“Elim mənim, yurdum mənim” müsabiqəsi niyə baş tutmadı – SƏBƏBLƏR (FİLMLƏR)

“Elim mənim, yurdum mənim” müsabiqəsi niyə baş tutmadı – SƏBƏBLƏR (FİLMLƏR)
  • Araşdırma / Cəmiyyət / Asiya TV

  • Bu ilin sentyabr ayının 21-də Masallı rayonunun tarixini dərindən öyrənmək, Masallının tanınmışlarını daha geniş təbliğ etmək üçün Masallı Təhsil Fondu və cənub xəbərTV birlikdə “Elim mənim, yurdum mənim” adlı müsabiqə elan etmişdi.

    Müsabiqənin şərtləri barədə “cenub.az” xəbər portalında “cənubxəbərtv”-nin redaktoru Zahir Əmənovun Masallı Təhsil Fondunun təmsilçisi Araz Şahverdiyevlə geniş müsahibəsi dərc edilmişdi. (“Elim mənim, yurdum mənim” – müsabiqəsinin mükafat fondu 2 dəfə artırıldı- 1-ci mükafat 600 manat)

    Müsabiqə oktyabr ayının 31-də baş çatmalı, mükafatlar və diplomlar isə 9 noyabr – Azərbaycanın Dövlət Bayrağının bayramı ərəfəsində təqdim edilməli idi.

    Bu müsabiqə şəxsən mənə çox maraqlı gəldi. Masallı Təhsil Fondunun rəhbərliyi, eləcə də müsabiqəyə birbaşa nəzarət edən millət vəkili Məşhur Məmmədov müsabiqənin şəffaflığına təminat verdiyi üçün müsabiqəyə qoşulmaq qərarına gəldim.

    Qısa zamanda rayonun istedadlı operatorları – Elsevər ƏliyevFaiq Mirzə ilə birlikdə Masal production adlı qrup yaradıb, fəaliyyətə başladıq. Çox böyük zəhmət hesabına, müsabiqənin başa çatmasına 1 gün qalmış, biz Masallı Təhsil Fonduna “Ərkivan qəsəbəsi”, “İsi kəndi”, “Viləş kəndi” və “Öncəqala kəndi” adlı 4 film təqdim etdik.

    “Cenub.az” saytının 2 noyabr tarixli, “Diqqət! Müsabiqənin vaxtı uzadıldı” elanında Vətən Müharibəsinin başlanması, internetə çıxışa, dronla çəkilişə məhdudiyyət qoyulması, eləcə də təqdim olunan video-çarxların sayının kifayət qədər olmaması səbəbindən müsabiqənin vaxtı bu il dekabr ayının 31-dək uzadıldığı yazılırdı...

    Həmin elandan bir həftə sonra Azərbaycanın müzəffər Ordusu düşmənə qalib gəldi. İnternet bərpa edildi, dron çəkilişlərinə olunan qadağalar və digər məhdudiyyətlər aradan qaldırıldı.
    Amma, biz səbrli olarq, elanda yazılan sonuncu müddətin bitməsini gözlədik.

    Həmin müddət bitməmiş müsabiqə təşkilatçılarına yaxın olan şəxslər mənə bildirirdilər ki, bekara gözləyirsiz. “Zahir Əmənov heç zaman sizin çəkdiyiniz filmin müsabiqədə qalib olmasına imkan verməyəcək. O, bu müsabiqənin dağılmasına razı olar, amma sizin qalib olmananıza YOX”.

    Sonradan öyrəndim ki, müsabiqənin 2 ay uzadılmasının əsas səbəbi də müharibə üçün yox, cənubTV-nin operatoru Vadim Mirzeyevin müharibədən qayıtması üçün imiş.

    Məlumatıma görə Vadim müharibəyə getməmişdən öncə Zahir Əmənovla birlikdə Ərkivan qəsəbəsi haqqında nə isə çəkiblərmiş. Bizim təqdim etdiyimiz filmlərin yanında həmin film zəif olduğu üçün Zahir Əmənov o filmi müsabiqəyə təqdim etməyib.


    Nə isə, vaxt-vədə tamam oldu. 1 yanvar 2021-ci ildə “Cenub.az”-ın növbəti məqaləsini xırda ixtisarlarla təqdim edirəm:
    (“Elim mənim, yurdum mənim” müsabiqəsi ilə bağlı)

    “...Oktyabrın sonuna kimi təşkilat komitəsinə cəmi 6 video-çarx təqdim edildi. Bunlardan da 4-nü eyni komanda “Masal production” təqdim etmişdi (Ərkivan qəsəbəsi, Öncəqala kəndi, Viləş kəndi və İsi kəndləri haqqında), digər 2 video-çarx isə Masallı şəhəri (Ceyhun Hüseynov) və Qasımlı kəndi (Mehdi Fəyyazlı) barədə idi. Daha 1 video-çarx isə, Hacıtəpə kəndi (Alzaman Baxış) haqqında dekabr ayının ortalarında təqdim olundu...

    ...Bizə video-çarx təqdim edənlərin məsuliyyətini, zəhmətlərini, rayonumuzun tariximizə məhəbbətini, hətta maddi xərclərini başa düşürük.
    Lakin hər güclü istər ki, daha güclü rəqabət şəraitində qalib olsun. Bəzi məşhur futbolçular boş qapıya qol vurmağı özlərinə yaraşdırmayıblar. Necə deyərlər, 4 video-çarxın eyni komanda tərəfində təqdimi, rayonun 100-dən artıq ərazisinin heç 10 faizinin əhatə olunmaması belə mənzərə yaradır ki, kimsə özü-özünə qalib gəlir.
    Çox az video çarxın təqdim olunması isə həmin video çarxı təqdim edənlərin günahı deyil.

    ...Bu gerçəkləri nəzərə alıb müsabiqəni baş tutmamış hesab etdik. Bu məqam müsabiqənin sponsorları, təşkilatçıları ilə tam razılaşdırılıb. Lakin video-çarx təqdim edən qrupların zəhmətin, texniki xərclərini nəzərə alıb hər bir video üçün 100 manat pul ayrılmışdır.
    Ayrılmış vəsaiti 2021-ci il yanvarın 5-dən sonra Masallıdakı Sənaye məhəlləsində, Təhsil Fondunun ofisindən ala bilər, yaxud ödəniş kartlarının surətini göndərib, pulu həmin kartlara köçürtdürə bilərlər...”


    Necə deyərlər, bu yazıda artıq xoruzun quyruğu görsəndi. Müsabiqə barədə gəzən şayələr öz təsdiqini tapırdı. Cavabı verilməyən suallar isə çoxdur.
    Əgər 6-7 filmlə müsabiqə baş tutmayacaqdısa niyə bu məlumat əvvəlcədən müsabiqənin şərtlərində qeyd edilməmişdi?
    Axı bu bizim günahımız deyil ki, müsabiqəyə qoşulanların sayı az oldu. Belə görsənir ki, rayonda bizdən savayı istedadına güvənən operator, rejissor, ssenarist, jurnalist yoxdur!

    Biz karantin günlərində heç bir maliyəmiz, dəstəyimiz olmadan çox çətinliklə bu filmləri ərsəyə gətirdik.
    Video-çarx təqdim edən qrupların zəhmətin, texniki xərclərini nəzərə alıb hər bir video üçün 100 manat pul vermək istəyirlər. Bu pulu gördüyümüz işə, şəxsimizə təhqir saydığımız üçün qəbul etmirik. Biz müsabiqənin keçirilməsini tələb edirik. Əgər filmlərimiz 1-ci, 2-ci, 3-cü yerlərə layiq deyilsə bizə sizin pulunuz lazım deyil.

    Əslində, lap əvvəl gündən müsabiqənin ədalətsiz sona çatacağını güman edirdik.

    Bu səbəbdəndir ki, müsabiqənin təşkilatçılarından olan Masallı Təhsil Fondunun direktoru Hüseyn Hüseynovla, fondun əməkdaşı Araz Şahverdiyevlə, müsabiqəyə birbaşa nəzarət edən millət vəkili Məşhur Məmmədovla dəfələrlə söhbət etdik.

    Onlar da, nə olursa olsun, müsabiqənin baş tutacağına, şəffaflığın qorunacağına, təqdim edilən filmlərə münsiflər heyəti tərəfindən ədaləti qiymət veriləcəyinə söz verdikləri üçün bu müsabiqəyə qoşulmuşduq.
    Sadəcə təəssüf edirik!
    Cəfər Cəfərov

    “Masal production”-ın müsabiqəyə təqdim etdiyi filmlər:



    PAYLAŞ:

    Oxşar xəbərlər