Aasiya.az xəbər verir ki, bu barədə "Report”a R.Musayevin yaxınları məlumat verib.
Bildirilib ki, Azərbaycan Silahlı Qüvvələrinin mayoru R.Musayevin noyabrın 19-da oğlu dünyaya gəlib:
"Körpənin səhhəti yaxşıdır. Bu barədə işğaldan azad edilən ərazilərimizdə xidmət edən atasına məlumat veriləndə çox sevindi. Hələ ki körpəyə ad verilməyib”.
Qeyd edək ki, Müdafiə Nazirliyinin oktyabrın 4-də yaydığı məlumata görə, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb. Azərbaycan Bayrağını posta Azərbaycan Silahlı Qüvvələrinin mayoru Rauf Musayev sancıb.
Xatırladaq ki, R.Musayev 1985-ci il mart ayının 11-də Ağstafa rayonunun Poylu kəndində anadan olub. Siracəddin Məmmədov adına Poylu kənd orta məktəbini bitirdikdən sonra o, 2002-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2006-ci ildə hərbi məktəbi əla qiymətlərlə bitirib, ilk hərbi rütbəsini alaraq Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində dinləyici olub. 2007-ci ildən etibarən Azərbaycan Ordusunun "N” saylı hərbi hissəsində xidmətə başlayıb, müxtəlif istiqamətlərdə xidmət aparıb.
R.Musayev 2016-cı ilin aprelində cəbhənin Talış istiqamətində gedən döyüşlərdə də iştirak edib. O, Mübariz İbrahimovun xidmət etdiyi postdan düşmən üzərinə gedib və döyüşdə yaralanıb. Sağaldıqdan sonra isə yenidən xidmətə başlayıb.