı icra ediləcək. Hələ bunlardan başqa bir çox layihələr olacaq ki, sadəcə onlar işin həcmi nöqteyi-nəzərdən daha kiçikdir. Amma hər bir layihənin əhəmiyyəti var və beləliklə, su ehtiyatları məhdud olan Azərbaycan bu sahədə də özünü tam təmin etmiş olacaq.” – deyə cənab prezident İlham Əliyev bildirmişdir.

    Qeyd etmək yerinə düşər ki, Qarabağ və Şərqi Zəngəzurda torpaqlar çox münbitdir, su ehtiyatları çoxdur. Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərində yeni aqrar islahatların aparılması və innovativ texnologiyaların tətbiqi ilə ümidverici nəticələr əldə etmək mümkün olacaq. Tədqiqatlar nəticəsində proqnoz inkişaf dövrü hesab edilən 2025-ci ilə qədər Ağdam rayonunda taxıl istehsalının 86,6 min tona çatdırılması gözlənilir. Çünki rayonda torpaqlar çox münbitdir və Ağdam Azərbaycanın ən günəşli bölgələrindən hesab olunur. Əkinçilik bir də su mənbələrindən asılıdır. Rayonun bir hissəsi Suqovuşan su anbarından gələn suyun hesabına suvarılır. Əsas su mənbəyi isə, təxminən 23 milyon kubmetrlik iritutumlu Xaçınçay su anbarıdır. Bu mövsümdə havaların yağıntılı keçməsi nəticəsində Xaçınçay su anbarına nəzərdə tutulduğundan artıq su yığılıb. Anbardakı suatan qurğu vasitəsilə artıq su mövcud kanallara buraxılır və rayonun aşağı hissəsində əkinçilər bol sudan istifadə edirlər. Artıq həmin yerlərdə subartezian quyularına ehtiyac qalmır. Bundan başqa, Ağdamda 10-50 hektar sahədə 200 müasir fermer təsərrüfatı yaradılması nəzərdə tutulub. Dövlət torpaqlarının qalan hissəsində 50-100 hektar sahədə 50 müasir təsərrüfat yaradılacaq. Yeri gəlmişkən, artıq Ağdamda iqtisadi aktivlik nəzərə çarpır. İşğaldan azad edilən ərazilərdə ilk iri müəssisələr əkin sahələrinin boş qalmaması üçün səpin işləri aparır və məhsul istehsal edirlər.
    İşğaldan əvvəl Zəngilan rayonunun əhalisi əsasən kənd təsərrüfatı ilə məşğul olub. Ərazisindən axan çayların bolsulu olmasına görə sakinləri həm birillik, həm də çoxillik bitkilər əkirdilər. Yayı isti, qışı mülayim olan rayonda əsasən taxılçılıq, heyvandarlıq, üzümçülük daha çox inkişaf etmişdi. Mütəxəssislərin qənaətinə görə, rayonun işğaldan azad edilən ərazilərində əmək, torpaq, iqlim və su resursları ilə dəfələrlə çox məhsul istehsal etmək mümkün olacaqdır. Nəzərə alsaq ki, müasir dövrdə kənd təsərrüfatının bütün sahələrində tətbiq edilən müasir yanaşma ilə ciddi inkişaf əldə olunur və Zəngilanda da əkinçiliyin inkişaf etdirilməsi üçün ən müasir texnologiyalardan istifadə ediləcək. Artıq bu istiqamətdə işlər uğurla davam etdirilir. Eyni zamanda, bitkiçilikdə daha məhsuldar toxumların tətbiqi ilə işğaldan əvvəl olan istehsal həcmində ciddi artım əldə etmək mümkündür. Zəngilan rayonunun kənd təsərrüfatı məhsulları üzrə potensial istehsal imkanları və ölkə üzrə həmin istehsalın artırılmasındakı payı (buğda) 0,14 faiz artacaqdır.
    İşğaldan azad edilmiş rayonların arasında əhalinin sayına görə Füzuli Ağdamdan sonra ikinci ən böyük rayondur. Ərazi baxımından Qarabağ iqtisadi rayonunun tərkibinə daxildir. Rayon əhalisi əsasən kənd yerlərində məskunlaşmışdı və əsas məşğuliyyəti isə kənd təsərrüfatı idi. Füzuli rayonunun iqlimi şimal hissədə yayı quraq keçən mülayim-isti yarımsəhra və quru-çöl, qərb hissədə yayı quraq keçən mülayim-isti olması ilə səciyyələnir. Qarabağ iqtisadi rayonunda ən çox suvarılan torpaqlar Ağdamdan sonra Füzuli rayonundadır. Rayonun ərazisi əsasən Araz, Köndələnçay, Şapartı, Quruçay və Qozluçay çayları ilə suvarılır. Lakin bununla belə, əkin dövriyyəsinə cəlb edilən azad ərazilərin suvarılması üçün yeni potensial da yaranıb. Belə ki, Köndələnçay su anbarlarının işğaldan azad edilən ərazilərdə əkin torpaqlarının suvarılması üçün istifadə edilməsi nəticəsində rayonda kənd təsərrüfatının inkişafına çox yüksək töhfə verəcəkdir.
    Füzuli rayonunda 1980-ci ilin əkin sahələrinin strukturuna nəzər saldıqda taxıl sahələrinin (77.4%) daha geniş əraziləri əhatə etdiyi müşahidə olunur. Göründüyü kimi, işğaldan öncəki dövr ərzində (1980-1988) rayonda taxıl istehsalında 2.2 dəfəyədək artım müşahidə olunub. Daha doğrusu, 1980-1988-ci illər ərzində Füzuli rayonunda taxıl istehsalı ölkə üzrə istehsalın 2.3 faizini təşkil edib. Bu il rayonda 118.1 min ton taxıl istehsal olunub. Taxıl istehsalında Füzuli rayonu potensial imkanlara malikdir. Mütəxəssislərin qənaətinə görə, Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində yeni aqrar islahatların aparılması və innovativ texnologiyaların tətbiqi ilə ümidverici nəticələr əldə etmək mümkün olacaq. Tədqiqatlar nəticəsində proqnoz inkişaf dövrü hesab edilən 2025-ci ilə qədər Füzuli rayonunda taxıl istehsalının 130.4 min tona, yəni ölkə üzrə ümumi taxıl istehsalında 3,1 faizlik artım gözlənilir. Cəbrayıl, Qubadlı, Laçın, Kəlbəcər, Xocavənd rayonlarında da əkinəyararlı torpaq sahələri var. Bir sözlə, Qarabağ və Şərqi Zəngəzur ərzaqlıq buğda istehsalında çox böyük aqrar potensiala malikdir.
    Rusif Kərimov,
    Viləşçay Su Anbarı İstismarı İdarəsi ərazi partiya təşkilatının sədri


    PAYLAŞ:

    Oxşar xəbərlər